|
İfrat məhəbbət əhatəli bir mövzudur. Biz bu yazıda millətə, ailəyə, dostlara, yaxınlara məhəbbətdə ifrata ötəri bir nəzər salacağıq. Hər bir insan bir millətə mənsubdur. Kimisi türk, kimisi talış, kimisi ləzgidir. Azərbaycan Respublikası kimi başqa dünya ölkələri də millətlərdən təşkil olunub. Bu millətlərə kürdlər, gürcülər, əfqanlar, ərəblər və digərlərini nümunə göstərmək olar. Millətə sevgi fitri bir istəkdir. Hər bir insan, az bir qisim istisna olmaqla, öz millətin sevir. Bu çox normal haldır ki, insan öz millətini sevsin. Fikrimizcə, hər kəsdə bu sevgi yoxdursa, hansısa problemlərin nəticəsində bu xoşagəlməyən halla üzləşib. Ancaq hər bir sevginin ifrat və təfriti (həddindən artıq və həddindən az forması) olduğu kimi, millətə, yaxınlara sevginin də ifrat və təfriti vardır. Mövzumuzun ilk nümunəsi ifrat millətçilikdir. İfrat millətçi elə bir batil yol tutub ki, onun üçün heç bir sərhəd yoxdur. O hətta həqiqəti də öz batil əqidəsinə qurban verir. Məsələn, belə hallarla rastlaşmaq olar ki, hərbi xidmət zamanı iki milləti təmsil edən iki əsgər arasında problem yaransın. Az sonra bu problem çavuş tərəfindən hərbi hissə komandirinə çatdırılır. Hərbi hissə məsulu (komandir) əgər iki dalaşan əsgərin biri ilə eyni millətdəndirsə, sözsüz bu problemin həllində öz yerlisinin tərəfini saxlayır. İstər soydaşı haqlı olsun, istərsə haqsız! O bu işi ilə fəxr edir və sanki öz millətinin tərəfini saxlamamağı əskiklik sayır. Elə düşünür ki, əgər mən öz millətimə dayaq olmasam, digər millətlərdən olan insanlar mənim millətimi bir-birinə arxa-dayaq olmayan qorxaq millət sayar. Başqa bir misal çəkək. Amma bu misalımızda millətçilik yox, digər yersiz bir məhəbbətə işarə edəcəyik. Bu ailəyə, dostlara, yaxınlara ifrat məhəbbətdir. Məsələn, küçədə iki uşaq dalaşır. Uşaqların birinin atası küçəyə çıxır. Öz oğlunu qonşunun oğlu ilə dalaşan görən ata ifrat məhəbbətin nəticəsində məsələni araşdırmamış qonşunun oğlunu ittiham edir. Bəzi vaxtlar ata onun oğlu ilə dalaşanın atası dünyadan köçmüşsə, amansız ata qonşu uşağa bir-iki sillə də dartışdırır. Biz yazının davamında İslami baxımdan bu növ batil fikirləri əqli və nəqli dəlillərlə rədd edib, düzgün mövqeyi oxuculara çatdırmağa çalışacağıq. Əvvəlcə ifrat millətçilik barədə. İfrat millətçi hər bir yolla öz millətini ucaldıb başqa millətləri kiçiltməyə çalışır. Onun bir fikri var: “mənim millətim üstündür və başqa millətlər əskikdir”. O digər millətlərdən söz açır, yalan və böhtanlarla başqa millətlərin müəyyən xüsusiyyətlərini pisləyir. Bəzi sadəlövh insanlar da bu kimi yalanların ovuna çevrilir. Daha sonra ifratçı şəxs yalan, ya düz, öz millətindəki xüsusiyyətləri tərifləyir. O digər insanların diqqətini öz millətinə yönəltməyə çalışır. Bir nöqtə var ki, bizim ifrat millətçi ondan xəbərsizdir. Hər bir insan gərək özünü yaxşılara sevdirsin. Əgər bir insanı həqiqətən yaxşı insanlar sevirsə, bu, onun yaxşılığına dəlildir. Hər bir millət də yaxşı insanlar tərəfindən sevilməlidir. Məsələn, İsrailin baş naziri Olimert desin ki, mən filan kəsi sevirəm. Əgər hansısa mənfəətinə görə yox, səmimi qəlblə Olimert kimisə sevirsə, demək olar ki, o kəsdə Olimertin xoşladığı nöqtələr var. Olimert özü qatil, qaniçmişin birisi ola-ola yaxşı, sülhsevər insanı sevə bilərmi?! Buna əsasən də ifrat millətçinin müridləri də onun kimilər olur. Onların fani məhəbbəti isə olduqca dəyərsizdir. Heç vaxt kamil insan özünü, əqidəsini, millətini batil yolla sevdirməyə çalışmır. Çünki pislik yaxşılıqdan uzaqdır. Məgər köz buzun vasitəsi ilə istəyinə çatarmı?! Hiylə və kələklə sevilmək nəinki bir dəyər deyil, əksinə, çirkinlikdir.Yaxşı millətçi də öz millətini düz vasitələrlə sevdirməlidir. Hansısa başqa millətlərin pis xüsusiyyətlərini açıb-ağartmaqla, böhtanlar atmaqla qazanılan sevgi şərin, şeytanın sevgisidir. Şeytani məhəbbət isə fanidir. Biz ilahi məhəbbət sorağında olmalıyıq. Çünki ilahi məhəbbət əbədidir. Bu məhəbbətə aparan yol isə həqiqətlərdən keçir. Əlbəttə ki, ifrat millətçi bir az düşünsə başa düşər ki, batil təəssübü ilə əsl həqiqətdə nəinki öz millətin ucaltmır, əksinə özünü kiçildir. Çünki həqiqətsevər insanlar ifrat millətçiyə görə həmən milləti sevməsələr də, ittiham da etmirlər. Həqiqətpərəst kamil insanlar araşdırmamış bir məsələyə fikir bildirmirlər. Əslində onların araşdırmalarından sonra ittiham olunan, ifrat millətçinin özü olur. Yaxşı olar ki, ifrat millətçi bunu da nəzərdən qaçırmasın ki, təəssübü kənara qoyub həqiqətsevər olarsa, sözsüz ki, millətini ucaldasıdır. İnsanlar unutmamalıdır ki, onların vətəninin düşmənləri millətçilik məsələlərindən sui-istifadə edirlər. Onlar ölkə daxilindəki millətləri bir-birinə vurub ölkəni parçalamaq niyyətindədirlər. Buna görə də, heç vaxt millətçilik məsələsində həddi aşıb həqiqəti ifratçılığa qurban verməməliyik. İkinci nöqtə ailəyə məhəbbətdə ifratçılıqdır. Yəni insan öz ailə üzvlərini o qədər sevir ki, həqiqəti ailəsinə qurban verir. Amma müqəddəs İslam dini bu növ məsələlərə həqiqət prizmasından yanaşır. Misal olaraq nəzərinizə çatdırırıq ki, Allah-taala Qurani-kərimdə Lut peyğəmbərə xitabən buyurur: “...Buna görə də, gecədən bir qədər keçmiş ailənlə birgə (məntəqədən kənara) yola düş, sizdən heç kəs yerdə qalmasın və heç kim arxasına dönüb baxmasın - zövcəndən başqa ki, şübhəsiz sənin qövmünə yetişəcək şey (cəza) ona da yetişəcəkdir...” (“Hud” surəsi, ayə 81) Bu şərif ayədən göründüyü kimi, bütün çirkinliklərdən pak Rəbbimiz hətta peyğəmbərinin ailəsini (zövcəsini) həqiqətə qurban verir. Lut peyğəmbərin Allah yolunda çəkdiyi əziyyətlərinə və ibadətlərinə baxmayaraq, Allah-taala onun zövcəsini günahkar qövmlə birgə əzaba düçar edir. Çünki o, pis əməl sahibi idi. Oxşar problemlə rastlaşmış başqa bir peyğəmbər Nuhdur. Onun oğlu Allaha iman gətirmir. “Hud” surəsində, 42-47-ci ayələrdə bu mövzuda danışılır. Allah-taala Nuhun (ə) uzun illər risalət yolunda çəkdiyi əziyyətlərinə baxmayaraq, günahkar oğlunu zalımlarla birgə suda qərq edir. Bu iki hadisədən ibrət alan insanlar öz ailə üzvləri ilə digərləri arasında problem yarananda, bu problemin həlli üçün həqiqəti araşdırır. Əgər haqsız tərəf ailə üzvü də olsa, həqiqətpərəstlər hüququ tapdanmış tərəfin mövqeyini müdafiə edir. Bizlər də öz növbəmizdə Allah-taalanın bu münasibətindən ibrət almalıyıq. Nəticədə, ailə üzvlərimizin başqa insanlarla problemlərini öz ailə üzvlərimizin xeyirinə yox, həqiqətin xeyrinə həll etməliyik. Əşrəf Eyvazlı
 |