Böyüklükdən doğan sadəlik PDF Print E-mailiniz
Bazar, 09 Avqust 2009 02:00
    Bəşər tarixinin böyük insanları nədənsə ilkin baxışda çox sadə görünür. Əgər dünyanın müdrik insanlarının həyatında araşdırma aparsaq, deyilənlərə şahid olarıq. Əzəmətli Allah bu cür bəndələri haqqında buyurur: “Rəhmanın (Allahın həqiqi) bəndələri yer üzündə sakit və təvazökarlıqla yol gedən, nadanlar (xoşagəlməz sozlərlə) onlara xitab edən zaman “salam” (xoş və yumşaq söz) deyən kəslərdir” (“Furqan” surəsi, 63-cü ayə).
    Bəli, belə bir insan, doğrudan da, Rəhmanın bəndəsidir. O, təkəbbürlü yox, təvazökardır. O, səbirsiz yox, səbirlidir. Biri ona nalayiq söz deyəndə belə “salam” kimi gözəl sözlə cavab verər.
    Bu məsələ olduqca əhəmiyyətli bir məsələdir. Yuxarıdakı ayədə kamilliklər sadalandı. Bizim dərdimiz isə çox boyük iç dərdi, naqisliklərdir. Elə dərdlər ki, gərək çöldən görünsün. Çöldən görünsün ki, sağlamlıq sorağında olanlar azmasın, xəstələr isə təbib dalınca getsin. Görəsən nə üçün müsəlmanlar, tövhid dininin ardıcılları bu qədər parçalanmışdır? Həzrət Əlinin dövründəki parçalanma ilə bugünkü parçalanmalar arasında bir fərq varmı? Bizim fikrimizcə fərq yoxdur! Əgər həzrət Əlinin dövründəki parçalanmanın səbəbi məqam həvəsi idisə, elə bugünkü parçalanmanın da səbəbi odur. Yaxud da səbəb var-dövlət, nəfsin tüğyanı idisə, yenə də həminkidir. Əlinin (ə) qabağında itaətsizliyin səbəbi təkəbbür idisə, yenə də təkəbbür meydandadır. Səbəb haqqı görəcək gözlərin korluğu idisə, indi korluq daha da şiddətlənmişdir. Axı gözlər indi əvvəlkinə nisbətən daha çox məşğuldur. Axı Əlinin dövründə dünya bu qədər zinətlənməmişdi. Amma indi göz elə aldanıb ki, nəinki haqqı az görür, hətta görsə də onu inkar edir. Allah-taala Qurani-kərimdə buyurur: “Həqiqətən, onlar haqq (Quran və möcüzələr) onlara gələn zaman onu təkzib etdilər. Odur ki, tezliklə, istehza etdikləri şeyin xəbərləri (bu barədə vəd edilmiş cəzalar) onlara yetişəcəkdir” (“Ənam” surəsi, 5-ci ayə). Çox problemlərdən ötəri keçdik. Ancaq məqam həvəsi barədə azca ətraflı danışaq. Çünki bu problem adi fərdlər arasında yox, nisbətən sayılıb-seçilən öncüllər arasında daha çox baş verir. Həzrət Əlinin dövründə adi bir qulun heç ağlına da gəlmirdi ki, Əlinin peyğəmbərdən sonrakı hakimiyyətini qəsb etsin. Axı o, heç nəsiz bir qul idi. Qulun iştahı nə qədər böyük olsa, nəticəyə çatmaq ehtimalı da o qədər azalır. Ancaq bir qövm başçısının, hansısa miqdarda var-dövlət sahibinin Əlinin (ə) məqamına tamah salması müəyyən mənada təhlükəlidir. Əslində təhlükə parçalanma, dinin məhvi, sünnənin itməsi, xülasə, müsəlman cəmiyyətinə zərbə təhlükəsidir. Bu təhlükə hər bir insan üçün var. Bu gün biz adi bir fərdiksə də, diqqətli olmalıyıq ki, içimizdə məqampərəstlik toxumu cücərməsin. Bizdən də ehtiyatlı o mömin qardaşlar olmalıdırlar ki, hansısa səbəblərə görə sayılıb-seçilirlər. Şeytan bizdən çox onların sorağına gedir. Şeytanın bu xəstəliyə yoluxdurduğu məqampərəst istəyir ki, başqa insanlar ona hədsiz hörmət etsin. Kimsə onun sözünü kəsməsin. Heç kəsin sözü onun sözündən üstün olmasın. Məqampərəst insan istəyir ki, heç kəsdən arxada qalmasın. Başqalarının müvəffəqiyyəti bu insanın yuxusunu ərşə çəkir. Onun üçun ölümə bərabərdir ki, kimsə onun əli çatmayan müvəffəqiyyəti əldə etsin.
    Şeytanın birinci təlqini budur ki, müvəffəq dindarın hər hərəkətində nəsə nöqsan tapılsın və azğın nəfs bunula sakitləşsin. Bir başqası həmin müvəffəqiyyət qazanmış mömin qardaşın yaxşı işindən danışdıqda məqampərəst insan çox narahatlıq keçirir. Azğın nəfsi onu özünə tabe etsə, imkan tapan kimi təriflənən qardaşını gözdən salmaq üçün əlindən gələni əsirgəmir.
    Bəli, beləcə parçalanırıq. Əvvəl də belə olub, indi də belədir. Bu cür pis sifətlər səbəb olub ki, bir-birimizdən uzaq düşək, aramızda kin-küdurət yaransın.
    Mömin qardaş! Qəflət yuxusundan oyan. Adını şiə qoyub Əhli-beyt bağrını qana döndərmə. Sən mənim kimi aciz, ehtiyaclı bəndələrin gözündə özünə yer axtarma. Axı biz kimik? Yaxşı fikirləş, bizim kimi ehtiyaclıları boşla. Axı sənin qəlb mülkünün bir maliki olmalıdır. Sabah, Qiyamət günü biz də sənin kimi başını tutub qaçanlardan biriyik. Bəlkə öz Rəbbinin yanında məqam axtarasan? O Rəbbin ki, nəinki ehtiyacsızdır, hətta bizim və sənin ehtiyaclarını təmin edən də Odur! Sənin Onun yanındakı məqamın dəyərlidir, bizim yanımızdakı məqamın yox! Rəbbinə yaxınlaşmaq üçün isə böyüklükdən doğan sadəlik lazımdır, sadəlik!
ƏŞRƏF EYVAZLI
Baxış sayı: 2525
Şərhlər (0)Add Comment

Şərh yazın
Kiçilt | Böyüt
security code


busy