|
Bildiyiniz kimi, qarşıdan məhərrəm ayı gəlir. Bu ayda möminlərin qəlbi qəm libası geyinir. Bu qəmə səbəb İmam Hüseynin (ə) şəhadətidir. Bu şəhadət dinə sütun olduğu kimi, onu yaşatmaq da dinə dayaqdır. Əzadarlıq mərasimlərinin bərpası və bu mərasimlərin bəzi bidətlərdən paklanması hər insanın öhdəsində olan vəzifədir. İmam Hüseynə (ə) əza saxlamaq dövrümüzün pis insanlarını narahat edir. Onlar bizim əzadarlıqları süstləşdirmək üçün müəyyən yollar axtarırlar. Bu yollardan biri bizim əza məclislərində olan iradların şişirdilməsidir. Düzdür ki, əzadarlıq məclislərində xurafatlarla rastlaşmaq olur. Bu xurafatlara misal olaraq baş yarmaq, yalan rövzələr və digər faktları sadalamaq olar. Günümüzdə bəzi firqələr tərəfindən bizə yersiz ittihamlar olur. Bu ittihamların sırasında ən haqsızı Əhli-beytə (ə) axan göz yaşlarına yönəlib. Düşmənlərimiz ya cahilliklərindən, ya da hansısa mənafelərinə görə, Allah övliyalarının başına gələn müsibətlərə göz yaşı axıtmağımızı əbəs iş sayırlar. Amma öz əzizləri sadə əcəllə dünyadan köçərsə belə, əzizləri üçün ağlayır, əza saxlayırlar. Bu insanlar başa düşməlidirlər ki, onlar öz əzizləri üçün ağlayırsa, biz də öz əzizlərimiz üçün ağlayıb əza saxlamaq haqqına malikik. Sadəcə, bu məsələdə onlarla bizim aramızda bir fərq var ki, bizim əzizlərimiz onlarınkından sayca çox, dəyər baxımından üstündürlər. Biz bütün Allah övliyalarını özümüzə əziz bilirik. Bunun üçün də, onların başına gələn müsibətləri eşidəndə özümüzdən asılı olmayaraq göz yaşı axıdırıq. Başqa bir dəlil, ən kamil insan Məhəmməd (s) peyğəmbərin, övladı İbrahim dünyasını dəyişəndə bu itkiyə görə göz yaşı axıtmasıdır. Nə üçün göz yaşı? İnsan dəyərli nə isə itirsə narahat olur. Narahatlığın dərəcələri var. Onun ən üstün dərəcələrindən biri qəlbin pərişan olmasıdır. Bu pərişanlıq qəlbdən gözlər vasitəsi ilə izhar olunur. Göz yaşları insanın nə dərəcədə təsirləndiyinin göstəricisidir. İmam Hüseyn (ə) elə bir dəyərə malikdir ki, uzun illər ötməsinə baxmayaraq, bəşər bu kamil insanı itirdiyi üçün, onun başına gələn müsibətlər üçün bu gün də göz yaşı axıdır. Sular içində bu göz yaşı kimi qiymətlisi varmı?! Qayıdaq öndə qeyd olunan nöqtəyə. Bu ittihamların başqa bir cəhəti isə siyasidir. Allah övliyalarının, məxsusən İmam Hüseynin (ə) şəhid olması, onların zalım hakimlərə qarşı çıxmasına görədir. Bu gün dünyada zülm edənlər bilirlər ki, İmam Hüseynin (ə) əza mərasimi səbəb olur ki, insanlar o həzrətin həyatından ibrət alsın. Bu ibrətlər sonda zalımlar üçün təhlükəyə çevrilir. Məhz buna görə, bütün zalımlar İmam Hüseyn məktəbi ilə mübarizə aparır və çalışırlar ki, bu məktəbi tədricən yox etsinlər. Əziz oxucuların diqqətinə çatdırırıq ki, biz əza məclisində xurafatların olmasını inkar etmirik. Amma düşmənlərimiz bu kiçik səhvlərimizi olduqca böyük göstərməyə çalışırlar. Biz onların tələsinə düşməyib, öz əza məclislərimizdə olan xırda nöqsanların aradan qalxması üçün əlimizdən gələni əsirgəməməliyik.
Sonda Əhli-beytdən (ə) İmam Hüseyn üçün axan göz yaşlarının dəyəri barəsində bir necə hədisi diqqətinizə çatdırırıq: İmam Sadiq (ə) buyurur: “Hüseyn (ə) hər möminin süzülən göz yaşıdır” (Biharul-ənvar, c 44, s. 280). İmam Hüseyn (ə) buyurub: “...Məni xatırlayan mömin ağlamaya bilməz” (Kamiluz-ziyarət, s. 109). Həzrət peyğəmbər (s) buyurur: “Hüseynin (ə) müsibətinə ağlayan gözdən başqa bütün gözlər qiyamət günü ağlayacaq. (Hüseynə (ə) ağlayan) gözlər qiyamət günü şad və xürrəmdir” (Biharul-ənvar, s. 293).
Əşrəf Eyvazlı
 |