Əsgər çəkməsinin naxışları PDF Print E-mailiniz
Şənbə, 01 Avqust 2009 18:38

   Son vaxtlar Azərbaycan ordusunda baş verən qətl hadisələri həmvətənləri olduqca narahat edir. Bu narahatçılığı daxilində saxlayıb hansısa şəkildə etirazını bildirməyənlər sözsüz ki, özünə laqeyd. Çünki bu ordu bizi qorumaq üçün yaradılmış bir ordudur.

   Sözü gedən qətl hadisələrini gücümüz həddində təhlil edib bəzi nöqtələri işıqlandırmağa çalışacağıq. Əvvəlcə hadisələrlə bağlı konkret bir faktı nəzərinizə çatdıraq. “Bizim Yol” qəzetindən əldə etdiyimiz məlumatda bilidirilir ki, Gəncə şəhər Kəpəz rayon hərbi komissarlığından həqiqi hərbi xidmətə çağrılmış Emin Rəhimov və daha bir əsgər 8 zabit və gizirə atəş açıb. Hadisə zamanı ölənlərdən biri mayor rütbəli tağım komandiridir. Mənbə olayla bağlı Hərbi Prokurorluq və Müdafiə Nazirliyinin xüsusi qrupunun araşdırma apardığını yazır.

   Artıq qətliamı törədən əsgərlər həbs edilib. Bu barədə əlavə olaraq “Qaynar.info” saytından əldə etdiyimiz məlumata əsasən, zabitlərə atəş açan əsgərlər törətdikləri əmələ görə haubvaxta aparılmalıymış.

   Əsgər həyatı olduqca çətin və şərəfli bir həyatdır. Xüsusən Azərbaycanda bu həyatın acı və şirinlikləri qabarıqdır. Acı günlərdən danışmayaq. Çünki oların sayı çox, barmaqlarımız isə azdır. Şirin günlər isə olduqca az olduğundan onları sadalamaq mümkün. Bu günlərdən biri and içmə günüdür. Nədən şirindir, dəqiq bilmirəm. Bəlkə də valideyinlər öz övladları ilə görüşə gəldiyindən, yaxud onlara insan qidası gətirdiyindən! Pis mənada başa düşməyin. Hərbi xidmətdə verilən xörəklərin bəzisini toyuqlar yediyindən belə yazdım. Öz aramızdı, indiki zəmanədə bir ailəni saxlamaq olmur. Onda qalmış minlərlə əsgəri yedirib içirəsən. Buna görə əsgərə daşdan yumşaq nə var verilir. Mən özüm hərbi xidmətdə olanda yarma adlı bir yemək verilərdi. Yarma deyəndə rəngli, yağlı nəsə təsəvvür etməyin. Elə sadəcə buğda yarması təsəvvür etsəniz bəs edər. Nəsə öz dərdim açıldı! Amma bu söhbət qalsın başqa bir vaxta.

   Bundan əlavə, ən sevimli günlərdən biri məzuniyyət günüdür. Başqa sevimli gün ölkə başçısının imzaladığı tərxis fərmanının hərbi hissədə elan olunduğu gün. Hərbi xidmətin başa çatdığı günün başqa zövq-səfası var. Bu sevinclər adidir. Hər bir insan öz ailəsinə dönən gün ( buraxılış günü) sözsüz ki, belə sevinc yaşayır. Təbii ki, insan ata-anası, bacı-qardaşı ilə qovuşacağı gün ürəkdən şad olmalıdır. Amma maraqlı bir nöqtə var: biz Allahın  bəxş etdiyi nemətlər içində ən gözəli olan ağlımızdan istifadə etsək, həmin ayrılıqların ağrısı və digər problemlər azalar. Görən bakılını Gəncədə, gəncəlini Masallıda, lənkaranlını Qusarda hərbi xidmətə vadar edən qanun düzdürmü?! Hər bir əsgər öz şəhərində qulluq etsə pis olarmı?! Məgər hərə öz ata-anasını ayda bir dəfə görsə, öz evinə, qohum-əqrəbasına yaxın olsa, valideyinlər övladlarını görmək üçün uzun yollar getməsə, əsgərlər evləri ilə normal rabitədə olsa, zabitin qanunsuz rəftarını əsgər valideyninə bildirsə və valideyin də qanun çərçivəsində işə qatılsa, bu zərərli olar? Hər bir insan sözsüz ki, bu təkliflərlə razılaşar. İstəməyənlər bu vətənin xeyirxahı deyil.

   Ey kaş əsgərlərə milyonlarla pul xərclənməyəydi. Əvəzində hərbi xidmət peşə olaydı. Sözsüz belə olsaydı, vətəndalar da ordunun maaşını təmin etmək üçün dövlət büdcəsinə hansısa məbləği ödəyərdi. Onsuz da dövlət bir əsgərə hərbi xidmət müddətində küllü miqdarda pul xərcələyir. Bəzi vicdansızlar bu pullardan sui-istifadə də edir. Bütün bu problemlərin əvəzində hərbi xidmət peşə halını alsaydı, çox əlverişli olardı. Həm dövlətin bir əsgərə xərci azalardı, həm də valideyinlərin öz övladlarının xidməti əvəzində ödədiyi məbləğ vətənə qulluğu peşə kimi seçənləri tam təmin edərdi. Əlavə xeyir bu olardı ki, ölkəmizdə külli miqdarda iş yeri  açılardı. Cavanlarımıza isə orta məktəbdə silahla davranmaq kamil öyrədilərdi. Əgər belə olsaydı, sözsüz ki, axan qanların qarşısı alınardı.

   Bundan da mühümü insanların bir-birlərinə qardaş olmasıdır. Sülh-səfa dünyanı ağuşuna alsaydı, qan tökülməsəydi, ordu nəyə gərəkdi?! 

   Amma nə qədər ki, dünyada erməni qaniçənləri, sionist cəlladları var, bizlərə ordu lazımdır!

   Hal-hazırda isə mövcud vəziyyətdə intihar və qətllərin qarşısını almaq üçün hərbi hissələrdə videokameralar quraşdırılmalıdır. Kameralar günün müəyyən saatı qəfildən işə düşüb davranışları lentə almalıdır. Lentlər dövlətə sadiq bir qrum tərəfindən yoxlanılmalı və hər hansı bir pozuntu araşdırılmalıdır. Əgər kameralar quraşdırılarsa, sözsüz nə əsgərlər, nə də zabitlər qanun pozuntusuna yol verməyəsidir.

   İndi isə yuxarıdakı faciəli hadisədən bir sıra nöqtəni diqqətinizə çatdırıb, bir-iki sualı cavablandıracayıq:

   1. Nə üçün adətən əsgər əsgəri və ya zabit zabiti yox, əsgər zabiti və ya zabit əsgəri öldürür?

   Bu  nöqtədən məlum olur ki, əsgərlər əsgərlərlə, zabitlər də zabitlərlə yola gedir. Bu iki qrup bir-birinə qarşı pis münasibətdədir. Gərək müvafiq orqanlar bu nöqtəni nəzərə alsınlar. Nəzərə alsınlar ki, zabit əsgəri nahaq yerə incidirsə, ondan rüşvət, telefon konturu tələb edirsə, əsgər çıxılmaz vəziyyətdə qalır. O acizdir. Qanun əsgəri zabitin tabeçiliyinə verdiyindən əsgər zabitin qanunsuz təkliflərinə məhəl qoymadıqda rəis də onu qanunla incidir. Məsələn, əgər  əsgər cəsarət nümayiş etdirib zabitin qanunsuz təklifini qəbul etməzsə zabit də onu ən ağır xidmətə göndərər.

   Əsgər həyatında bəzi xoşagəlməz əsgər qanunlarının olduğu kimsəyə sirr deyil. Bu qanunlara əsasən hərbi xidmətdə bir sıra işlər əskiklik sayılır. Ayaq yolu yumaq, buna misal ola bilər. Zabitin qanuna müvafiq olmayan təklifi ilə razılaşmayan əsgər, bəzi vaxtlar zabitin özü tərəfindən həmin əskik işlər üçün seçilir. Nəticədə əsgər və zabit arasında düşmənçilik yaranır. Bu düşmənçilik sonda bizim, Azərbaycanımızın zərərinə bitir. Əsgərin zabit qarşısında hüququnun azlığını, yaşda zabitdən olduqca kiçin olmasını, necə dəyərlər hansısa mənada acizliyini bu problemin həllində nəzərdən qaçırmaq yolverilməzdir.

   2. Başqa bir nöqtə: Yuxarıdakı məlumatda qeyd olunub ki,  zabitlərə atəş açan əsgərlər törtədikləri əmələ görə haubvaxta aparılmalıymış. Maraqlıdır ki, nə üçün əsgərlər  haubvaxtda deyil?

   Bu xəbərdə qanuna uyğun gəlməyən incə nöqtələr var. Deyilir ki, əsgər haubvaxta aparılmalıymış. Amma onlar azadlıqda olduqları vaxt bu qətlləri törədiblər. Həbsə gedəsi əsgər məgər sərhəd, ya gözətçi xidmətinə gedə bilərmi? Sözsüz ki, yox! Əyər haubvaxta aparılası əsgər xidmətə gedə biməzsə, silah haradan onun əlinə keçib?

   Adətən zabitlər uzun illər bir-birləri ilə əlaqədə olduğundan, onların arasında sıx dostluq rabitəsi yaranır. Nəzərə almaq lazımdır ki, əsgərlər qısa müddətdə səmimi dostluq yarada bilmir. Onların dostluğu zabitlərlə müqayisədə yox dərəcəsindədir. Bəzi vaxtlar əsgərlər arasında bir-birinə qarşı sərt (zabitlərin diqqətsizliyindən) münasibət də olur. Amma bu sərt münasibətlərdə demək olar ki, ölüm faktı çox az gözə çarpır. Amma zabitlər arasında bu fakt yox dərəcəsindədir.

   Qeyd olunmuş faktda bildirilir ki, əsgərlər haubvaxta aparılmalıymış. Bu da mümkündür ki, öldürülən zabitlərdə heç bir günah olmayıb. Qətli törədən əsgərlər pis əsgər olub. Onlar bu qətllərdən əvvəl də törətdikləri qanunsuzluqlara görə elə həbs olunası imişlər! Bu bir növ qətli törədən əsgərləri  günahkar, oldürülən zabitləri günahsız göstərmək cəhdir. Hər bir normal insan  anlayır ki, əsgərlər çox pis iş görüb. Amma bu pisliyin köklərini məsul zabitlərdə axtarmaq lazımdır. Zabitlərin əlində olan ixtiyardan sui-istifadəsi isə qəti yolverilməzdir.

   Ümüd edirik ki, müvafiq orqanlar təkcə əsgərləri yox, onları bu həddə gətirib çatdıran zabitləri də cəzalandıracaq. Ümid edrik!

Baxış sayı: 2826
Şərhlər (0)Add Comment

Şərh yazın
Kiçilt | Böyüt
security code


busy