Dərsin bitməsinə 10-15 dəqiqə qalırdı. Zənglərin ardı-arası kəsilmirdi. Sinifdə olduğumdan telefona cavab da verə bilmirdim. Həyəcan bürümüşdü məni. Görəsən gözləyəcəkmi? Axı Səbinənin ad günü idi bu gün! Ay Allah, tez qurtarsaydı gedib qıza çatardım.  Sinifdə bir mövzu barəsində diskussiya gedirdi. Danişılanlar heç vecimə də deyildi.  Nəhayət ki, Rəsul müəllim –“Belə, uşaqlar, son olaraq bunu bildirim ki,  mənim fikrimcə azan səsi xəstəxanalardakı xəstələrimizi narahat etdiyinə görə onun verilməsinə qadağa qoyulmalıdır. İndi isə dərs bitdi, çıxa bilərsiniz”- deyə dilləndi. Danışılanlardan eşitdiyim elə bu oldu. Özümü sinifdən bayıra atdım. Qaça-qaça aşağı düşdüm. Hə, Səbinə univeristetin həyətində idi hələ. O guya mənim sevgilim idi. Yaman inanmışdı sevgimə qızcığqaz. Düz  4 ay idi ki, cürbəcür vasitələrlə oğurlamağa çalışırdım saqqızını, amma qız əl vermirdi ki, vermirdi. Əslində o da mənim kim olduğumu yaxşı bilirdi, amma deyəsən şeytan artıq ona da hakim olmuşdu. Bu gün yaxşı fürsət idi. Yaxşı bir gecə keçirmək olardı onunla. “Nə isə... görək neynirik”  -dedim öz-özümə. Çatdım qıza:
- Bağışla, Səbiş –dedim.
- Bəs hardasan sən? –deyə Səbiş nazlanmağa başladı.
- Gedək sənə hər şeyi unutduracağam, Səbiş!
- Misal üçün nə edəcəksən?
- Orası uje sürprizdi, desəm ləzzəti qaçar.
- Əvvəla səni təbrik edirəm, sonra isə bunu qeyd etmək üçün xüsusi bir məkan hazırlamışam –dedim.
   Yazıq qız sevincindən yerindəcə dingildəyirdi.
   Dostum Tahirin şəxsi mənzili məqsədimə çatmaqda mənə kömək edəcəkdi. Artıq neçə gün idi ki, mənzilin açarını ondan almışdım. Belə bir gün üçün hazırlıq görməli idim axı.
   Səbinə hələ də özünü itirmiş halda idi. Sürprizin nə olacağını səbirsizlə gözləyirdi.
Binaya çatdıq. Əlindən tutub pilləkənləri qaça-qaça yuxarı çıxartdım onu. Qapıya çatanda dayandıq. Önə keçib qapını açdım. Əlimi sinəmə qoyub bir addım geriyə çəkilərək “buyurun, madam” -dedim. “Xoş gəlmisiniz!”
   Səbinə içəri girdikdə gözlərinə inanmadı. Otağda çox romantik ab-hava yaratmışdım.
Əllərimizi yuyub əvvəlcə süfrə başına keçdik. Stol necə lazım idisə, elə də hazırlanmışdı. Hər şey gözəl idi. Yedik–içdik, deyib–güldük, əyləndik. Hava artıq qaralmağa başlamışdı. Biz isə hərəmiz bir tərəfə sərələnib qalmışdıq. Əsl gecə hələ indi başlayacaqdı. Bundan sonra nəyin baş verəcəyini artıq ikimiz də hiss edirdik. Sanki ikimiz də buna razı idik. Mən gəlib Səbinənin yanında əyləşdim. Ürək döyüntülərim artmağa başladı. Artıq hər şey hazır idi. Səbinə mənə baxışları ilə sanki “sənə təsliməm” –demək istəyirdi. Ona yaxınlaşmaq istəyirdim ki, birdən azan səsi ucaldı: “Allahu əkbər! Allahu əkbər!”.
   Yerimdən dik atıldım. Bədənimə üşütmə düşdü. Tüklərim biz-biz durmuşdu. Sanki, böyük bir cinayət üstündə yaxalanmışdım. Səbinə isə daha çox qorxmuşdu. Gözlərini azanın səsi gələn pəncərəyə zilləmişdi. Birdən “Fuad, biz neynirik?” –deyə qışqırmağa başladı. Tələsə-tələsə durub geyindi. Çıxmaq istəyirdi. Qarşısına keçdim. “İndi azan bitər” –dedim. “Gəl gecəmizi korlamayaq, Səbinə!”
- Lənət olsun bizə, lənət olsun ikimizə də. Rədd ol, qarşımdan –deyə qışqırdı.
   Çarəsiz qalmışdım. Kənara çəkildim. Qapını üzümə çırpıb getdi.
- Məhv oldum, məhv oldum –deyə bağırmağa başladım. “Nə üçündür bu azan? Gül kimi gecəmizi məhv elədi. Gül kimi kefimizi pozdu. Heyf bu qədər zəhmətdən. Heyf o qızdan. Birdəfəlik çıxartdım onu əlimdən” –deyə mən də qışqırmağa başladım.
   Qəlbimdə azana qarşı kin yaranmışdı. Kimə deyim dərdimi, kimə şikayət edim bilmirdim. “Bu dövlətin yiyəsi var, ya yox?! Bir çarə qılsınlar da bu azan məsələsinə. Qoymayacaqlar kefimizi çəkək. Qoymayacaqlar istədiyimiz kimi rəftar edək “ –deyə-deyə evdən çıxdım.
   Başımı itirmişdim. Pilləkənlərdə oturdum. Bir az əsəblərim soyudu. Artıq ehtiras hisslərim də keçmişdi. Düzgün düşünməyə başlamışdım. Əslində böyük bir bəladan qurtarmışdım. Yoxsa camaatın qızını bədbəxt edəcəkdim. Yoxsa başımı bəlaya salacaqdım. Sonra Səbinə məndən əl çəkərdimi?! İlan olub sarılacaqdı boğazıma. Bundan başqa axı həm də mən böyük bir xəyanət edəcəkdim, bu boyda günahın altından necə çıxardım?! Tövbə etməyə başladım. “Ay Allah, bağışla məni” –dedim.
   Elə burada Rəsul müəllimin sinifdə işlətdiyi son cümlə yadıma düşdü; “Mənim fikrimcə xəstələrimiz azan səsindən narahat olur deyə onun verilməsinə qadağa qoyulmalıdır”.
   Öz–özümə dedim: Bəli Rəsul müəllim, sən demə siz belə xəstələri deyirmişsiniz.  Siz “xəstələrimiz azan səsindən narahat olur” deyəndə mən əvvəl sizi başa düşmədim. İndi anladım ki, bəlkə də siz  ümumiyyətlə millətimizin xəstə olduğunu demək istəyirmişsiniz. Elə burada rəhmətlik Baba Pünhanın “Bakı xəstədir” adlı şeri yadıma düşdü. Ona görə də indi mən  sizinlə razılaşıram. Çünki doğrudan da millətimiz mənim kimi xəstələrlə doludur. Belə xəstələrin azan səsindən nigaran və narahat olmaları isə tamamilə realdır.
   Həvəsbaz öz nəfsani istəklərinə çatan zaman azan səsi ucalıb, Allahın nidası olaraq onu qorxudur. Oğru oğurluq edən zaman, cinayətkar cinayət, qızlarımız iffətsiz və abırsızlıq edən zaman, dindarlarımız dinsizlik, məsul şəxslərimiz məsuliyyətsizlik edən zaman təbii ki, azan səsi onlara mane olur!
   Amma mən sizin yerinizə olsaydım, ay Rəsul müəllim, azan səsinə qadağa qoymaq əvəzinə bir insan olaraq insanları belə xəstəliklərə bulaşdıran hər hansı məlum və müəyyən amillərə qarşı mübarizə aparıb, onların yayılmasına qadağa qoyardım. Belə olan surətdə siz mənim kimi yüzlərlə insana kömək etmiş olardınız!
Allah daha doğrusunu biləndir!
 
İlqar Kamil 04\11\09 

Add comment


Security code
Refresh