
Türkiyədə yaşayan ələvilərin tarixini siz əziz oxucuların nəzərinə çatdırmazdan öncə onun yaranmasına əsas səbəb olan Bektaşi firqəsinin tarixinə nəzər salaq.
Bektaşilər sufilərin bir qolu olub, Kiçik Asiyada Balkan məntəqəsində yaşayıblar. Bu firqənin banisi türkmən sufilərindən olan hacı Bektaşi Vəlidir. O, yeddinci əsrdə Kiçik Asiyaya mühacirət edir və orada yaşayan şiələri öz əqidəsinə dəvət edir (çünki o vaxtlar Kiçik Asiyada yaşayan insanların çoxu şiələrdən ibarət idi). Yeddinci əsrin ortalarında onun tərəfdarları Bektaşi adı ilə məhşurlaşırlar. Bu firqə doqquzuncu əsrdə Türkiyədə rəsmi firqələrdən birinə çevrilir. Hətta Osmanlı imperiyasının əsgərlərinin bir çoxu bu firqənin təbliğ etdiyi əqidəni qəbul edirlər. Amma Səfəvilərlə Osmanlı imperiyasının döyüşü (Çaldıran) Bektaşilərin geniş dini dəvətlərinə son qoydu. Bu hadisədən sonra Türkiyədə yaşayan Bektaşilər Ələvi adı ilə tanınmağa başladılar. İkinci Sultan Mahmudun Ələvilərə qoyduğu qadağalar nəticəsində onlar İslam maarifindən uzaq düşdülər. Onları Səfəvi dövlətinin casusu adlandıraraq diri-diri yandırır və ya əl-qolu bağlı şəkildə çaylara atırdılar. Bundan əlavə, onların Əhli-beytdən (ə), ya 12 imamdan danışmağa haqları yox idi (Bildiyimiz kimi bektaşilərin İmam Əli (ə) və İmam Sadiqə (a) xüsusi məhəbbətləri var idi və fiqh baxımından da Cəfəri fiqhini qəbul edirdilər). Çaldıran döyüşündən sonra ikinci Sultan Mahmud şiələri özünə təhlükə bilirdi. Sultan Səlim də öz növbəsində şiələri rafizi adlandırıb onların qətl əmrini vermişdi. 920-ci ildə (h.q.) Osmanlı imperiyası ələvilər haqqında belə qərar qəbul etdi:
"Ələvilər yaşayan ərazidə olan məscidlərdə və mədrəsələrdə bütün imam cümələr və imam camaatlar sünni olmalıdır. Heç bir ələvi öz dinini tədris və təbliğ edə bilməz. Hər kəs qanundan boyun qaçırsa, cinayətə cəlb olunmalıdır".
Osmanlı imperiyasının göstərişi ilə 920–ci ildən (h.q.) başlayaraq bütün Asiyada yaşayan şiələrin əleyhinə kitablar yazılmağa başlandı. Məsələn belə şayiələr yayırdılar: "Şiələr Şah İsmayıla Allah deyirlər, zinanı, şərab içməyi halal bilirlər, namazı vacib bilmirlər, Quranı təhrif edib ayələri öz mənafelərinə uyğun təfsir edirlər, Kəbəni Ərdəbilə köçürüblər, Şah Təhmasib öz bacısı ilə evlənib və...."
Yayılan şayiələr və alimsizlik səbəb oldu ki, Türkiyədə yaşayan ələvilər tez bir zamanda öz əqidələrindən uzaq düşsünlər. Atatürk hakimiyyətə gələndən sonra Osmanlı imperiyasının Kiçik Asiyada olan hökmranlığı sona çatdı. Amma buna baxmayaraq, beş yüzillik əsarət ələvilərin əqidəsində öz təsirini qoymuşdu.
Türkiyədə yaşayan ələvilərin əqidələrinə qısa bir baxış 1. Allahdan başqa ibadətə layiq olan kəs yoxdur. Ondan başqa heç kəs yaratmaq qüdrətinə layiq deyil;
2. Peyğəmbər (s) və həzrət Əli (ə) bir ruhdan və bir nurdandılar ki, atalarının bədənində (məqsəd Adəm peyğəmbərdən Peyğəmbərin atası Abdullah və Əbu Talibə qədərdir) nəsildən nəslə keçərək iki ayrı bədəndə dünyaya gəlmişlər və on iki imam da bu nurdandırlar;
3. Allah-taala həzrət Əlidə "təcəlli" (zühur) etmişdir;
4. Əsl ibadət odur ki, insan öz zatı barəsində fikirləşsin. Çünki Allahın ərşi insanın qəlbindədir;
5. Hacı Bektaşi Vəli həzrət Əlinin təcəllisidir. Yəni həzrət Əli onda zahir olub;
6. On iki imam haqdır və onların imamlığı Allah tərəfindəndir.
Ələvilər sufilər kimi "dördlük" (şəriət, təriqət, mərifət və həqiqət) prinsipinə etiqad bəsləyirlər. "Şəriət" deyəndə iman, elm, ibadət, haramdan uzaq olmaq, yaxınlara yaxşılıq etmək, xalqa əziyyət verməmək, peyğəmbərin əmrlərinə tabe olmaq, məhəbbətə can atmaq, faydasız işlərdən uzaq olmaq və tikkjjjjjjəmizlik nəzərdə tutulur. "Təriqət" deyəndə tövbə, qocaların yolunu davam etdirmək, təmiz paltar, geyinmək, insanları pis işdən çəkindirmək, xalqa xidmət etmək, haram işdən çəkinmək, ümidsüz olmamaq, ibrət almaq və sədəqə vermək nəzərdə tutlur. "Mərifət" deyəndə əli və dili haramdan qorumaq, qadağan olunmuş şeylərə tərəf getməmək, israf etməmək, oruc tutmaq, səbir, həya, elm, nəfsin agahlığı və irfan nəzərdə tutlur. "Həqiqət" deyəndə isə təvazökarlıq, qeybət etməmək, başqalarına kömək etmək, əxlaqı sevmək, hamıya bir gözlə baxmaq, vədəyə vəfa etmək, həqiqəti tapdamamaq, əşyanın mənasını anlamaq, sirləri öyrənmək və Allaha çatmaq nəzərdə tutulur. Bir çox tarixçilərin nəzərinə görə, Türkiyə ələviləri səfəvilərin tərafdarı olan şiələrdir, lakin Osmanlı imperiyasının təbliğatı nəticəsində əsl əqidələrindən uzaq düşmüşlər.