|
Və ya Nobel qardaşlarının 108-ci randevusu
2008-ci ilin Nobel mükafatları daha çox qalmaqallarla, tənqidi münasibətlə yadda qalmışdı.Bu səbəbdən 2009-cu ildə Nobel mükafatlarının kimlərə veriləcəyi dünya ictimayyətinin diqqət mərkəzində idi. Amma "Nobel sülh mükafatı"na ABŞ-ın yeni dövlət başçısı Barak Hüseyn Obamanın layiq görülməsi, Fredrik S. Heffermehlin "Nobel mükafatı getdikcə məqsədini itirməkdədir" şəkilində dilə gətirdiyi etirazının nə qədər yerində olduğunu təsdiqlədi. Nobel mükafatı – Alferd Nobelin 27 noyabr 1895-ci il tarixində imzalanan, 30 dekabr 1896 ilində Stokholumda bəyan edilən vəsiyyətnaməsi ilə təsis edilən fondun "insanlığa xidmət edənlərin mükafatlandırılması" məqsədi daşıyan nüfüzlü mükafatının ümumi adıdır. İlk Nobel mükafatları 1901-ci ildə verilib. Başlanğıcda "fizika", "kimya" və "tibb" sahəsində fərqlənən elm adamlarına verilən Nobel mükafatının sayı daha sonra "ədəbiyyat", "sülh", "filologiya" da daxil olmaqla altıya çatdırılmış, 1969-cu ildə isə İsveş Bankı Alferd Nobelin xatirəsinə mükafatlar sırasına "iqtisad" elmini də əlavə etmişdi. 2009-cu il 10- dakabr tarixində 108-ci dəfə sahiblərini tapan Nobel mükafatlarının tarixinə baxdıqda, mükafatların verilməsində əsas şərt olan "insanlığa xidmət" anlayışının da xeyli dəyişdiyi nəzərə çarpır.
Bir kəlmənin əhatə dairəsi "Randevu"- fransız mənşəyli sözdür. Mənası "əvvəlcədən müəyyənləşdirilmiş bir məsələ barəsində danışmaq üçün təyin edilmiş görüş" deməkdir. Məqsəd və məramı əvvəlcədən təyin edilən bu kəlmə indi daha çox Nobel mükafatlarına uyğun gəlməkdədir. Çünki 2008-də "Nobel mirası" adlı kitabı ilə böyük qalmaqallara səbəb olan Norveç Sülh Konqresinin fəxri prezdenti Fredrik S. Heffermehlin də qeyd etdiyi kimi, Nobel mükafatları artıq çoxdan "məqsədlərini aşmışdır". Haqqında xeyli rüşvət xəbərlərinin çıxdığı, amerikalı bir silah şirkətinin Nobel mükafatlarının sponsoru olması, Nobel komitəsinin Norveç parlamentindəki partiyalara əmanət edilməsi Heffermehlin "mükafatların təməl niyyəti dəyişdirilib" söyləməsinin heç də əsassız olmamasını göstərir.
Dinamitdən neftə gedən yol
Nobel mükafatlarının təsisçisi olan Alferd Nobel (1833-1896) İsveç əsilli kimyagər, mühəndis olmuş və elm dünyasında dinamiti kəşf etməklə məşhurdur. Uşaqlıq illəri çətinliklərlə keçən Alferd, Nobel qardaşlarının üçüncüsü hesab edilir. Ata İmmanuel Nobel müflisləşmiş bir iş adamı hesab edildiyindən ailəsini dolandırmaq üçün 1837-ci ildə Finlandiyaya, 1842-ci ildə isə Sankt Peterburqa köç etmişdir. Burada bir emalatxana açan ata Nobel, qısa müddətə yenidən imkanını yaxşılaşdırmış və çar ordusunun silah istehsalçısına çevrilmişdi. Maliyyə vəziyyətinin düzəlməsi, Nobel qardaşlarının yüksək səviyyədə təhsil almasına səbəb olmuşdur. Alfred Nobel 17 yaşına çatanda isveçcə, rusca, fransızca, ingiliscə və almanca mükəmməl şəkildə danışırdı.Kimya mühəndisi olmaq üçün İsveç, Almaniya, Fransa və ABŞ-da təhsil alan Alfred, Parisdə məşhur kimyagər T.J. Pelouzinin laboratoriyasında çalışmışdır. Burada güclü partlayıcı hesab edilən "nitroqliserin"i icad edən İtaliyalı Askanio Sobrero ilə yaxın əlaqələr qurmuş və bu dostluq dinamitin kəşfi yolunda Alferdə yardımçı olmuşdur. Amma 1852-ci ildə Alferd ailəsi tərəfindən geri çağırılır və Krım müharibəsi sonrası rus ordusunun silah sifarişlərini dayandırması səbəbindən atası bir daha iflasa uğrayır. Ata Nobel Alferd və Emil adlı iki oğlu ilə Stokholuma qayıdarkən, Robert və Ludviq adlı iki oğlu Sank Peterburqda qalırlar. Nitroqliserin partlayıcısı üzərində çalışmalarını Stokholumda davam etdirən Alfred burada bir qəzaya düçar olmuş və emalatxanada meydana gələn partlayış qardaşı Emilin ölümü ilə nəticələnmişdi. Alfred 1864-cu ildə dinamiti kəşf edənə qədər dəfələrlə belə partalayışlar baş vermiş, ancaq o, inadından dönməmişdi. 1877-ci ildə "balistit" barıtını, 1879-cu ildə "tüstüsüz barıt"ı kəşf etmişdir. Bu illər ərzində bir siyasi hadisənin və məhkəmə davalarının içində yer alan Alfred 1896-cı ildə San-Remoda (İtaliya) beyin iflici nəticəsində ölmüşdür. Vəfatı zamanı 33.200.00 kronluq sərvətini Nobel mükafatlarının təsis edilmədi üçün vəziyyət etmişdir. Nobel qardaşlarının Rusiyada qalanları isə Bakıya üz tutmuş və iri neft sərmayədarlarına çevrilmişdir. Kimya sahəsində əldə edilən ilk elmi nailiyyətləri iqtisadiyyata tətbiq etmiş "Bakılı" Nobel qardaşları qısa müddətdə dünyanın ən böyük neft kapitalistlərinə çevrilmişdilər. 19 -əsrin axırlarında dünya neft sənayesinin beyni Bakı idisə, Nobel qardaşları da neftin kralları hesab edilirdilər.
Kirli elm adamı
İlk dəfə 1901-ci ildə verilən Nobel mükafatlarının mənbəyini Alferd Nobel dinamiti kəşf etdikdən sonra bunu bir-biri ilə müharibə aparan Avropa dövlətlərinə sataraq qazandığı milyonlar təşkil etməkdədir. Buna görə, kimyagər Alferd həyatının son illərində müharibələrin arxasında qurulan gizli ittifaqların "kirli elm adamı" adını almışdır. O, bu məqsədlə Fransaya qarşı yaradılan ittifaqda İtaliya ilə gizli danışıqlar aparmış, varlanmaq üçün Avropada "müharibə" anlayışını daima canlı tutmuşdur. Alferdə görə, "müharibə- ən karli ticarətdir". Dünya neft sənaeysində ortaya çıxan 1899-1903-cü illər böhranının gizli səbəbkarları arasında neft milyarderi Nobel qardaşlarının da adlarının keçməsi heç əbəs deyil. Buna görə də bəzi humanistlər Nobel mükafatlarını "xaç suyundan keçirilmiş kirli pullar" adlandırırlar. 1946-ci ildən etibarən Nobel mükafatları ilə ədəbiyyat, fizika, kimya, fiziologiya, tibb,sülh sahəsində seçilən və nailiyyət göstərən elm, düşüncə və siyasət adamları təltif edilir. Fizika və kimya mükafatları – İsveç Kral Akademiyası, tibb və fiziologiya mükafatları- Stokholm Karolinska İnstitutu, ədəbiyyat mükafatları- İsveç Akademiyası, sülh mükafatları isə Norveç parlamenti tərəfindən seçilən beş nəfərlik komissiya tərəfindən müəyyənləşdirilir. Keçən il dekabrın 10-da təqdim edilən ədəbiyyat mükafatının sahibi Rumuniya əsilli yazıçı herta Müllerdir. Tibb mükafatına amerikalı Elizabet Blakburn, Karol Qreider və Jak Szostak adlı doktorlar "qocalma və xərçəng üzərinə araşdırmaları" səbəbi ilə layiq görülərkən, sülh mükafatı da Barak Hüseyn Obamaya verilib. Nobel ədəbiyyat mükafatı üçün son bir neçə ilin ən güclü namizədləri hesab edilən suriyalı şair Adoniz ilə əl-cəzirəli yazıçı Asca Cəbar isə ümidlərini sonraki illərə saxlamalı oldular. 2006- ildə bu mükafatı Türküyəli yazıçı Orxan Pamuk almış və ölkəsində böyük tənqidlərin, qalmaqalların hədəfinə çevrilmişdi. "Elm Çində də olsa, dalınca gedin"
Elmin və elm adamlarının təltif və təqdir edilməsi ən ülvi bəşəri vəzifələrdən sayılır. Odur ki, Nobel mükafatlarının elm dünyasındakı müsbət təsirləri inkar edilməməlidir. Bu mənada peyğəmbərimizin bir hədisi bütün ixtilafların üzərindən xətt çəkir: "Elm Çində də olsa, dalınca gedin"...
Əkbər Nəcəf Salampress qəzeti, Moskva
 |