|
Müqəddəs İslam dini müəllim adını çox uca tutur. Həzrət Əli (ə) bu barədə buyurur: “Kim mənə bir hərf öyrədərsə, məni özünə qul etmiş olar”. Dinimizin təqdim etdiyi müəllim İslam peyğəmbəri kimi insanlara sözün həqiqi mənasında insanlıq dərsi keçir. Amma... Bu gün müəllim adı ilə meydana daxil olanlar əsl məqsəddən çox uzaq düşüblər. Yəni müasir müəllim nəinki insanlıq dərsi keçmir, əksinə insan adına ləkə gətirir. Əlbəttə ki, əsl müəllimlər də olmamış deyil. Mən bu azlıqdan acizanə üzr istəyirəm. Bəli, əlindən öpüləsi müəllimlərimiz də var. Amma çox az! Sui-istifadəçi müəllimlər yığdığı rüşvət, satdığı attestat və digər çirkin əməlləri ilə bu ada xəyanət edir. Bu mövzuda çox kədərli bir hadisəni diqqətinizə çatdırırıq. Qaradağ rayonunda 294 saylı orta məktəbin müəllimi 14 yaşlı şagirdinə cinsi təcavüz edib. Bu hadisə Ümid qəsəbəsində baş verib. 14 yaşlı məktəbli qıza qarşı seksual hərəkətlərdə ittiham olunan dırnaqarası müəllim Şahin Yusifov isə artıq hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Maraqlıdır ki, Ümid qəsəbəsi sakinlərinin əksəriyyəti 50 yaşlı müəllimlə 14 yaşlı şagirdin arasında baş verənlərdən xəbərdar imiş. Nədənsə cəmiyyətimizdə pisliyə qarşı etiraz ruhiyyəsi ölüb. Bir kəndin əhalisi bilə-bilə bu işə necə göz yumub?! Bu hadisə hələ üç il bundan qabaq, qızın 11 yaşı olanda baş verib. O vaxtdan bu günə kimi çoxları müəllimin balaca qızcığazla cinsi əlaqədə olduğundan xəbərdar imiş. Amma nədən bu hadisəni bilənlər üç il səsini çıxarmayıb?! Çox anlaşılmazdır. Bu azyaşlı qıza qarşı seksual təcavüz edən müəllim bu işi qızın anasının və qardaşının gözü qarşısında edib. Üstə gəl, bu əxlaqsız hərəkətlər xəyanətkar müəllimin telefonuna çəkilib. Üç il davamlı şəkildə bu evə gəlib-gedən Şahin müəllim deyilənlərə görə, ailə başçısının olmadığını fürsət bildiyindən bu imkansız ailəni öz əsarəti altında saxlayıb. İçki aludəsi olan müəllim vaxtaşırı kefli vəziyyətdə bu evə gəlir və dava salaraq sahibsiz qızı və onun anasını amansızcasına döyürmüş. Ötən ayın 24-də də eyni hadisə təkrar olunur. Gecə şagirdigilə gələn müəllim burada necə həngamə çıxarırsa, qızın xalası daha dözə bilməyib polisə zəng vurur. Beləliklə, Şahin Yusifov polis tərəfindən saxlanılır. Maraqlıdır ki, azyaşlı ilə 3 il davam edən bu iyrənc hərəkətlər kənd əhalisinə məlum olduğu halda, 294 saylı məktəbin rəhbərliyi məktəbin müəllimi ilə şagird arasında baş verənlərdən guya xəbərdar deyilmiş. Şəxsiyyətsiz direktor Mübariz Novruzov deyir ki, 2000-ci ilin yanvarından, yəni məktəb inşa ediləndən burada dərnək rəhbəri işləyən Şahin müəllim kollektiv arasında pis ad çıxarmayıb: «Onların arasında müəllim-şagird münasibətləri olub». Doğrudan da biabırçılıqdır. Belə də müəllim-şagird münasibəti olar?! Kəndin əksər camaatı, məktəb şagirdləri bu hadisəni bildiyi halda direktor bu hadisədən xəbərsizdirsə, deməli o, işində məsuliyyətsizdir. Amma kənd sakinləri deyir ki, direktor gözünün içinə qədər yalan deyir. O bu məsələni bilib, sadəcə, göz yumub. Qaradağ rayon prokurorluğunda da 294 saylı məktəbin müəllimi Şahin Yusifovun azyaşlıya qarşı törətdiyi hərəkətləri təsdiqləyiblər. Təqsirləndirilən müəllimlə zərərçəkən şagirdin üzləşmə prosesi gedir. Qeyd edək ki, 294 saylı məktəbin müəlliminə qarşı cinayət məcəlləsinin 149.3.3 -(zorlama və …) maddəsilə cinayət işi qaldırılıb. Əgər ittiham sübuta yetirilərsə, müəllimi 8 ildən 15 ilə qədər həbs cəzası gözləyir. Bu kimi hadisələri eşidən valideynlər nəinki qızını, heç oğlunu da məktəbə qoymaq istəmir. Bu hadisə şagirdlə müəllim arasında baş verdiyindən partlayışa səbəb olub. Amma təəssüflər olsun ki, buna oxşar hadisələr şagirdlər arasında daha çox olur. Bu hadisələri mobil telefonlarda müşahidə etmək olar. Açıq-saçıq geyimlərin də bu problemin maydana gəlməsində mühüm rolu var. Universitetlərdə, orta məktəblərdə şagirdlər arasında belə hadisələrin qarşısını almaq çax zəruridir. Əks-təqdirdə, bu hadisələr insanların öz övladlarını məhz əxlaqsızlıqlardan sığortalamaq üçün məktəbdən kənarlaşdırmasına səbəb olacaq. Sual ortaya çıxır ki, uyğun problemi necə aradan qaldırmaq olar? Bəşəriyyəti xəlq etmiş Xaliq bu bəşərə Qurani-kərim vasitəsi ilə qanunlar nazil edib. Bizim həyatda üzləşdiyimiz bütün problemlər məhz dindən uzaq olduğumuzdan irəli gəlir. Uyğun məsələdə İslam dininə müraciət etsək, gözəl olar. Düzdür, bunun Azərbaycanda reallaşması absurddur. Amma bu biabırçı vəziyyətdən yeganə çıxış yolu məktəblərdə qızların oğlanlardan ayrılmasıdır. Əlbəttə, bu təklifə gülənlər də tapıla bilər. Qoy onlar bir çıxış yolu göstərsinlər. İslam dini qızlarla oğlanların bir-biri ilə imkan həddində az ünsiyyətdə olmasının tərəfdarıdır. Bu iş üçün Azərbaycanda bəs qədər qadın müəllimələrimiz var. Əgər məktəblər bir-birindən ayrılsa, onda bütün valideynlər öz övladlarını, məxsusən qızları arxayın şəkildə məktəbə buraxacaqlar. İnsan bu qanunla formalaşmış məktəbi təsəvvüründə canlandıranda doğrudan da məmnun olur. Sözsüz, hər kəsi demirəm, söhbət insandan gedir. Bir məktəb ki, onun direktorundan tutmuş xadiminə kimi eyni cinsdir. Belə olarsa, sözsüz ki, Şahin Yusifov kimi qocaman fürsəttələblər hansısa şəraitdən yararlanaraq on bir yaşlı sadəlövh, həyat təcrübəsi olmayan şagirdindən sui-istifadə etməyə macal tapmaz. Ümid edirik ki, bir də belə tükürpədici xəbər eşitməyək. Ümid edirik!
Əşrəf Eyvazlı
 |