Baxçada oturub gözlərim önündə açılan səhnəyə tamaşa edirdim. Ağaclar, güllər, quşların səsi, günəşin nuru, və s. Fikirləşirdim ki, Rəbbimiz necə gözəl, rəngarəng və müxtəlif varlıqlar yaradıb. Həyatda olan varlıqların heç biri, tam surətdə bir-birinə bənzəmir. İki ağacı, göydə süzən iki quşu bir-biri ilə müqayisə etsən, bəzi cəhətdən oxşar olmaqlarına baxmayaraq, həddən artıq fərqli olduqlarının şahidi olacaqsan. İnsan da uca Tanrının yaratdığı məxluqlardan biridir. İnsanlar da başqa varlıqlar kimi bir-birindən fərqlənirlər. Amma bu fərqliliyə müxtəlif yöndən baxmaq olar. Bəziləri irqləri, bəziləri dilləri, rəngləri, bədən quruluşları, gözlərinin rəngi, milliyyətləri və s. ilə fərqlənirlər. Hətta, iki əkiz insanı ( ki, zahiri bədən quruluşları eynidir) bir-birilə müqayisə etsək, zahirən bir-birilərinə çox oxşasalar da kifayət qədər fərqlilik ortaya çıxacaq. Daha maraqlısı: bir bədənə malik insanın barmaqları da bir-birindən fərqlidir. Atalar demişkən, beş barmağının beşi də bir deyil. Bəlkə də bütün bu müxtəliflik və rəngarənglik Rəbbimizin qüdrətinin nişanələrindəndir. Ümumiyyətlə, həyatda heç bir şey başqası ilə müqayisədə eyni deyildir. İnsanların fərqliliyi bəzən onun yaranışında, bəzən yaşayış tərzində, bəzən də hədəf və amalındadır. Bir insanın başqa insanla zahiri fərqi olduğu kimi daxili fərqi də var. İnsanların təbiətləri, xasiyyətləri, dünya görüşləri, elmləri, təcrübələri, məlumatları, istedadları, düşüncələri və s. daxili fərqliliyi yaradan amillərdəndir. Deməli, insanlar həm zahiri, həm də daxili xüsusiyyətləri ilə bir-birilərindən fərqlənirlər. Mövzum insan olduğu üçün insanın fərqlənməsindən misal çəkmək istərdim. Bilidiyimiz kimi insan zəif məxluqdur. Necə ki, Quran buna işarə edir.İnsan zəif yaradılmışdır. (Nisa surəsi 28-ci ayə) Yəni insan maddi və mənəvi ehtiyaclarını tək başına ödəməkdə acizdir. İnsan həm də ictimai varlıqdır. Belə ki, o başqaları ilə ünsiyyət qurmaq, onlardan faydalanmaq, ehtiyaclarını başqalarının vasitəsi ilə həll etmək və s. istəyir. Necə ki, bunu gündəlik həyatımızda müşahidə edirik. Məktəbdə oxuduğumuz tarix kitablarından bizə məlumdur ki, hətta ilk insanlar qəbilə, tayfa şəkilində yaşamışlar. Onları bir yerə toplayan amillər ehtiyacları, düşməndən qorunmaq, başqalarının köməyi ilə hədəfə çatmaq və s. olmuşdur. Amma ilk insanlar belə cəm halda yaşamaqlarına baxmayaraq bəzən öz aralarında ixtilaflarla qarşılaşmışlar. Tarixə nəzər salsaq dünyada baş verən müharibələr, saysız- hesabsız döyüşlər, insanların öz aralarındakı ixtilaflarının bariz nümunələridir. Görəsən ictimai varlıq olan, cəmiyyət içində yaşayıb-yaratmaq, ətrafdakılardan faydalanmaq istəyən insan, niyə bəzən başqalarıyla düşmənçilik edir, hətta onların məhvinə çalışır? Ümumiyyətlə niyə insanlar arasında ixtilaflar, fikir ayrılıqları mövcuddur? İnsanlar ixtilafsız keçinə bilərlərmi? Bu ixtilafları yaradan başlıca amil nədir? İxtilaflardan yaxa qutarmağın həlli yolu hansıdır? Bu sualları İslami baxımdan araşdırmaq istəsək, gərək insanın cəmiyyətlə, Allahla, hətta təbiətlə olan rabitəsini, onun rəftarlarını tənzimləyən əxlaq elminə müraciət edək. Əgər digər nəzərlə baxsaq insanı öyrənən elmlərdən biri olan psixologiya elminə diqqətimizi yönəltməliyik. Məqsədim nə əxlaq elmindən, nə də psixologiyadan danışmaq deyil. Sadəcə xülasə şəkildə uyğun suallara cavab vermək istərdim. Əvvəldə qeyd etdiyimiz kimi, insan ictimai varlıq olmaqla yanaşı həm də özünü sevən, faydasını düşünən, mənfəətini güdən bir varlıqdır. Allah insanı belə xəlq edib ki, insan həyatda yaşaya bilsin. Beləki, çətinliklərdə çıxış yolu arasın, maddi və mənəvi ehtiyaclarını təmin etmək üçün səy göstərsin və s. Əgər insanda özünü sevmək hissi olmasaydı insan məhv olardı. Əlbəttə bu barədə çox danışmaq olar amma hədəfimdən kənar olduğu üçün yalnız işarə etməklə kifayətlənirəm. Iki zidd xüsusiyyətlərə malik insan! Həm cəmiyyətlə yaşamaq istəyir, həm də cəmiyyəti, sahib olduqları şeylərlə birgə özü üçün istəyir. Bəzən özünü istəmək istəyi, insanda o qədər şiddətlənir ki, ətrafdakıların sahib olduqlarını, hətta onların özlərini belə insan özü üçün istəyir. Bu istək bir neçə insanda ifrat həddinə çatdıqda nəticədə müharibələr, döyüşlər meydana gəlir. İnsanlar o zaman cəmiyyətdə asudə və rifah içində yaşaya bilərlər ki, eyni xüsusiyyətlərə, eyni hədəflərə malik olsunlar. Məsələn, bir şəxs zarafatcıl və şəndir. O, bu cür xüsusiyyətə malik insanla yoldaş ola bilər. O da həmişə deyil, qarşı tərəf zarafatcıl və şən olduğu zamanlarda. Bəzən bir-birinə hədsiz rəğbəti olan insanlar belə bəzi şəraitlərdə hansısa xüsusiyyətinə görə tərəf müqabilindən ayrı qalmağı daha üstün tutur. Əksər insanlar bu cürdürlər. Valideyn övladı ilə, iki dost bir-birilə, qardaş-qardaşla və... problemlər yaşayırlar. Bütün bu ixtilafları aradan qaldırmaq üçün insanlar vahid qanuna tabe olmalıdırlar. Elə bir qanun ki, tək-tək fərdlərin xasiyyətlərini nəzərə almasın, bəlkə onları ortaq nöqtəyə gətirəcək amilləri nəzərə alıb, bu müxtəliflikləri gözəl surətdə tənzimləsin. Bəşəriyyət, cəmiyyətdə mövcud olan problemləri nəzərə alaraq saysız-hesabsız qanunlar yazıb pozmuşlar. Amma istədikləri nəticəni ala bilməmişlər. Hətta yaşadığımız və müasir adlandırdığımız dövrdə belə, texniki inkişafların sürətlə artdığına baxmayaraq, bəşər heç vaxt belə bir iddia irəli sürməmişdir ki, yaratdıqları mövcud, yaxud keçmişdə yazılan qanunlar bütün bu ixtilaflara son qoymağa qadirdir. Yalnız insanı xəlq edən Xaliq bu işin öhdəsindən gələ bilər. Dahilərdən biri buyurub: ”Əgər bütün peyğəmbərlər bir şəhərə toplansalar, onların arasında ixtilaf olmaz” Bu qanunun necəliyi, kim tərəfindən yazılması “kəlam” elminin mövzusudur. Nəticə olaraq demək istərdim ki, kimliyindən, şəxsiyyətindən asılı olmayaraq sülh və rifah şəraitində yaşamaq istəyən insan, təkcə özünü, yaxınlarının mənfəətini güdməsin. Əgər belə olarsa insan ən vəhşi heyvandan da amansız və yırtıcı olacaqdır. Vəhşi bildiyimiz şir, ovunu ovladıqdan sonra bir guşəyə çəkilib istirahət edir. Yəni o günün ovu ilə kifayətlənir. Amma özünün xeyrini güdən, başqalarının sahib olduqlarına göz dikən insan, bu gün üçün qazandığını kifayət hesab etmir, sabahı ondan sonrakı günü, daha sonranı da fikirləşir. Nəticədə acgöz, yırtıcı məxluqa çevrilir. Peyğəmbərimiz belə insanlara işarə edərək buyurur:” Adəm övladının gözünü yalnız torpaq doyurar.” Bəli, belə insanlar nə vaxta kimi nəfəs alırlar doymayacaqlar. Belə insanlar şəxsi istəklərinə tabe olub başqalarının da onun istəkləri ilə uyğunlaşmasını arzulayırlar, hətta bu hədəflərinə çatmaq üçün müxtəlif yollara əl atırlar. Yalnız, insan öz istəklərinə göz yumub başqalarının haqqlarını nəzərə alaraq vahid qanuna tabe olduğu halda, bu cür qorxulu mənəvi xəstəliklərdən yaxa qurtara bilər. Beləliklə, onun başqaları ilə olan ziddiyyətləri aradan qalxar və cəmiyyətdə ədalətli mühit hökm sürər. Vəssalam!
Xəyal Tofiqoğlu
 |