Biganə etirafı PDF Print E-mailiniz
Cümə axşamı, 20 Avqust 2009 00:09

    Yetərli hökmləri ilə insanları çətinlikdən asanlığa yönəldən İslam dini bədxahlarımız tərəfindən müasir dünyamızdan geri qalmış bir din kimi qələmə verilməkdə. Düşmənlərimiz uydurduqları yalanlarla İslamı gözdən salmağa çalışsalar da, son günlər dünya banklarında yaranmış iqtisadi böhran sübut etdi ki, İslam necə müasir bir din imiş. İslam dini bəşəriyyətə xidmət məqsədi daşıyır. Dinimiz bu missiyanı izlədiyi halda çox təəssüf ki, bədxahlarımız İslamı gerilik kimi qələmə verirlər. Çox vaxt onların bu çalışmaları nəticəsiz olur.
    Bildiyiniz kimi dünya iqtisadi böhran yaşayır. Bu böhran dünya banklarında daha aşkar müşahidə olunur. Bankları çalxalayan böhran bəzi biganələri etiraflara məcbur edib. Vatikanın mühüm rəsmi qəzeti olan “Losservatore Romano” dünya banklarının iqtisadi böhrandan qurtulması üçün İslam bankçılığını nümunə götürməyi təklif etdi. Bu təklifin kökündə İslam banklarında faizlərin olmaması dayanır.
    Dünya banklarının bugünkü  böhranlı vəziyyətində İslam bankları tam sağlam qalıb. İslam ölkələrində borca üstəlik pul almaq sələmçilik kimi qəbul edildiyindən bu iş qadağandır. Bəli, İslam ayinlərində sələm haram buyurulub. “Losservatore Romano” qəzeti İslam bankçılığının kapitalist maliyyə sistemində nizam-intizam yarada biləcəyini yazıb. Məqalədə, İtaliyalı iqtisadçılar Loretta Napoleoni və Klaudia Segre İslam tələblərinə uyğun fəaliyyət göstərən banklarda yatırımların süni şişirtmələrə, borclara, faizlərə və maliyyə fırıldaqlarına məruz qalmadığını vurğulayıblar. Məqalədə Qərb maliyyə sisteminin  yeganə xilas yolu kimi bankçılığın formalaşmasında İslam qanunlarının tətbiq olunması göstərilir. Dünyada yaranmış iqtisadi krizis şiddətləndikcə Vatikan müasir kapitalist sisteminin əsas tənqidçisinə çevrilib. 
    Roma papası Benedikt Qərb bankirlərini tənqid edir, onları artıqtamahlıqda, iqtisadi tənəzzülə səbəb olmaqda günahlandırır. Papanı qıcıqlandıran səbəblərdən biri o ola bilər ki, müsəlman bankları bu problemlərlə qarşılaşmayıb. Amma Papanın hal-hazırda ən əsaslı problemlərindən biri budur ki, iqtisadi böhran Vatikana da çox güclü təsir göstərib. Vatikan 2007-ci il büdcəsini 18 milyon dollar artımla, 2008-ci ildə isə 6 milyon dollar kəsirlə başa vurub. Bu çox pis bir statistikadır. Sözsüz ki, əgər belə davam edərsə, 2009-cu ildə vəziyyət daha da ağırlaşacaq.
    Vatikanın İslam bankçılğını örnək götürmək təklifi məşhur “Fayneşnl Tayms” qəzetinin də diqqətini cəlb edə bilib. Qəzetdəki məqalədən bir parçanı diqqətinizə çatdırırıq: “Vatikan kimi dövlətin İslam maliyyə sisteminə müraciət etməsi dünyanı bürüyən iqtisadi böhranın çox dərin olmasından xəbər verir”. Artıq qərb mətbuatı və qərbin dini lideri Roma papası İslam hökmlərinin gözəlliyinı təsdiqləyir. Amma İslam düşməni ABŞ və İsrail İslamı gözdən salmaq üçün demokratiya  pərdəsi arxasında qrantlar paylamaqda davam edir. Roma papası İslamdakı qanunları bəyəndiyi bir vaxtda vicdanını ABŞ-ın Azərbaycanda İslamı ləkələməsinə ayırdığı pullara satanlar oyanacaqmı?! Yazarnümalar ABŞ-dan alınan pullar müqabilində öz məqalələrində sifarişlə İslamı ləkələyib İsraili sevdirmək niyyətindədirlər. Məgər əqidəni də pula satmaq olar?! Allah sizlərə vicdan versin. Ola bilər ki, sizlərə vicdan adlı bir həqiqət ikrahedici görünsün, amma dünya İslama gəlir. İslam öz gözəlliyi ilə dünyanı özünə çəkir. Hazırda Qərb ölkələrinin İslam bankçılığına müraciət etmək istəyinin əsas səbəbi məhz həmin sistemdə böhranlardan sığortalanmadır.
    Ey puldan başqa ilham mənbəyi olmayan yazarlar! İslamı pisləməkdə davam etsəniz belə, bu din bir çox problemlərin həllində Qərbə kömək edə bilir. Doğrudur, söhbət bütün qərb banklarının İslam prinsipləri ilə işləməsindən getmir. Amma məsələ ondadır ki, İslam bank sisteminin bəzi prinsiplərini tətbiq etməklə Qərb bankları potensial zərərlərini sığortalaya bilərlər. Ən aşağısı bugünkü vəziyyətdən çıxana qədər qərb banklarının yeganə çıxış yolu budur.
    Əslində beynəlxalq maliyyə qurumları uzun müddətdir ki, bu sistemdən istifadə edirlər. Məsələn, dünya bankı kreditlər verməklə yanaşı bir sıra layihələrdə sərmayəçi kimi çıxış edir. İslam bank sisteminin əsas üstünlüyü onun faizdən asılı olmamasından ibarətdir. Bugünkü böhran bataqlığında batanlar isə faizə bağlılıqdan batır. Bu o deməkdir ki, İslam bankları faizdən asılı olmayan fəaliyyət qurduqları üçün onların böhrandan sığortalanması sözsüzdür.
    Bütün bunları nəzərə alsaq, İslam bankçılıq prinsiplərinin hətta xristian ölkələrində tətbiq edilməsi imkanları  inanılmaz görünməməlidir. Əslində qlobal maliyyə böhranı bir daha sübut etdi ki, faiz prinsipi tamamilə yanlışdır.
Azərbaycanımızda da bu böhran şiddətli şəkildə müşahidə olunmaqda. Banklardan əldə etdiyimiz məlumata görə dövlət işində işləyib sabit hüquqa malik olan vətəndaşlar istisna olmaqla kiməsə kredit vermək müvəffəqiyyətsizliklə nəticələnir.  Vətəndaşlarda faiz ödəmək gücü qalmayıb. Bu da, sözsüz ki, banklarımıza güclü təsir göstərəcək. Çünki bizim banklar İslam prinsiplərinə uyğun işləmir. Qlobal maliyyə böhranı başlamazdan əvvəl ölkə kommersiya banklarının gəlirlərinin 70 faizini məhz kreditlərə görə ödənilən faizlər təşkil edirdi. Banklarımız faizdən (sələmdən) asılı olduğu üçün bu böhran qaçılmazdır. Demək olar ki, Azərbaycan bankları real vəziyyətdə böyük problem yaşayasıdır. Müştəriyə 20 faiz ətrafında kreditlər təklif etmək heç də banklarımızın xeyrinə olmayacaq. Belə qeyri-islami sistemlərdə böhrandan qaçmaq mümkünsüzdür. Problemlərin aradan qaldırılmasının yeganə yolu İslam bankçılığına üz tutmaqdır. Dünya bankları bu gün məhz İslamın bu hökmündən yararlanmağa səy göstərir. Banklar həm kreditlər təklif edir, həm də İslam bankçılığında nəzərdə tutulduğu kimi müxtəlif faizsiz proqramlarda payçı kimi çıxış edirlər. Bu, banklara divertifikasiyalı  siyasət həyata keçirməyə imkan verir. Dünya banklarının keçmişdə yaşadığı faiz ləkəsi onların bu böhrandan tam sığortalanmasını mümkünsüz edir. Bütün bunları nəzərə alan ABŞ və Avropa birliyi bankları faizdən asılılığı aradan qaldırmaq üçün İslam bank prinsiplərinə uyğun olaraq investisiya proqramlarını maliyyələşdirmək imkanları axtarırlar.
    Dünya bu problemi yaşadı. Yaşadıqdan sonra İslam dininin bu yöndəki hökmünün xeyrini anladı. Necə ki faizdə olan zərərdən xəbərdar Allah-taala Qurani-kərimdə onu insanlara qadağan edərək buyurur: “Ey iman gətirənlər, Allahdan qorxun və əgər imanınız varsa sələmin qalanından (sərmayədən artıq aldığınız miqdardan) əl çəkin...” (“Bəqərə” surəsi 278-ci ayə).
    Hər ilahi qadağa və əmrin arxasında, sözsüz ki, hikmət var. Mənəviyyata biganə bəşər faizin haram olmasından nəsə anladı. Amma anlanmamış ilahi göstərişlər hələ çoxdur. Olduqca çox!

Əşrəf Eyvazlı

Baxış sayı: 2685
Şərhlər (0)Add Comment

Şərh yazın
Kiçilt | Böyüt
security code


busy