Pak Allah və aləmdəki şər PDF Print E-mailiniz
Bazar, 09 Avqust 2009 01:56
    Allah-taalanın pak olmasıyla yanaşı aləmdə şər qüvvə və hadisələrin də mövcud olması insanı çox düşündürür. Maraqlıdır ki, müqəddəs İslam dininə əsasən Allah bütün çirkinliklərdən pakdırsa, aləmdəki çirkinliklər haradandır?
    Şər mövzusu İslamda iki yöndən araşdırılır: birincisi tövhid, ikincisi isə ədalət.
    1. Tövhid baxımından, əgər Allah bütün çirkinliklərdən pakdırsa, aləmdəki şər və cirkinlikləri yaradan şər allahıdamı var? Yoxsa hər şeyin sahibi bir olan Allahdır?
    Təbii ki, xeyir və şər allahlarının mövcudlugu əsassızdır. Allahın bir olmasına kifayət qədər dəlil var. Mövzumuz bizi bir neçə dəlili yada salmağa məcbur edir. Aləmdə gördüyümüz nizam-intizam Allahın, yaradanın birliyinə böyük bir dəlildir. Əks halda, yəni Allah iki və ya daha çox olsaydı, bu nizam pozulardı. Yəni hər Allah insanlara və sair yaranmışlara öz qanununu bəyan edərdi. Bir Allah günəşə bir əmr, digəri isə başqa bir əmr verərdi. Məsələn, biri əmr edərdi ki, “ey günəş, sən isti yox, sərin ver”. Başqa biri alova deyərdi ki, “sən heç nəyi yandırma, yananları söndür”. Müxtəlif allahlar biri digərinin verdiyi hökmün əksinə hökm verəndə isə nizam-intizam pozulardı. Ancaq biz bu dünyada zərrəcə nizamsızlıq tapa bilmirik və tapa bilməyəcəyik də! Bu movzu uzun illərdir ki, sübut olunur. İnsanın elmi artdıqca aləmdəki nizamın dəqiqliyi baxımından nizam verənin birliyi daha böyük dəlillərlə təsdiqlənir.
    Başqa bir cavab da budur ki, əgər Allah iki və ya daha çox olsaydı, hər peyğəmbər deyərdi ki, filan Allaha yox, mənim Allahıma ibadət edin. Ancaq bütün göndərilən peyğəmbərlər insanları bir olan Allaha pərəstişə dəvət edib. Yaxud da hər bir səmavi kitab öz Allahını tərifləyərdi. Ancaq müşahidə edirik ki, hər bir səmavi kitab bizə başqa allahlardan yox, batini insanlıqdan, cirkin işləri tərk etməkdən və sair mənəvi dəyərlərdən danışır; xüsusilə bütün əvvəlki kitabları təsdiqləyərək bizləri namaza və xeyir əmələ səsləyən Qurani-kərim! Səmavi kitabların əsrlər boyu bütün insanları vahid inanca dəvəti, (mənəvi aləmə) kitabların müştərək məqsədlə gəlişi kitab müəllifinin yeganəliyinin göstəricisidir.
    2. Aləmdəki şər hadisələr səbəb olur ki, bəzi insanlar Allahın ədalətsiz olduğunu düşünür. “Əgər zəlzələ bir çox insanların ölümünə səbəb olursa, onda bu, ədalətsizlikdir. Ədalətsizlik, yəni zalımlıq da çirkinlikdir. Məgər Allah pak deyilmi?”
    Bu suala əqli dəlillərlə cavab verəcəyik. Əvvəlcə araşdıraq ki, şər nədir? Şər insanların əksər hissəsinin xoşlamadığı hadisədir. Şərin əksi xeyirdir. Biz insanlar bir işi xoşlayanda o işə xeyirli iş deyirik. Ancaq hər hansı iş bizdə narahatçılıq yaratsa, onu pis, xoşagəlməz hesab edirik.
    Bir məsəl: Təsəvvür edin ki, yaxşı bir dostunuz sizi öz toyuna dəvət edib. Siz uzun müddət dostunuzun toyuna hazırlaşır və nəhayət yola düşürsüz. Şadlıq sarayına catırsız. Məclisə daxil olur və görürsünüz maşallah, bir məclis gedir ki, gəl görəsən. Bəyin atası, qardaşları, dostları və bütün dindar qardaşlar məclisdədirlər. Yəni məclisimiz yaxşıdır, gözəldir, iki cavan ailə qurur. Bəyin ata-anası arzusuna catır, oğul evləndirirlər. Və başqa gözəlliklər və yaxşılıqlar. Həmin məclisin gözəl vaxtında bir bəd xəbər gəlir. Bu xəbər məclisi alt-üst edir. Sanki hamı qəm dəryasına qərq olur. Bu cür xeyir-bərəkətli bir məclis dünyanın ən qəmli yasxanasına çevrilir. Bu xəbər nədir? Nə oldu ki, məclisimizi şər ağuşuna aldı? Bir dəqiqə bundan qabaq məclis əhli şad, qəmsiz, sevincək, gözəl saatlar keçirirdi. Axı nə oldu? Qız evindən belə bir xəbər gəlib ki, gəlin beş dəqiqə bundan qabaq həyətə düşdü və yoxa çıxdı. Bu boyda biabırçılıqmı olar? Qız evi oglan evinə nə cavab verəcək? Oglan evi camaata nə deyəcək? Bu qədər dost-tanış! Axı toy günü də həyat yoldaşı yoxa cıxar?! Bundan da şər iş olarmı? Bir dəqiqə sonra yenidən aləm bir-birinə dəyir. Bu dəfə müsbət mənada. Yenidən məclis canlanır. Hamının kefi açılır. Əhval-ruhiyyə dəyişir. Şadlıq, sevinc məclisi ələ alır. Qabaqkı bütün gözəlliklər yerinə qayıdır. Pis hadisənin yaratdığı qəm-qüssə aradan qalxır. Sual meydana çıxır ki, axı nə oldu? Heç nə olmadı, sadəcə gəlin tapıldı. Gəlin öz otağında imiş. Burada çox diqqətli olaq: Hansı səbəbdən bizim məclisimiz gözəl idi? Bu səbəbdən məclis gözəl idi ki, hər şey öz yerində idi. Yaxşı, bəs nə səbəb oldu ki, məclis qəm dəryasına qərq oldu? Gəlin itdi. Bəs hansı səbəbdən məclis yenə əvvəlki gözəl vəziyyətinə qayıtdı? Gəlin tapıldı.
    Nəticə: Əslində bizim toy məclisimizdə hər şey öz qaydasında idi. Sadəcə, gəlinin beş dəqiqə yoxluğu məclisin qəmə batmasına səbəb oldu. Sonra gəlinin tapılması baş vermiş xoşagəlməz hadisəni aradan qaldırdı. Sual meydana çıxır ki, şər bizim toy məclisinə haradan daxil oldu? Cavab budur ki, gəlinin yoxluğundan. Yəni şər ozü varlıq deyil. Şər özü hansısa varlığın yoxluğundan doğulur. Deməli, şər özü varlıq deyil, hansısa varlığın yoxluğudur.
    Başqa bir məsəl çəkək: Deyirlər ki, zəlzələ şərdir. Ancaq bu söz yanlışdır. Bunun üçün ki, zəlzələ vasitəsi ilə yerin alt qatlarında olan təbii sərvətlər üçə çıxır və bütün dünya bunlardan istifadə edir. Belə olan halda bir sıra insanların zəlzələni şər adlandırması nə dərəcədə məntiqə uyğundur? Zəlzələdə zəif tikdikləri evin altında qalıb dünyalarını dəyişən insanlar Allahı yox, özlərini qınamalıdırlar. Onunçün ki, evi ya özü zəif tikib, ya da ata-babası. Ya da evin köhnəldiyini görüb, ancaq yenisini tikmək fikrinə düşməyib. Tutaq ki təzə ev tikməyə pulu yoxdur. Onda yenə də günah pulun yoxlugundadır. Yaxşı sənin ata-baban, ya özün ev tikəndə sementə pul qıymayıbsınızsa, ev zəif olduğu üçün sənin başına uçubsa, zəlzələ nə etsin, Allah nə etsin? Əslində ədalətsiz və zalım sən özünsən və öz günahını başqalarının ayağına yazırsan. Bəzi hadisələrin səbəbi isə günahlardır. İnsan ədalətsizlik edir, kiminsə haqqın yeyir. Nəticədə hansısa bəla onu yaxalayırsa, bu da yoxluqdandır. Əgər insan ədalət məsələsini unutmasa, Allahın ədalətsizlik müqabilində təyin etdiyi cəzaya da tuş gəlməz. Deməli, bu məsələdə də səbəb ədalətin yoxluğudur.
    Nəticə: Zəlzələ nəticəsində meydana gələn ölüm-itim kimi acı hadisənin də arxasında nəyinsə yoxlugu durur. Sementin müəyyən miqdarının yoxluğu səbəb olur ki, evin kərpicləri bir-birinə yaxşı yapışmasın və ev sahibinin başına uçsun. Meydana gələn şər şərin varlığı yox, sementin bir miqdarının yoxluğudur.
    Allah bütün şərlərdən və nöqsanlardan pakdır. Allahda nə yoxdur ki, onda nöqsan ola? Onda çatışmayan bir şey yoxdur ki, paklığına xələl gələ. O, hər bir işə qadirdir. Ən iti görən gözlər də gecələr görmək qabiliyyətindən məhrum olarkən Allah yarasanı gecənin zülmətində gözsüz pərvaz etdirir. O, bu işləri ilə bizə başa salır ki, hər işə qadirdir. O, bütün qüsur və nöqsanlardan uzaqdır.
ƏŞRƏF EYVAZLI
Baxış sayı: 2559
Şərhlər (0)Add Comment

Şərh yazın
Kiçilt | Böyüt
security code


busy