O, qərb şərqşunaslarının gözü ilə PDF Print E-mailiniz
Çərşənbə, 03 Mart 2010 21:50

Həzrət Məhəmməd qərb şərqşunaslarının gözü ilə

XVIII əsrdə Avropa mədəniyyətində dünyəvi meyllərin artması, Qərb ölkələrinin Şərqdə müstəmləkəçilik siyasəti aparması və xalqların təkcə güc üsulu ilə idarə olunmasının mümkünsüzlüyü Avropada Şərqlə bağlı elmi tədqiqatların aparılmasını labüdləşdirirdi. Şərq ölkələrinin əsasən müsəlman xalqlardan ibarət olması Qərb mütəfəkkirlərini İslam dini, onun əsasları, Peyğəmbəri və onun həyat yolu ilə bağlı məlumatlar toplamağa və araşdırmalar aparmağa sövq edirdi. O zamanlar Məhəmməd peyğəmbər (s) haqqında Avropada vüsət tapan məlumatlar müəyyən mövhumatlara və batil inanclara əsaslanırdı.
XVIII əsrdən etibarən Şərq ölkələri ilə bağlı tədqiqatların sayı sürətlə artmağa başladı. XIX əsrdə Reinhat Dozy (1820-1883) və Vilyam Muir (1819-1905) kimi müəlliflər tərəfindən qələmə alınan İslam tarixinə dair əsərlərin ciddi əməyin məhsulu olduğu qəbul edilsə də, onu da qeyd etmək lazımdır ki, bu yazılarda Şərqə və İslama qarşı loyal münasibətdən daha çox, dini-siyasi baxışlardan doğan qərəz hiss edilirdi. Bu cür müəlliflərin əksəriyyətini ixtisasca şərqşünaslar təşkil edirdi ki, onların da əsas məqsədi həzrəti Məhəmmədin (s) şəxsiyyətini olduğu kimi deyil, özlərinə sərf edən şəkildə təqdim etmək idi. Bunun üçün onlar hər bir vasitədən istifadə edirdilər. Əgər Məhəmməd peyğəmbərin (s) şəxsiyyəti olduğu kimi təqdim olunsaydı, bu Avropada İslama qarşı rəğbət hissinin yaranmasına səbəb ola bilərdi ki, bu da o dövrdə Qərb dövlətlərinin yeritdiyi siyasətlə üst-üstə düşmürdü. Bu dövrün tədqiqatçıları həzrəti Məhəmmədi dünyəviləşdirmək (s), onu həqiqi peyğəmbər kimi deyil, dünyəvi bir lider olduğunu göstərmək üçün çox böyük canfəşanlıq göstərirdilər. Hətta Caussin “İslamın əslində siyasi quruluş olduğunu, qətiyyən dinin sistem olmadığını” iddia edirdi. Həmin dövrdə İslam mövzusunda obyektiv olduqlarını bəyan edən bu şərqşünaslar həzrəti Məhəmmədi (s) Avropa cəmiyyətində ictimai fikrə güclü təsir göstərə bilən azad, mütərəqqi fikirli şəxsiyyət kimi təsvir etmiş, onun əsasən bu xüsusiyyətlərini qabardaraq təqdim etməyə səy göstərmişlər.
Məhəmməd peyğəmbərin (s) həyatı haqqında Qərbdə qələmə alınmış belə bioqrafiyalar müsəlman ziyalılarına da təsirsiz ötüşməmişdir. Belə ki, şərqşünasların bəhrələndiyi fikirlər, yeni meydana çıxan elmi cərəyanlara və müsəlman alimlərinə də öz təsirini göstərmişdir. Bunun nəticəsində Qərbdə İslam tarixinə dair yazılmış bu cür əsərlər İslam ölkələrinin bəzi mütəffəkirləri tərəfindən bəyənilmiş, onlardan bəziləri həzrəti Məhəmmədin (s) həyatına dair əsərlər yazmışdılar. Hətta iş o yerə çatmışdı ki, ərəb yazıçılarından bəziləri Qərb həmkarlarının əsərlərindən təsirlənərək açıq sürətdə həzrət Məhəmmədin (s) peyğəmbərliyini inkar etmiş, onun ancaq dahi, siyasi və hərbi uğurlar qazanan böyük şəxsiyyət olduğunu söyləmişlər. Şibli Şümeyyil adlı ərəb əsilli məşhur həkim Rəşid Rzaya yazdığı məktubunda deyirdi: “Allaha və vəhyə inanmayan, Məhəmmədin (s) peyğəmbərliyini qəbul etməyən şəxs kimi mən Məhəmmədi (s) sənin onu Allahın rəsulu kimi qəbul etdiyindən daha böyük şəxsiyyət hesab edirəm”. Misirdə Fərid Vəcdi, doktor Zeki Mübarək, Abbas Mahmud əl-Akkad və Heykəl Paşa kimi ziyalılar Məhəmməd peyğəmbər (s) haqqındakı yazılarında onun möcüzələri haqqında danışmamış, qəhrəmanlığından və zəkasınından bəhs etmiş, peyğəmbərliyinin mənəvi xarakteri üzərində dayanmamışdılar. Buna görə də Mustafa Sabri Əfəndi “Peyğəmbərliyin yerinə dahiliyi qoymaq istəyinə görə” onları ittiham etmişdir. Hətta o, Peyğəmbərin möcüzələrin inkar olunmasının və peyğəmbərliyin əsas göstəricisi olan möcüzəvi xüsusiyyətlərinin nəzərdən qaçırılmasının bəzi müəlliflərin irəli sürdüyü “Məhəmməd peyğəmbər şəklində ortaya çıxmış qəhrəmandandır” iddiasının qəbulu ilə nəticələnəcəyini söyləmişdi. Mustafa Sabri Əfəndi Peyğəmbərimizin dahiliyindən bəhs edilməsinin əleyhinə deyildi. Onun fikrincə, peyğəmbərliyin əsas xüsusiyyəti möcüzədir. Haqqında danışılan müəlliflər isə möcüzələrin yerinə dahiliyi qoyaraq onu peyğəmbərliyin ayrılmaz hissəsi kimi göstərmək istəyirlər. Peyğəmbərlikdən irəli gələrək Məhəmmədin (s) dahiliyindən, zəkasından bəhs edilməsində isə heç bir qəbahət yoxdur.
Qərb düşüncə tərzində və elm sahələrində materializmin hakim mövqedə olması ilə yanaşı, xristianlığın mistik xarakteri də xristian alimlərinin Məhəmməd peyğəmbər haqqında baxışlarının formalaşmasına güclü təsir göstərmişdir. Məhəmməd Peyğəmbərin (s) həyatı haqqında əsər yazmış bəzi müsəlman müəlliflər də ona dünyəvilik və xristianlıq əleyhdarı nöqteyi-nəzərindən yanaşırdılar. Xristian müəllifləri üçün peyğəmbər prototipi dünyəvi işlərə qarışmamış həzrət İsa (ə.s) idi. Xristian müəllifləri həzrət İsa (s) ilə bağlı düşüncələri ilə müqayisədə (İsa peyğəmbər dini siyasi sistem şəklinə salmamışdır) Məhəmməd peyğəmbərin mənəvi əhəmiyyətini, onun dini həyatdakı mövqeyini gələcək nəsillər üçün nümunə hesab olunmasını qəbul edə bilmirdilər. Onlara görə, həzrəti Məhəmməd (s) ilk növbədə həm yeni bir ideologiya, həm də dövlət qurucusudur. Buna görə də həzrət Məhəmmədin (s) mənəvi səciyyəyə malik olmadığını, həzrəti İsa ilə deyil, bəlkə İsrail peyğəmbərləri ilə müqayisə edilə biləcəyini söyləyirdilər. Hitti “İslam İncildə əksini tapan xristianlıqdan daha çox, Tövratın irəli sürdüyü Yəhudiliyə yaxındır” deyirdi. Həzrət İsa (ə.s) ilə bağlı gəldikləri qənaətdən irəli gələrək xristian müəlliflərin həzrət Məhəmmədin (s) mənəvi əhəmiyyətini, ruhi və dini həyatın prototipi olaraq rolunu qavramaları olduqca çətin məsələ idi. Müasir fransız şərqşünası Louis Massignona görə, İslam “Tanrının İsada təcəlli etməsinə qarşı bir sistemdir”. Onun fikrincə, İslamın ən böyük qəhrəmanı həzrət Məhəmməd (s) deyil, Tanrını insanlaşdırmağa cəsarət edən Həllac Mənsurdur. Beləliklə, həzrət İsanın tərəfdarı kimi o, Həllac Mənsuru ön plana çəkmişdir.
Məhəmməd Peyğəmbərin (s) təkidlə dünyəvi xüsusiyyətləri üzərində dayanaraq mənəvi tərəfinin nəzərə alınmamasının səbəblərindən biri də sırf siyasi maraqlardan irəli gəlirdi. Çünki istilaçı dövlətlərə həmin ərazilərdə möhkəmlənmək, uzun müddət qalmaq üçün bu ərazilərdə elə bir mühit yaratmaq lazım idi ki, bu mühit onların öz məqsədlərini həyata keçirməyə mane olmasın.
Həzrət Məhəmmədin (s) ictimai və siyasi uğurları, həmçinin ailə həyatı və iştirak etdiyi döyüşlər ömrünün yalnız dünya həyatı ilə bağlı hissəsini təşkil edir. Peyğəmbərimizin (s) ailə həyatı sosial-məişət sahəsinə aid məsələ kimi nəzərdən keçirilməlidir. Onun birdən artıq alə həyatı qurması fiziki və boloji tələbatları qarşısında acizliyinə dəlalət etmir. Əksinə, bəşəri və mənəvi ehtiyacların ödənilməsinin göstəricisidir. Həzrət Peyğəmbərin (s) döyüşlərdəki qəhrəmanlıqlarına yalnız şərqşünaslar deyil, müsəlman müəlliflər də diqqət çəkmişlər. Onlar müasir insana həzrət Məhəmmədi (s) daha yaxşı tanıtmaq üçün onun qəhrəmanlığından bəhs etməni məqsdəuyğun hesab etmişlər. Belə ki, müsəlmanlarla yanaşı, qeyri-müsəlmanların da onu tanımaları üçün əsərinə həzrət Peyğəmbərin (s) qəhrəmanlığından bəhs etməklə başlayan Əbdürrəhman Azzam “O böyük peyğəmbərə qəhrəman demək və ondan adi qəhrəman kimi bəhs etmək mənə çox ağır gəlir” demişdir. Məşhur sosioloq və mütəfəkkir Əli Şəriətiyə görə, həzrət Məhəmməd (s) təkcə hərbi uğurları nəzərə alınaraq qiymətləndirilsəydi, bəşər tarixinin ən böyk qəhrəmanlarından sayılardı. Halbuki, onun döyüşlərdəki qələbələri, dahi sərkərdəlik bacarığı digər məziyyətləri ilə müqayisədə nisbətən əhəmiyyətsiz hesab edilir. O, deyirdi: “Həzrət Məhəmməd (s) yalnız xalqın mənəviyyat məsələləri ilə məşğul olan şəxsiyyət deyildi. O, siyasət və hərb sahələrində dahi şəxsiyyət olduğu kimi, mənəviyyat, təqva, şəfqət sahəsində də güclü keyfiyyətlərə malik idi.
Seyid Hüseyn Nəsr də həzrət Məhəmmədin (s) fitrət baxımından tənhalığa və təfəkkürə meylli şəxs olduğunu vurğulamış, həzrət Peyğəmbəri (s) hərbçi obrazında təqdim edən müasir tədqiqatların onun həqiqi şəxsiyyətini təhrif olunmuş formada təsvir etdiyini bildirmişdir.
Həzrət Məhəmmədin (s) mənəvi keyfiyyətlərini izah etmə çətinliyi yalnız Qərb müəlliflərinin əsərlərində müşahidə olunmur. Bu müsəlman müəliflərinə də aiddir. Əli Şəriəti bu çətinliyi “İnsanı yalnız həyatındakı hadisələr əsasında tanımaq mümkün deyildir” sözləri ilə ifadə etmişdir. Əli Şəriəti “Məhəmmədi tanıyaq” adlı əsərində qayəsinin “Bu uca ruha yaxınlaşmaq cəhdi” olduğunu bildirmişdir. Müəllif əsərin müəyyən hissələrində psixoloji məqamlara toxunmuş, həzrət Məhəmmədin (s) həyatını sosial meyarlar əsasında təhlil etmişdir. O, həzrət Peyğəmbərdən (s) belə bəhs edir: “O, bəşəriyyətin qarşısında yeni bir yol və cığır açmış, bütün məktəbləri bağlayıb, yeni bir məktəb təsis etmiş, bütün qəlibləri sındırıb, yeni bir qəlib formalaşdırmış, beyinlərdən köhnə fikirləri silib, yeni fikirlərin təməlini qoymuşdur”.
Şəriəti Peğəmbərin (s) ən bariz vəsfinin çox həssas vicdan olduğunu vurğulayır. Onun fikrincə, cahiliyyə dövrü ərəbləri həzrət Peyğəmbəri (s) məhz vicdan yönü ilə tanımış, buna görə də ona “əl-Əmin” ləqəbini vermişdilər.
Qərbdə maddəpərəst dialektik fəlsəfənin akuallığını itirməsi fonunda XX əsrin ikinci yarısında həzrət Məhəmməddən (s) daha real və qərəzsiz şəkildə bəhs edildiyi müşahidə olunmuşdur. Müasir şərqşünaslardan Montqmeri Vott həzrət Məhəmmədin (s) İslam tarixində bir çox mistik şəxsiyyətə nümunə olduğunu qeyd etmiş, onun mənəvi şəxsiyyəti haqqında müsbət fikirlər səsləndirmişdir. Vott həzrət Məhəmmədin (s) həqiqətən peyğəmbər olduğuna inandığını belə dilə gətirmişdir: “Biz xristianlar “Onları meyvələrindən tanıyacaqsan” (Matta 7.20) mənasını verən xristian prinsipini əsas tutaraq, bunu qəbul etməliyik. Çünki əsrlər boyu İslam bir çox zahid və yüksək şəxsiyyətə malik insan ərsəyə gətirmişdir”. Vott “rəsulullah” məfhumunun ingilis dilinə sekulyar məna kəsb edən “messenger”/(elçi) sözü əvəzinə “prophet”/(peyğəmbər) kimi tərcümə edilməsinin daha düzgün olacağını bildirirdi.
Şərqşünasların son dövrlərdə həzrət Peyğəmbərin (s) əxlaqi və mənəvi yönlərinə nəzər salmalarının siyasi səbəb və motivləri də ola bilər. Həzrət Məhəmmədin mesajının yalnız dini və əxlaqi məzmunlu olduğunun irəli sürülməsinin II Dünya Müharibəsindən sonra müsəlman ölkələrində baş verən azadlıq hərəkatları və cihad fəaliyətlərini ideoloji baxımdan zərərsizləşdirmək məqsədi daşıdığı ehtimal oluna bilər. Şərqşünaslardan bəziləri onun əsl hədəfinin əxlaq sistemi yaratmaq olduğunu, əhatəsindəki insanların mənəvi-əxlaqi səviyyəsinin yüksəlməsində müstəsna xidmətlər göstərdiyini bildirmişlər. Müasir şərqşünas Klod Kahe həzrət Peyğəmbərin (s) məqsəd və məqamlarından danışarkən belə demişdir: “Bütün din təsisçiləri kimi, Məhəmmədin (s) də sosial doktrinası yoxdur; yeganə hədəfi əxlaq sistemi formalaşdırmaqdır... Məhəmməd (s) qarşılıqlı məsuliyyət və güclü yardımlaşma şüuru ilə birləşmiş insanlardan sağlam cəmiyyət qurmaq istəyirdi”.
Klod Kahe onun dürüstlüyü və səmimiyyəti haqqında bu sözləri deyib: “Həzrət Məhəmmədin (s) əhatəsindəki insanların mənəvi-əxlaqi səviyyəsini yüksəltmək yollarını axtararkən heyrətamiz dərəcədə dürüst davranmış, məqsədinə nail olmaq üçün bacarıq və istedadını əsirgəməmişdir. O, öz dəvət metodunu münasibət qurduğu insanların adət-ənənələrinə, xarakterlərinə uyğun formalaşdırmış, çox böyük bacarıq, siyasi düha nümayiş etdirmişdir. Həzrət Peyğəmbərin (s) həyat yolunu xəyalımızda canlandırarkən həyəcanlanmamaq, ona ehtiram hiss bəsləməmək mümkün deyildir”.
Peyğəmbərimizin həyatı barəsində məlumatın çoxluğu onun fərqli aspektlərdən şərh edilməsinə imkan yaradir. Şəxsiyyəti haqqında tarixi məlumat və rəvayətlər çox olduğundan hər müəllif həzrət Məhəmmədi (s) fərqli xüsusiyyətlərinə görə fərqli nəzər- nöqtələrindən tanıtmışdır. Qərbli müəlliflər bu faktı belə etiraf ediblər: “Bütün din təsisçilərindən yalnız həzrət Məhəmmədin (s) şəxsiyyəti, xarakter incəlikləri ön plana çıxmışdır. Bəzilərinə görə o, qəhrəman, digərlərinə görə, dünya tarixində ilk sosialist, başqalarına görə isə dahidir. Onun qurduğu dini camaatın qısa müddət ərzində siyasi muxtariyyət yaratmasını, yeni bir cəmiyyət və mədəniyyətin ortaya çıxarmasını bir çox şərqşünaslar qəbul edirlər. Hətta Peyğəmbərin cəmiyyət həyatınının tənzimlənməsinə dair prinsip və meyarları onun müasir tarixçilər tərəfindən ilk sosialist hesab edilməsinə yol açmışdır.
Yuxarıda qeyd etdiklərimiz göstərir ki, həzrət Peyğəmbərlə (s) bağlı bir çox müasir tədqiqatlar oxucuları tarixi nüanslarla təmin etsə də, onun həqiqi şəxsiyyətinin tanınması üçün olduqca yararsızdır. Çünki bu əsərlər ya müasir Qərb düşüncəsinin təsiri ilə yazılmış, ya da onu ittiham mahiyyətində qələmə alınmışdır. Modernist müsəlman müəllifləri həzrət Məhəmmədin (s) humanist və rasional təfəkkürlərinə sığmayan metafizik yönlərinə biganə qalmış, onu adi insan kimi göstərməyə çalışmışlar.
Həzrət Peyğəmbərin əxlaqi keyfiyyətlərini və dahiliyini onun peyğəmbərliyinə inanan və inanmayan hər kəs etiraf etmişdir. Amma vəhylə əlaqəsi və metafizik xarakterinə həmişə laqeyd yanaşılmışdır. Halbuki, klassik İslam qaynaqlarında “peyğəmbərlər fövqəladə ağıla və mükəmməl əxlaqa sahib şəxsiyyətlər kimi təsvir edilirlər. Onlar xətadan qorunublar, əməlləri vəhy qaynaqlıdır. Parlaq zəka, gözəl əxlaq, dürüstlük və etibarlılıq həzrət Məhəmmədin (s) cahiliyyə dövründə də məlum olan və təqdir edilən məziyyətləridir. Onun peyğəmbərliyi qeyd edilən keyfiyyətləri ilə yanaşı, qeyb aləmi ilə olan əlaqəsi sayəsində hasil olmuşdur. Onun peyğəmbərliyi ilahi vəhylə rabitəsi və xətalardan qorunma xüsusiyyəti olmadan tamamlanmazdı. Buna görə də onun həqiqi mahiyyətinin dərk edilməsi mənəvi və ruhani keyfiyyətlərinin diqqət kənarında saxlanılacağı və yalnız dünyəvi keyfiyyətlərinin ön plana çəkiləcəyi təqdirdə mümkün deyildir. Çünki Şuonun da qeyd etdiyi kimi, həzrət Məhəmməd (s) bəşəri üstünlüklərinə görə deyil, Allahın seçimi nəticəsində peyğəmbərliklə vəzifələndirilmişdir.
Hədis və siyər kitablarındakı məlumatların səmimi və qərəzsiz şəkildə cəm edilməsi belə, Rəsuli Əkrəmin (s) mənəvi şəxsiyyətini və qüdsi mahiyyətini dərk etmək üçün kifayət etmir. Çünki bu əsərlərdə onun yalnız bəşəri xüsusiyyətlərinə diqqət yönəldilmişdir. Elə buna görə də müsəlmanlar peyğəmbərə sevgilərini ifadə etmək üçün fərqli və daha sərbəst ifadə tərzləri axtarmışlar. “Dəlail” (peyğəmbərliyin dəlilləri) və şəmail (peyğəmbərin xüsusiyyətləri) ilə bağlı tədqiqatlar, ona olan sevgini tərənnüm edən qəsidələr bu ehtiyacdan qaynaqlanmış ədəbi və elmi nümunələrdir. Peyğəmbər sevgisi ilə yoğrulmuş ilahi, qəsidə və mövlud mərasimlərinin günümüzdə də müsəlmanları həyəcanlandıran, bir yerə toplaşmağa sövq edən ən mühüm dini motivlərdən biri olması, şübhəsiz ki, həzrət Peyğəmbəri (s) qəlb və bəsirət gözü ilə təsvir etmələridir.

Baxış sayı: 201
Şərhlər (0)Add Comment

Şərh yazın
Kiçilt | Böyüt
security code


busy
 

Yazarlar

Coşqun Cəfər
Yetimlərin Pənahı
Vüsal Hüseynzadə
Orucluq bizə nə verir?
Mirməhəmməd Əhmədov
Uzunqulağın xoşagəlməz səsi və xilqət
Eldar İlqaroğlu
Nağılbaz molla
Rəsul Mahmudov
Öz eyiblərini görmək xoşbəxtliyi
Zəhra Hüseynzadə
Şuşa məscidi və Ədalətsiz dünya
Bütün yazarlar

Təqvim

Uyğun yazılar

Bizim banner

Kataloq