Din və azadlıq PDF Print E-mailiniz
Bazar, 21 Fevral 2010 21:53

  Müqəddəs İslam dinində insan daim tədqiqat etmək, ağıl və şüurla özünü düşünərək, azad seçim etmək xüsusiyyətinə malikdir. İnsan təbii olaraq müxtəlif vadaredici istəklərlə yarandığına görə bu istəklər onun qeyd etdiyimiz xarakterinə maneəçilik törədir. Deməli agah və azad seçim insanın mühüm xüsusiyyətlərindəndir. Məhz bununla xeyiri və ya şəri ixtiyari olaraq seçir və öz həyatını ona həsr edir. Bu isə insanın iştirak etdiyi ən böyük imtahandır.

Azadlıq və azad seçimin insanın əsas ehtiyaclarından biri olmasına baxmayaraq təəssüflər olsun ki, bəşəriyyət tarixində insanların əksəriyyəti bu nemətdən yararlana bilməyib və daim əsarət və bəndəliklə öz ömürlərini başa vurublar. Belə ki, bəziləri başqa insanların sərəncamında, bəziləri şəhvət və məqam əsiri və əksər insanlar xurafatların (ata-babalarından miras qalan batil etiqadların) əsiri olublar.
Peyğəmbərlər həmişə insanları əsarət zəncirlərindən azad etmək istəmişlər. Bu məsələ bütün peyğəmbərlərin başlıca proqramlarından idi. Onlar insanları azad etmək məqsədilə onları Allahdan başqasının bəndəliyindən çəkindirib Allaha bəndə etmək üçün bütün varlıqları ilə çalışıblar.
Bu barədə bəzi ayələr və hədislərə işarə edirik ki, dinin azadlığa nə qədər əhəmiyyət verdiyi aydınlaşsın:
“Biz hər ümmətə: Allaha ibadət edin, Tağutdan çəkinin! – deyə peyğəmbər göndərmişdik...”(1)
Həzrət Musa (ə) Misir fironlarını tövhidə səsləyəndən sonra Bəni-İsrailin Fironun bəndəliyindən azad olmasını istədi:
“Allahın bəndələrini (İsrail oğullarını) mənə verin. Həqiqətən, mən sizin üçün mötəbər (güvəniləsi, sözündə düz, əmanətə xəyanət etməyən) bir peyğəmbərəm!”(2)
Həzrət Musa həzrət Harunla Fironun yanına gedib bu sözləri deyəndən sonra Firon minnət qoyaraq dedi:
“Biz səni körpə uşaqkən yanımıza alıb böyütmədikmi? Sən illərcə yanımızda qalmadınmı?(3) İndi bizim əleyhimizə danışırsan?
Həzrət Musa cavabında buyurdu:
“Boynuma minnət qoyduğun bu nemət də (məni sərbəst buraxıb) İsrail oğullarını (özünə) qul etdiyinə görədir. (İsrail övladını kölə etdiyin halda, məni öz yanına alıb böyütdüyünü başımamı qaxırsan?)”(4)
Demək, qeyd etdiyimiz ayələrdə göründüyü kimi həzrət Musanın (ə) Tövhiddən sonra ilk məqsədi İsrail oğullarını Fironun bəndəliyindən azad etmək idi.
İslam Peyğəmbəri barəsində Quran buyurur:
“O kəslər ki, əllərindəki Tövratda və İncildə (adını, vəsfini və əlamətlərini) yazılmış gördükləri rəsula – ümmi (heç kəsin yanında oxuyub elm öyrənməmiş və ya məkkəli) peyğəmbərə tabe olurlar. (O Peyğəmbər) Onlara yaxşı işlər görməyi buyurar, pis işləri qadağan edər, təmiz (pak) nemətləri halal, murdar (napak) şeyləri haram edər, onların ağır yükünü yüngülləşdirər və üstlərindəki buxovları açar (şəriətin çətin hökmlərini götürər). Ona (o Peyğəmbərə) iman gətirən, yardım göstərən və onunla (Quranın) ardınca gedənlər məhz onlar nicat tapanlardır!”(5)
Bu ayədə peyğəmbərin (s) vəzifəsi yaxşı əməllərə əmr etmək və pis əməllərdən çəkindirmək və halal və haramı izah etməkdən sonra insanların çiyinlərindəki ağır yükləri götürmək, əsarət zəncirlərini qırmaq və onları azad etməkdir. Məqsəd isə Allahdan başqa heç bir varlığın bəndəliyini qəbul etməməkdir.
Qurani-kərimin başqa ayələrində də insanın azad seçim haqqı olduğuna işarə olunur:
“Biz ona haqq yolu göstərdik. İstər (nemətlərimizə) minnətdar olsun, istər nankor (bu onun öz işidir)”.(6)
“Və de: Haqq Rəbbinizdəndir. Kim istəyir inansın, kim də istəyir inanmasın (kafir olsun)”.(7)
Deməli Quran baxımından azadlıq insan həyatı üçün inkar olunmaz bir qaydadır. Əlbəttə digər insanların azadlığına zərbə vurarsa bəzi məhdudiyyətlər yaranmalıdır.
Hədislərdə də azadlıq məsələsinə imamlar tərəfindən böyük diqqət olunub ki, onların bəzilərinə işarə edirik:
Həzrət Əli (ə) imam Müctəbaya (ə) buyurur:
“Başqaların bəndəsi olma; Çünki Allah səni azad yaradıb.”(8)
O həzrət başqa yerdə insanı bəndəliyə səbəb olan sifətlərdən çəkindirərək buyurur:
“Tamah sənə bəndəlik möhürü vurmasın, Çünki Allah səni azad yaradıb”(9)
O həzrət başqa hədisdə buyurur:
“Nəfs və şəhvətə tabe olmaq onun bəndəliyidir, onlara tabe olmamaq isə azadlıqdır”(10)
Qurani-kərim də nəfsə tabe olanları nəfsin bəndələri adlandırır:
“ (Ya Peyğəmbər!) Nəfsini özünə tanrı edən və Allahın bilərəkdən (onu hələ yaratmamışdan gələcəkdə kafir olacağını bildiyi üçün) yoldan çıxartdığı, qulağını və qəlbini möhürlədiyi, gözünə də pərdə çəkdiyi kimsəni gördünmü? Allahdan başqa kim onu doğru yola sala bilər?! Məgər düşünüb ibrət almırsınız?” (Haqqı bildiyi halda küfr edənin cəzası, haqqı bilmədən, cahilliyi üzündən küfr edənin cəzasından daha ağırdır. Çünki alimlə cahilin məsuliyyəti eyni ola bilməz!) (11)
Hər halda bəndəlik və tabelik Allahdan başqası üçün olarsa bu halda məzəmmət olunur. Əksinə Allaha tabe olan şəxlər isə buna görə fəxr edə bilərlər. Həzrət İsa (ə) Allahdan bir möcüzə olaraq körpə ikən dilə gəlib buyurdu: “Mən, həqiqətən, Allahın quluyam. O mənə kitab (İncil) verdi, özümü də peyğəmbər etdi.”(12)
Quran, peyğəmbərin ən böyük kamalına onun bəndəliyinə işarə edərək buyurur:
“Bəzi ayələrimizi (qüdrətimizə dəlalət edən qəribəlikləri və əcaiblikləri) göstərmək üçün bəndəsini (peyğəmbər əleyhissəlamı) bir gecə (Məkkədəki) Məscidül-həramdan ətrafını mübarək etdiyimiz (bərəkət verdiyimiz) Məscidül-əqsaya (Beytül-müqəddəsə) aparan Allah pak və müqəddəsdir. O, doğrudan da, (hər şeyi) eşidəndir, görəndir!”(13)
Həzrət Əli (ə) dua edərkən buyurur:
“Mən fəxr edirəm ki, Sənin bəndənəm və Sən mənim Rəbbimsən!”(14)
Demək, azadlıq Qərb yazıçılarının məhsulu, insan hüquqlarının qayğısına qalanların göstərdikləri səylər və ya hazırkı beynəl-miləl təşkilatların istəyi deyil. Azadlıq Allahın bəşər üçün istədiyi və peyğəmbərlərin əhəmiyyət verdiyi ən böyük nemətdir.


1. Nəhl surəsi, 36-cı ayə.
2. Duxan surəsi, 18-ci ayə.
3. Şüəra surəsi, 18-ci ayə.
4. Şüəra surəsi, 22-ci ayə.
5. Əraf surəsi, 157-ci ayə.
6. Dəhr surəsi, 3-cü ayə.
7. Kəhf surəsi, 29-cu ayə.
8. Nəhcul-bəlağə, 31-ci məktub.
9. Ğurərül-hikəm, 298.
10. Biharül-ənvar, 77, hədis:1.
11. Casiyə surəsi, 23-cü ayə.
12. Məryəm surəsi, 30-cu ayə.
13. İsra surəsi, 1-ci ayə.
14. Biharül-ənvar, 77, hədis:23.

Hazırladı: Şəhriyar
Baxış sayı: 181
Şərhlər (0)Add Comment

Şərh yazın
Kiçilt | Böyüt
security code


busy
 

Yazarlar

Coşqun Cəfər
Yetimlərin Pənahı
Vüsal Hüseynzadə
Orucluq bizə nə verir?
Mirməhəmməd Əhmədov
Uzunqulağın xoşagəlməz səsi və xilqət
Eldar İlqaroğlu
Nağılbaz molla
Rəsul Mahmudov
Öz eyiblərini görmək xoşbəxtliyi
Zəhra Hüseynzadə
Şuşa məscidi və Ədalətsiz dünya
Bütün yazarlar

Uyğun yazılar