Universitetdən etiket PDF Print E-mailiniz
Bazar ertəsi, 10 Avqust 2009 01:07

Dünya yaman dəyişdi. O qədər çox yaşım olmasa da, uşaqlıqda gördüyüm günlər hara, bu gün hara! Hələ dünya ədəb oxunda fırlandığı zaman orta məktəbdə ibtidai sinif müəllimim  öyrədərdi:
Vətənimiz Azərbaycan! Dinimiz İslam! Kitabımız Quran! Millətimiz Azəri türkü!
Bütün bunlardan əlavə müəllim bizə gözəl davranış qaydaları, əxlaq öyrətmişdi. O bizə söyüşün, etikadan kənar danışığın pisliyini açıqlayardı. Deyərdı ki,  söyüş problem həll etmir, problem yaradır. Söyüş söymək ən böyük ədəbsizlikdir. Öyrədərdi ki, böyüyə qarşı ehtiramsızlıq  iyrənc, mənfur bir işdir. İnsanlarla gözəl davranmağı tövsiyə edərdi. Deyərdi ki, hər gün dünənə nisbətən daha gözəl davranın...  Doğrudan da, çox müdrik şəxs imiş qədrini bilmədiyimiz o insan. Allah ona rəhmət etsin!
Bu gün müəllim adı daşıyan bəzilərini gördükdə insan əxlaqlı, mənəviyyatlı müəllimləri yada salıb heyfsilənir.
Müəllim! Sizin müqəddəs adınızı qəsb etmiş bəzi ağzınatəmizlər öz əxlaqsızlıqları ilə  bu şərəfli adı ləkələyir. Bilirsinizmi bu gün sizin yerinizi kimlər tutub?! Bilsəydiniz çətin ki, müəllim adına sahib çıxardınız. Bilsəydiniz ki, bu gün ləyaqətsiz tiplər bu adı necə ləkələyir, sözsüz ki, dözə bilməzdiniz. Ürəyiniz partlayardı. Siz alicənablıqla yaşayıb, dünyanızı şərəflə dəyişdiniz. Özünüzdən sonra gözəl əxlaqla yad olundunuz, xatirələrdə yaşadınız, sevildiniz. Amma... Ad çəkməmək olmur! Ağalarlar (Azərbaycanda bir universitet müəllimi) ləyaqətsiz həyat sürüb, xeyir adsız öləsidir. Onu xatırlayan da özündən müştəbeh, ədəbsiz bir insan kimi xatırlayasıdır. Universitetdə  müəllim postu tutub ibtidai tərbiyədən xəbərsizlər sizdən fərqli olaraq, şagirdlərə ədəbsizlik virusu keçirir. İnşaallah, əksəriyyət bu müəllim adını ləkələyənlərin təsirinə düşməyəcək.
Amma canım müəllim, mənim hələ də sizin adınıza böyük hörmətim var. Çünki bu ad mənə insanlığı, alicənablığı xatırladır. Sözsüz ki, bu gün də sizin kimi uca insanlar var. Əgər olmasaydılar, Allah-taala bu dünyanı Ağalar kimilərin başına çevirərdi. Necə ki bağban gülə su verəndə qanqal da bu sudan içib qürrələnir. Qürrələn, ay Ağalar, qürrələn. Əgər gözəl insanlar olmasaydı sizin kimilərə görə Allah-taala dünyanı yaşatmaz, ruzi-bərəkət nazil etməzdi. Sizi yuxarıda müəyyən baxımdan qanqala bənzətdim. Amma indi  vicdan əzabı  canımı sızıldadır. Bilirsiniz niyə? Axı qanqal da bir dərdə dəyir, onun da nəsə faydası var. Vicdanım məni məcbur edir ki, sizi qanqala bənzətdiyim üçün qanqaldan üzr istəyim. Amma siz nə bilirsiniz vicdan nədir, yaxud da vicdan əzabı! Siz nə bilirsiniz ədəb, mənəviyyat, müəllim adının şərəfi nədir?! Bilsəydiniz “Alma qəzeti”nə müsahibənizdə ağzınızdan bu cür ədəbsiz sözlər çıxarmazdınız. Azəri xalqı baxsın ki, onun övladına bu gün kim dərs deyir. Bir küçə adamının dilə gətirmədiyi sözü universitet müəllimi səkkiz milyona yaxın xalqın gözü qrşısında mətbuata çıxarır. O küçə adamı sözsüz ki, Ağaların yerinə olsaydı bu sözü işlətməyə utanardı, həya edərdi. Amma Ağalar nə bilir utanmaq, həya nədir? Oxuculardan üzr istəyirəm. Üzr istəyirəm ona görə ki, Ağaların işlətdiyi etikadan kənar sözü vurğulamalıyam. Onun müsahibəsindən haqqyolu.com saytının seçib işıqlandırdığı cümlələri sizə təqdim edib və gücümüz həddində bu yalan ittihamlara cavab verməyə çalışacağıq. Bu işdə Allah-taaladan kömək diləyirik.

Ağalar Məmmədov: Problem ondadır ki, İslam bizim tapıntımız, bizim yaradıcılığımız deyil…

Cavab: İslamın nə dərəcədə ali bir din olduğundan xəbəriniz olsaydı İslamın insan tapıntısı və yaxud insan yaradıcılığı  ola bilməsindən danışmazdınız. Nəinki İslam bizim tapıntımız deyil, İslam heç bir bəşərin, hətta peyğəmbərin də tapıntısı və ya yaradıcılığı deyil. Heç bir insan bu gücdə deyil. O (İslam), qadir və hikmətli Allah-taala tərəfindən  nazil olunmuş səmavi dindir.

Ağalar Məmmədov: İslamın bizə gətirdiyi yaxşı pisdən azdı, apardığı yaxşı pisdən çoxdu.

Cavab: Sözsüz ki, sizin kimi mənəviyyatdan xəbərsizlərə nəsə gəlməyib. Necə ki Qurani-kərim buyurur: “Onun (Quranın) maariflərini əxlaqi rəzilətlərdən paklanmışlardan qeyrisi bilməz.” (“Vaqiə” surəsi, 79-cu ayə) Siz o qədər qəlbiqara insansınız ki, İslamın gözəlliklərini görəsi qəlb gözünüz kor olub. Amma insanlar İslamda gözəllik görməsəydilər dünya İslama üz tutmazdı. Hər gün dünənlə müqayisədə müsəlmanların sayı artmaqdadır. Bu proses xüsusilə Avropa ölkələrində gedir. İslam dini insanlara çox gözəllik gətirib. Pislikləri aradan qaldırıb. Siz xəbərsizsiniz.

Ağalar Məmmədov: İslam dini bizim üçün vahimə mənbəyidir və elə də qalacaq…

Cavab: Sözsüz ki, yalançılar üçün həqiqət vahiməlidir. Amma belə qalmayacaq. Batil əhlini Allah-taala cəzalandıracaq.

Ağalar Məmmədov: Klassik poeziyamıza gəldikdə, Nitsşenin xristianlığı lənətləyib, hərdən İsa haqqında xoş sözlər deməsi kimi, bizim Nəsimilər, Füzulilər də Məhəmmədə öz sevgilərini tez-tez izhar etsələr belə, normativ dini öz əsərlərində heç vaxt vəsf etməyiblər, məsələn, onlar heç vaxt deməyiblər ki, ay namaza dombalmaq, (müəllimdən gözlənilməyən ədəbsizlik) sən necə də gözəlsən…

Cavab: Nizami, Füzuli, Nəsimi və digərləri sizin kimi ədəbsiz olmayıb ki, belə ədəbsiz sözlər işlətsin. Necə ki Nəsimi öz şerində sizin fikrinizi sizdən fərqli olaraq ədəbli surətdə nəsrə çəkərək, həzrət Muhəmməd (s) və həzrət Əlidə (ə) cəmlənən həqiqətlər qarşısında baş əyərək deyir:

Qibləgahımdır Məhəmməd, səcdəgahımdır Əli!

Ağalar Məmmədov: İslam təkcə bizi yox, bütün Şərqi miskin edib…

Cavab: Əlbəttə İslama düşmən Amerika, sionizm və qərb həmişə müsəlmanlara təcavüz etmiş və onları inkişafdan saxlamışdır. Amma siz və həmfikirləriniz, dünyapərəstlər inkişafı var-dövlət, texnologiya və digər oxşarlarında gördüyünüz üçün şərqin qərbdən əxlaq və mənəviyyatda çox üstünlüyündən xəbərsizsiniz. Sözsüz ki, Qərb və Amerika əxlaq, mənəviyyat və insanlıqda şərqdən miskindir. Necə ki kütləvi qırğın silahlarından da ilk dəfə ABŞ istifadə etmişdir. O, Yaponiyanın Xerosima və Naqasaki şəhərlərinə atom bombası atmışdır. Meyarlarınıza ən böyük meyarı, insanlığı da əlavə edin.

Ağalar Məmmədov: Cənnət vədinin özü insanları əxlaqsız edir…

Cavab: Bu sizdən eşitdiyim ən gülməli cümlə oldu. Cənnət vəd olunur əxlaqlı, gözəl, əməlisaleh insanlara. Allah-taala əks təqdirdə, yəni insanlar əxlaqsız olarlarsa onlara cəhənnəm vəd edir. Sizin heç ibtidai İslam anlayışınız yoxdur.  Əlavə, oğru elə bağırdı, döğrunun bağrı yarıldı!

Ağalar Məmmədov: Məhəmməd tacir şüurunda idi, Quranı da ticari prinsiplər üzərində yazdırıb…

Cavab: Allah-taala həzrət Məhəmmədə Qurani-kərimdə buyurur: “Sən əzəmətli əxlaq sahibisən.” (“Qələm”, 4) Bu Qurani-kərimin ayəsidir. Quran mənəviyyat okeanıdır. Bu ayə həzrət Məhəmməd (s) barəsində nazil olmuşdur. Ayədə peyğəmbərin gözəl tacir olduğu yox, onun necə əzəmətli əxlaqa, mənəviyyata sahib olduğu açıqlanır. Məhəmmədin (s) tacir şürunda olmasını, Quranın ticarət prinsipləri üzərində yazılması iddianızı bu ayə batil edir. Quran mənəvi bir kitabdır. Həzrət Məhəmməd (s) isə bəşəriyyətin ən kamil insanıdır.

Ağalar Məmmədov: İslam insanları mənəvi baxımdan əsla saflaşdırmır...

Cavab: Saflaşmanı müşahidə etmək üçün insan gərək saflığı anlamaq, dərk etmək gücündə olsun. Siz özünüz mənəviyyat deyəndə nəsə anlasaydınız, sözsüz ki, mənəviyyata çağıran İslam dininə qarşı belə yersiz iddia etməzdiniz. Bilirsiniz, kor dünyanı qaranlıq görürsə, bu günəşin problemi deyil.

Ağalar Məmmədov: Dini baxımdan hətta cənnətlik adam alverçi, qorxaq və həris adamdır…

Cavab: Qurani-kərim cənnətlik insanları Allaha-taalaya iman gətirənlər kimi qələmə verir. Cənnətlik, nicat tapan, imanlı insanlarda cəmlənən sifətlər bərəsində Qurani-kərimin “Əsr” surəsinin 3-cü ayəsində buyurulur: “Yalnız iman gətirib saleh əməl edən, bir-birinə haqqı və səbri tövsiyə edənlər...” İslam dini  saleh əməli, haqq danışığı, çətinliklər qarşısında səbri cənnət əhlinə məxsus sifətlər kimi tanıtdırdığı halda siz alverçi, qorxaq, həris insanları ya məlumatsızlığınızdan, ya da sifarişlə cənnətdə təsəvvür edirsiniz.

Ağalar Məmmədov: İslami dəyərlər, daha doğrusu, dəyərsizliklər bizdə bərqərar olub…

Cavab: Sizin özünüzdə sözsüz dəyərsizliklər bərqərardır. Dəyərli insan yuxarıda qeyd etdiyimiz qeyri-əxlaqi kəlməni işlətməzdi. Gəlin öz dəyərsizliyinizi İslamın ayağına yazmayın.

Əşrəf Eyvazlı

Baxış sayı: 2923
Şərhlər (1)Add Comment
0
...
yazdı Məntiqli yaşa, Noyabr 16, 2009
Bu ağalar necə tərbiyyəsiz "insandı" dediyi sözlərə bax diyəsən geyişir rafiq tağı üçün yaman darıxıb bu yalanlarına görə dövlət tərəfindən lazımı cəza verilməlidi .

Şərh yazın
Kiçilt | Böyüt
security code


busy