Qoca və uzunqulaq (hekayə) PDF Print E-mailiniz
Çərşənbə, 16 Sentyabr 2009 00:12
    Zahir sobanın kənarında yumaq kimi yığılmış atasına baxıb dedi:
    -Bəsdir, ay kişi, deyirəm sabah itirəcəm, deməli itirəcəm. Mən qış uzunu xeyirverməzi nə üçün yedirtməliyəm axı? Pulu çöldən tapmamışam ki, boş yerə xərcləyəm.
    Salam kişi oğlunu yuxarıdan aşağı süzüb dedi:
    -Ay bala, bu çovğunda dilibağlı heyvanı hara buraxırsan? Yırtıcılara yem etmək istəyirsən? Yazıq heyvan bütün ömrünü yükümüzü daşıyıb, işlərimizi görüb. İndi isə qocalıb əldən düşüb. Allahdan qorx bala, daşın bu işdən. Bir çəngə otla bir şey olmaz bizə.
    Sözünü bitirən Salam kişi fikrə getdi. Görəsən oğlu onun da barəsində belə fikirləşirdi?! Axı o da qocalıb əldən düşmüşdü. Zahir dodaqaltı mızıldandı:
    -Sən nə deyirsən de, amma mən bildiyimi edəcəm - sonra yorğanı başına çəkib yatdı. Qoca fənəri götürüb həyətə düşdü. Qapını qar tutmuşdu. Salam kişi güclə qapıdan çıxdı. “Qocalıq, qocalıq” deyə-deyə uzunqulaq olan tövləyə gəldi. Tövlənin qapısını açdı. Yaşı ötmüş uzunqulağa baxıb öz-özünə dedi:
    -Səni yırtıcılara vermərəm, arxayın ol!
    Sonra uzunqulağa bir çəngə ot atdı. Uzunqulaq otu yeyirdi. Oğlu deyən qədər də əldən düşməmişdi, hələ istifadə etmək olardı.
    Soyuq qış gecələrindən biri də belə keçdi. Səhər açıldı. Zahir isti yataqdan qalxmaq istəmirdi. Soba tamam sönmüş, ev buzxanaya dönmüşdü. O, atasının şirin yuxuda olduğunu görüb tez yerindən qalxdı. Yer buz kimi idi. Əvvəlcə qurumaq üçün sobanın yanına qoyduğu corablarını ayağına taxdı. Şalvarı əyninə çəkib kürkünü çiyninə atdı. Uzunboğazlarını ayağına keçirib eşiyə çıxdı. Ac qarına bir siqaret yandırıb, tüstüləyə-tüstüləyə uzunqulaq olan tövləyə sarı addımladı. Atasının yuxuda olmasını fürsət bildi. Uzunqulağı azdırmaq üçün onun ipindən tutub meşənin içinə yollandı.
    Salam kişi gecəni ibadətlə məşğul olduğundan yuxudan azca gec ayıldı. Ayaqyolu üçün bayıra çıxdı. Bu anda meşədən gələn qaraltı diqqətini cəlb etdi. Gələn oğlu idi. Ayaqyolundan çıxdıqdan sonra əl-üzünü yudu. Sonra köhnə dostuna baş çəkmək üçün tövləyə getdi. Bu vaxt Zahir artıq evə çatmışdı. O, atasının tövləyə getdiyin gördü. Bildi ki, atası qayıdıb onu tutduğu iş üçün danlayasıdır. Aradan çıxmaq üçün fürsəti qənimət bilib həyat yoldaşına dedi:
    -Atam soruşsa, mən şəhərə bazarlığa gedirəm.
    Həyat yoldaşı soruşdu:

    -Bəs yemək yemirsən?
    Zahir “yox” deyib tələsik evdən çıxdı. Salam kişi səhərlər hərdənbir uzunqulağa baş çəkərdi. Amma bu gün ürəyinə nəsə dammışdı. O, tövləyə çatıb qapını açdı. Köhnə dostunu yerində görməyib narahat oldu. Tələsik evə qayıtdı. “Zahir, Zahir” - deyə səslədi. Gəlin cavab verdi ki, Zahir bazarlıq üçün şəhərə gedib. Salam kişi tələsik kəndə gedən yola qaçdı. Zahir artıq gözdən itirdi. Kişi nə qədər “Zahir, Zahir” səslədisə, qocanın zəif səsini eşidən olmadı. Kor-peşman geri qayıtdı. Uzunqulağa görə çox narahat olmuşdu. Nəsə etmək lazım idi. Bu fikirlə birdən “inşallah tapacam” deyib ayağa qalxdı. Toz basmış tüfəngini çiyninə salıb uzunqulağın arxasınca meşəyə yollandı. Ömrünü meşədə keçirmiş meşəbəyi qocalıb əldən düşsə də, meşəylə necə davranmağı yaxşı bilirdi. Güclü qar yağdığından uzunqulağın ayaq izləri qarın altında qalmışdı. Bunun üçün kəsə yollarla bütün meşəni axtarmaq qərarına gəldi. Nəhayət, uzunqulağı tapdı! Amma bir az da geciksəydi, ondan əsər-əlamət qalmayacaqdı. Bir çaqqal uzunqulağın arxa ayağını dişləri ilə tutmuşdu. Uzunqulaq isə ona təslim olmur, müqavimət göstərirdi. Salam kişi tez tüfəngi çıxarıb havaya atəş açdı. Güllə səsindən meşədəki bütün quşlar uçuşdu. Çaqqal baş götürüb qaçdı. Meşəbəyinin gözləri kəlləsinə çıxdı. Namərd oğlu uzunqulağı meşədə buraxmayıb, onu ağaca bağlamışdı ki, birdən evə qayıdar. Kişi güllə səsindən hürkmüş uzunqulağın başını tumarlayıb, boynundakı şərflə onun yarasını bağladı. Onlar birlikdə evə qayıtdılar.
    Uzunqulağı tövləyə salan qoca meşəbəyi evə daxil olar-olmaz çay istədi. Sözü ağzında qaldı. Otaqdan gəlinin zarıltı səsi gəlirdi. Salam kişi bilirdi ki, nəvəsi dünyaya gələsidir, amma bu tezliyə yox. O, həyat yoldaşı Narından soruşdu ki, nə olub, nə məsələdir? Arvadı dedi:
    -Nə bilim vallah, vaxtından tez doğuşdu deyəsən. Heç bu zavallı uşaq dünyaya gətirmək gücündə deyil. Deyirəm ay kişi, dilim lal olsun, birdən bir şey olar gəlinə! Salam kişi özünü itirmişdi. Tez evdən çölə çıxdı. Sanki kömək axtarırdı. Amma meşəbəyi hara, qonşu hara. Meşəni sakit görüb geri qayıtdı. Xəstənin vəziyyəti hər an ağırlaşırdı. Salam kişi birdən dedi:
    -Tez hazırla, aparıram kəndə.
    Narın otaqdan çıxıb dedi:
    -Ay kişi, necə aparırsan?
    O, söz eşitmir kimi dinməzcə evdən çıxdı. Uzunqulağı tövlədən çıxarıb belinə yəhər saldı. Narı xala gəlini uzunqulağın belinə mindirdi. Salam kişi də tələsik heyvanın ipindən tutub kəndə tərəf yola düşdü. Yol boyu gəlinin vəziyyəti ağırlaşır, uzunqulaq isə hər addımdan sonra gücünü itirirdi. İki saatlıq yoldan sonra kənd göründü. Uzunqulağın taqəti qalmamışdı. Salam kişi arxaya baxdı. Birdən ağ qarın üzərində qan iziləri gördü. Çaqqal dişləyən yaradan qan axırdı. O şərflə yaranı bir az da sıxdı ki, qanaxma dayansın. Amma qan hələ kəsilməmişdi. Kəndə lap yaxınlaşmışdılar. Uzunqulaq taqətsizlikdən gah dayanır, gah da gedirdi. Gəlinin vəziyyəti lap ağırlaşmışdı. Nəhayət kəndə çatdılar.
    Salam kişi həkimin qapısını döydü. Qapını həkimin qızı açdı. Tez xəstəni evə apardılar. Az sonra həkimin qızı uzunqulağın yarasından axan qanı görüb dedi:
    -Evin qarşısını qana bulamayın, aparın onu evin arxasında bağlayın. Salam kişi uzunqulağı evin arxasındakı bağa apardı. Heyvanın yarasına bağladığı dəsmalı sıxıb dedi: -Döz, ay dilibağlı, döz.
    Sonra tez geri qaçdı ki, gəlinin halından xəbər tutsun. Gəlin özündən getmişdi. Həkimin səyləri nəticəsində gəlin ayıldı. Uşaq salamatçılıqla dünyaya gəldi. Ana da ölümdən xilas oldu. Salam kişinin gözünə işıq gəldi.
    Həkim dedi:
    -Beş dəqiqə də geciksəydiniz, ikisindən biri sağ qalmayacaqdı.
    Təzə doğulmuş uşağın səsi evi başına götürmüşdü.
   Həmin vaxt Zahir meşəyə, evlərinə qayıtdı. Anası bütün hadisələri ona danışdı. Zahir tələsik kəndə, həkimin evinə yola düşdü. Kəndə çatıb həkimin qapısın döydü. Həkimin həyat yoldaşı qapını açdı. Zahir ailəsinin vəziyyətini soruşdu. Həkimin həyat yoldaşı Rəsul hər şeyin yaxşı olduğun bildirdi. Zahir ailəsini görmək üçün icazə alıb otağa daxil oldu. Atasına salam verdi. Uzunqulağı meşədə azdırdığına görə atası onun salamına laqeyd yanaşdı. Uşağı Zahirə verib uzunqulağın yanına getdi ki, görsün heyvan necədir. Kişi evin arxasına keçdi. Gördüyü səhnədən halı pisləşdi. Uzunqulaq yerə yıxılmışdı. İtirdiyi qan onun həyatına son qoyurdu. Salam kişi heyvanın yanına qaçdı. Heyvan artıq son nəfəslərini alıb-verirdi. Özünü saxlaya bilməyən kişi hönkürə-hönkürə ağlamağa başladı. Evdəkilər hönkürtü səsini eşidib çölə çıxdılar. Zahir ora catanda artıq uzunqulaq ölmüşdü. O, oğlunun və həyat yoldaşının həyatına görə uzunqulağa borclu idi. Bu vaxt o da ağlamağa başladı. Salam kişi başını qaldırıb yaşlı gözləri ilə oğluna baxdı və dedi:
    Bir çəngə ota görə çaqqala yem etdiyin heyvan sənin ailəni ölümdən xilas etdi. Sonrakı peşmançılıqda nə fayda?!
    Qoca ata dərin fikrə daldı. Fikrləşirdi ki, bu hadisədən sonra oğlu qocalara xərclənən pulu göyə sovrulmuş hesab etməz!
 

Əşrəf Eyvazlı
Baxış sayı: 3138
Şərhlər (4)Add Comment
0
...
yazdı Nesir, Sentyabr 16, 2009
Salam Eshref bey! Telebelerin edebi yaradiciliqi bizi chox sevindirir. Umid edirik ki ne vaxtsa hekaye ustadi kimi taninarsiniz. Uqurlar!
0
Azerbaycan
yazdı Aqa, Sentyabr 16, 2009
Salam Eshref muellim! Chox gozel hekayedir. Amma "Namerd oqlu" deyesen sehv idi. "Merd oqlu namerd" daha yaxshi olardi! Elbette menim nezerime esasen! Allah muveffeq elesin!
0
Bakı
yazdı samirə, Sentyabr 18, 2009
Özüdə gözəldi, sözüdə! Təşəkkürlər!
0
Azerbaycan,Salyan
yazdı nuriyye, Sentyabr 29, 2009
Salam Aleykum....Allah razi olsun...hekaye cox maraqli ve ibretamizdir...belke Allah qismet eder birileri bu hekayeni oxuyandan sonra kucedeki sahibsiz itlerin heyatina son qoymaqdan el ceker inshaAllah...hemishe savab sahibi olasiz...Allah amaninda sagolun...

Şərh yazın
Kiçilt | Böyüt
security code


busy