Ön söz

 

     Qadının azadlığı və hüququna aid olan məsələlər arasında hicab, bu günün incə və aktual məsələlərindən biridirir. Əslində hicab, geniş və əhatəli şəkildə tədqiq olunası məsələdir. Bu tədqiqat işində əsasən Quranda hicab haqqında olan ayələrə önəm verilib. Mövzu çərçivəsində araşdırılan əsas termin və sözlərin lüğət elmində hansı məna daşıdığına diqqət edilmiş, məsələ bir neçə təfsir kitablarına əsasən araşdırılmışdır.
      Bu mövzunu tədqiq etmək üçün bir sıra səbəblər var. Onlardan biri də (bəzilərinin düşüncəsinə əsasən) Quranda hicabın vacib olmaması iddiasıdır. Azərbaycan Respublikası Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sabiq sədri Rafiq Əliyevin tələbələrlə görüşüzü zamanı söylədikləri də, buna bir nümunə ola bilər. O, İslamda hicabın vacib olmamasını və geyimə riayət etməyin lüzumsuzluğunu deyib. Bu, hicab məsələsində təfrit sayılır. Digər tərəfdən də, bəzi alimlər fətvalarında hicabın qara rəngdə olması, hətta əllərin və üzün də örtülməsini vacib saymaqla, ifrtaçılığa yol veriblər. Bəzi bilik adamları da mənafelərinə uyğun olaraq bundan sui-istifadə edir və İslamı mənfi obrazda qələmə verirlər.
      Məsələn, qadın azadlığı barəsində danışılan zaman, hicabı elə bir ölçüdə göstərirlər ki, sanki o müsəlman qadının zindanıdır, bir zəncir kimi onun əllərini bağlayıb bütün fəaliyyətlərdən məhrum edir. Ona görə də qərara aldım ki, ifrat və təfritçilərin yanlış mövqələrini kənara qoyub, ən azı özümü maraqlandıran suallara cavab tapmaq üçün hicabı və ya çoxunun haqqında hökm çıxardığı çarşabı, Quranda “cilbab” və “ximar” kəlmələri ilə ifadə olunmuş ayalər əsasında araşdırım.
      Hicabı və ya bu qəbildən olan geyimləri Avropa ölkələrinin müasir geyimləri ilə bir araya qoymaq, yaxud müsəlman qadının geyimi kimi tanıtdırmaq olarmı?! Təbii ki, bu (onların uyğunlaşması) mümkünsüzdür. Qərb ölkələrində İslam dininin təbliği bəzən uğursuzluqla nəticələnir. İrandan göndərilmiş İslam təbliğçiləri öz ölkəlrində hicabın necəliyi barədə müxtəlif fikirlər söyləyirlər. Onların bu barədə fərqli fikirlərə malik olmasını bəzən camaatın diilindən də eşitmək olar.
      Bütün bunları nəzərə alaraq, hicabın hədd və necəliyini müəyyən etmək üçün tədqiqat işində hicaba aid olan ayələr və onları təfsir edən bir sıra rəvayətlər araşdırılıb.

 

 

Birinci fəsil

 

     Mövzunu araşdırmaq üçün öncə ona aid termin və ifadələr müəyyən edilməli, onların həqiqi mənaları aydınlaşdırılmalıdır. Burada mövzumuza aid əsas dörd termin nəzərdən keçirilir:


1. Hicab;

    “Hicab” sözünün leksik mənası hazırda danışıqda istifadə edilən mənadan fərqlidir. Bizim əsrimizdə hicab, geyim mənasını daşıyır. Halbuki lüğət elmində bu söz müxtəlif şəkillərdə mənalanıb. Bu kəlmə dəyişməsəydi, “sətr”, yəni örtük mənasını daşısaydı daha məqsədəuyğun olardı. Çünki “hicab” kəlməsi daha çox pərdə anlamını daşıyışır. Ona görə də hicabı bir geyim kimi qələmə versək, qadının pərdə arxasında qalması, evdə həbs olması kimi anlaşılacaq. (Murtəza Mütəhhəri. Məsəleyi-hicab. Sədra. Əlli birinci çap, Tehran, 1387 ş, səh. 79)
     “Əl-Müncid” kitabına görə, “hicab” kəlməsi “pərdə”, “geyim” və “örtük” mənalarını daşıyır. (Məluf Luis. Əl-Müncid. Bəndərriginin tərcüməsi. Dördüncü çap, Tehran, 1382 ş, səh. 251).
     “Hicab” sözü Quranda 7 dəfə qeyd olunub. (“Əraf” surəsi, ayə: 44, “Füsillət” surəsi, ayə: 4, “Məryəm” surəsi, ayə:17, “Əhzab” surəsi, ayə:53, “Şura” surəsi, ayə:53, “İsra” surəsi, ayə:47). Bu ayələrdə hicab, pərdə və görməyin qarşısını alan, maneə anlamını daşıyır. Təkcə “Şura” surəsinin 53-cü ayəsində qadın hicabı, geyim mənasında deyil, pərdə arxasında qalmaq mənasını ifadə edir.
     Tarixdə və hədislərdə “hicab ayəsi” deyildikdə, Peyğəmbərin (s) zövcələri haqqında nazil olan ayə nəzərdə tutulur (Mütəhhəri, səh. 81).


2. Cilbab;


     Cilbab bir növ qadıın geyiminə deyilir. Təfsirçilər bu sözün anlamında həmfikir deyillər. “Əl-Müncid” kitabında bu söz haqqında qeyd edilir ki, “cəlabib”, “cilbab” sözünün cəmidir, geyim və ya geniş köynək mənasını daşıyır (Məluf, c. 1, səh. 203, 204).
     Bu söz Quranda təkcə bir dəfə - “Əhzab” surəsinin 59-cu ayəsində istifadə olunub. Ərəb dilində “cilbab” qadının başını, sinəsini örtən “ximar”dan daha böyük, əbadan kiçik geyimə deyilir (Mütəhhəri, səh.173).
     “Kəşşaf” təfsirinə görə, “cilbab” sözü, qadıının bədənini başdan-ayağa örtən cübbə mənasını daşıyır (Mütəhhəri, səh. 174).
     “Qamus”, bu kəlməni iki şəkildə mənalandırır:
1) Cilbab, qadının bütün paltarlarını örtən örtükdür;

2) Cilbab, mələfədən kiçik olan qadın köynəyi və ya böyük (geniş) paltara deyilir (Mütəhhəri, səh.173).
     “Təfsirəl-mizan” əsərində “Əhzab” surəsinin 59-cu ayəsinin təfsiri əsnasında “cilbab” sözü haqqında yazılır: “Cəlabib”, cilbab kələməsinin cəmidir. Bədəni başdan-ayağa örtən paltara və ya başı və üzü tamamilə örtən xüsusi örpəyə (yaylığa) deyilir. (
Seyid Məhəmməd HüseynTəbatəbai. Əl-Mizan. Cəmaətül-müdərrisin, Qum, c. 16, səh. 339).
     Cilbab, onu örtənin iffətli olduğunu göstərməsi mənasında bütün təfsirçilər həmrəydir. “Tibyan” və “Məcməül-bəyan” təfsirlərində yuxarıdakı ayənin təfisiri əsnasında yazılıb ki, cilbab, qadın evdən çölə çıxan zaman baş və alnını örtmək üçün istifadə etdiyi örpəyə deyilir (
Məhəmməd ibn Həsən Tusi. Ət-Tibyan fi təfsiril-Quran. Əhməd Qəsir Amilinin təhqiqi. Beyrut, c.8, səh. 361).
     (“Nur” təfsirində bu söz Quranda istifadə olunan mənadan əxz olunmayıb).
     “Nur” təfisirində də “cilbab” sözünün cəmi “cəlabib”dir. Baş-boyunu örtən məqnə və ya bütün bədəni və baş-boyunu örtən böyük parça mənasını daşıyır (Qəraəti, c.9, səh. 399).


3. Ximar;

    “Ximar” sözü “əl-Müncid” kitabında qadın örpəyi və hər növ baş ötrüyünə deyilir (Məluf, c. 1, səh. 423). “Əl-Mizan” təfsirində bu sözlə bağlı belə oxuyuruq: "Ximar kəlməsinin cəmi (iki zəmmə ilə) “xumur” olur. Ximar, qadının başına bağladığı və onun qalan hissələrini sinəsinə saldığı bir örtükdür (Təbatəbai, c.15, səh. 116). “Məcməül-bəyan” təfsirində, ximar, baş və sinəni örtən örpəyə deyilir (Təbərisi, c.7, səh. 217). “Qamus”da ximar məqnə və böyük örpək mənasındadır.
     Şəhid Mütəhhəri ximar kəlməsini örpəklə eyni mənaladırır. Bu sözün cəm şəkilini Quranda “Nur” surəsinin 31-ci ayəsində görmək olar. Təfsirçilərin əksəriyyətinə görə “ximar”, örpək mənasını daşıyır. Amma onun ölçüsü bir qədər fərqli hallanıb. Ayədə işlənən “xumur” kəlməsindən məlum olur ki, qadın örpəkdən istifadə etməlidir və örpək başa bağlanır (Mütəhhəri, səh. 189).
     “Nur” təfsirində də ximar kəlməsinin cəmi “xumur” olub, örpək mənasını daşııyır. (Qəraəti, c.8, səh. 176)
Şeyx Tusi, “Tibyan”da ximarın qadının baş örtüyü oldğunu bildirir. Onun nəzərincə, bu örpək, alını da əhatə edir (Tusi, c.7, səh. 430).


4. Cuyub.


     “Əl-Müncid”ə görə, “cuyub”, “cəyb” kəlmsinin cəmi olub, sinələr mənasını ifadə edir (Məluf c.1, səh. 238).
“Əl-Mizan” təfsirində də “cuyub” kəlməsi (“cim” fəthəli, “ya”yı sakin olan) “cəyb” in cəmi kimi qeyd olunub. Orada da cuyub, sinə mənasını daşıyır (Təbatəbai, c.15 , səh. 112).
     “Nur” təfsirində “cuyub”, cəyb kəlməsinin cəmi olub, boyun və sinə mənasını daşıyır (Qəraəti, c.8. səh. 176).
     Tarixi mənbələrdən aydın olur ki, örpək haqqında ayə nazil olmazdan öncə, müsəlman
qadınlar ərəb qadınlarının o zamankı adətinə uyğun olaraq üzlərini örtmürdülər. Örpəyi qulaqların arxasından dolandırır və ətraf hissələrini arxaya salırdılar. Beləcə, qulaq, sırğa, üz, yaxa açıq qalırdı. “Ximar”ın “cüyub” üzərinə atılması, deyilən nahiyələrin örtülməsinə səbəb olur. Bu ifadə Quranda bir dəfə - “Nur” surəsinin 31-ci ayəsində qeyd edilir.

 

 

İkici fəsil
Qadın geyimi Quran ayələrində

 

    Quranda, təkcə iki ayədə (“Nur” surəsinin 31-ci ayəsi və “Əhzab” surəsnin 59-cu ayəsi) qadın geyimi haqqında lazım olan göstərişlərin olduğunu görürük. O ayələrin hər birini ayrıca araşdıraq.


1. “Nur” surəsi, 31-ci ayə


     “Mömin qadınlara de! İffətlərini qorusunlar və zinət əşyalarını göstərməsinlər, ondan görünən hissələrdən başqa. Örpəklərini başlarına atsınılar və öz zinətlərini göstərməsinlər...” (Və qul lil-muminati yəğzuznə min əbsərihinnə və yəhfəznə furucəhunnə və la yubdinə zinətəhunnə illa ma zəhərə minha vəl-yəzdibnə bixumurihinnə əla cuyubinnə...).
     (Quran. Tərcümə heyəti. (Məhəmməd Əli İsfahani və başqaları). Darüz-zikr, səh. 353).
Ayənin şəni-nüzulu (nazilolma səbəbi):
     Şeyx Kuleyni öz sənədinə əsasən İmam Baqirə (ə) istinad edilən bi rəvayəti nəql edir: “Bir gün bir qadın Mədinə şəhərində gedirdi. O zaman qadınlar örpəyi qulaq arxasından dolandırırdılar. Ənsardan olan bir kişi onun tamasına elə bir şəkildə qərq olmuşdu (ona baxırdı ki,) özündən xəbərsiz birdən alnı divardakı şüşə və ya sümüyə dəydi. Özünə gəldiyi zaman alnının yaralandığını və qanadığını hiss etdi. Elə o şəkildə peyğəmbərin (s) yanına getməyi və bütün bu olanları ona danışmağı qərara aldı. Belə də etdi. Bu zaman “Nur” surəsnin 30-31-ci ayələri nazil oldu (Kuleyni, “əl-Kafi”, c.8, Darül-kütubul-islamiyyə, 3-cü çap, Tehran, 1367, c.5, səh. 521. Həmçinin, Təbatəbai, c.15, səh. 116, Məkarim Şirazi, “Təfsiri-nümunə”, c.27, Darül-kütubul-islamiyyə, 1-ci çap, Tehran, 1374, c.14, səh. 435-436, və Qəraəti, c.8, səh. 173.).
     Buna bənzər rəvayəti Suyuti, Həzrət Əliyə (ə) istinad edərək nəql edib (Cəlaləddin Suyuti, “Əd-Durr əl-mənsur fi təfsiril-məsur”, Ayətullah Mərəşi Nəcəfi kitabxanası, Qum, 1404, h. c. 5, səh. 40).
     Suyuti “Nur” surəsinin 31-ci ayəsi haqqında ayrıca şəni-nüzul qeyd edib. Rəvayətdə deyilir ki, Əsma binti Murşid ağaclıqda idi. Qadınlar bilərzikləri və sinələri açıq halda Əsmanın yanına gəlirdi. Əsma bu haldan xoşlanmadı və deyilən ayə nazil oldu (Cəlaləddin Suyuti, Əd-darül-mənsur fi təfsiril-məsur, c.5, səh.41).
Ayənin təfsiri:
     Bu ayə öncəki ayə ilə birlikdə nazil olduğu üçün onların mənaları bir-birinə yaxındır. Onu kamil şəkildə başa düşmək üçün hər iki ayəyə diqqət etmək daha məqsədəuyğundur. Bu ayədə Allah-Təala möminlərə baxışlarını nəzarət altında saxlamağı, günahdan qorunmağı əmr edir. Ayətullah Məkarim Şirazinin sözü ilə ifadə etsək, ayədə aid olan fel deyilmədiyi üçün orada bütün haramlardan gözü qorumağı nəzərdə tutulduğunu demək olar (Makirim Şirazi, c.14, səh. 437). Ayədən məlum olur ki, məhrəmə baxmaq olar və baxılması qadağan olunan naməhrəmlərdir. Burada bir sıra təfsirçilərin baxmağın növünə dair irəli sürdükləri fikirlərlə tanış olmaq məqsədəuyğun olardı. Əksər təfsirçilərə görə, sözü gedən qadağa yalnız gözünü zilləyib qadına baxmaq deyil, eyni zamanda geniş, bir baxışla lüzumsuz olaraq qadınlara baxmağa şamil olunur.
     Öncəki ayənin axırından, Allah-Təalanın bəndələrinin bütün cüzi əməllərindən xəbərdar olduğu məlum olur. Bəzi şəxslər öz əməllərinə müxtəlif şəkillərdə bəhanə donu geydirsələr də bilməlidirlər ki, Allah-Təala öz əzəli elmi ilə onların niyyətini bilir. Ayədə qadınlara aid olan hökm ondan ibarətdir ki, öz bəzək əşyalarını naməhrəmlərə göstərməsin və yaxalarını örpəklə örtsünlər.
     Bundan öncə araşdırıldığı kimi, ximar (xumur) sözü, məqnə və ya örpək mənasını, cəyb (cüyub) sözü isə boğaz və sinə mənasını ifadə edir. O zamanlar örpəyi (yaylığı) qulaqların arxasından dolandırıb bağyarlaıyırdılar. Ona görə də boğaz və sinə açıq qalırdı. Ayə, açıq şəkildə bunu qadağan edir, “ximar”ı “cüyub”un üzərinə salmaq, (yəni məğnə və ya örpəklə boğaz və sinəni də örtməyi) əmr edir. Sözü gedən ayədə bədənin digər hissələrinin örtülməsi deyilmir. Çünki, ayə və ayənin şəni-nüzulundan məlum olur ki, o zaman qadınlar naməhrəmlərin önündə çarşaba bürünür, təkcə ayədə deyilən nahiyələri örtmürdülər.
    Tarix boyu üz və əlin örtülməsinin vacib olması haqqında fətva verən müctəhidlər də olub. Ayədə üzü bağlamaq islami hicaba riayət etmək kimi qəbul olunmur. O zamanlar sinə, boyun, hətta qulaqlarını örtməyən qadınların üzünü açıq saxlamaları məlum məsələdir. Ayədə təkcə boyun və sinənin bağlanmasına əmr olunur. Üzün örtülməsinə aid kiçik işərə belə olunmayıb. Burada İslam örpəyinin necəliyi haqqında söz açmaq məqsədəuyğundur.
     Bəzi İslam fəqih və alimləri, çarşabı islami hicab – İslami geyim kimi qələmə vermiş, onun müsəlman qadına vacib olduğunu söyləmişlər. Halbuki, bu mövzudan bəhc edən Quran ayələri və rəvayətlərdə müəyyən islami geyimdən söz açılmayıb.
     Şəni-nüzul və termin bəshində deyildi ki, o zamanlar qadınlar saçlarını örtmək üçün təkcə yaylıq və ya məqnədən istifadə edirdilər. Qadınların örpəyi təkcə saçları örtür və boğaz və sinə açıq qalırdı. Lüğət elmində bəziləri “ximar”ı adamı başdan-ayağadək örtən örtük kimi mənalandırsalar da məlum olur ki, o zaman istifadə olunan parça və ya örpək, çarşab və ya əba ölçüsündə olmayıb. Amma ayədə ximar qəti şəkildə o mənada istifadə olunmayıb. O, qulağın arxasından rahat şəkildə bağlanan kiçik örpək mənasındadır.
     Bu mühüm nüansa diqqət etmək lazımdır ki, Allah-Təala qadınlara o örpəyi bir başqası ilə dəyişməyə deyil, həmin örpəyi qulağın arxasından doladırmamağa, “ximar”in digər qalan hissələri ilə boğaz və sinəni örtməyə göstəriş verir.
     Ayənin davamında Allah-Təala qadınlara naməhrəmlərin önündə zinət əşyalarını aşkar etməməyi əmr edir. Mövzudan yayınmamaq üçün burada naməhrəm şəxslərin kimlərdən ibarət oludğu və onun təfsiri haqqında məlumat vermirik, zinət əşyəlarının necəliyi haqqında söz açırıq.
     Ayədən məlum olur ki, zinət əşyaları iki qisim - aşkar və gizli (görünməz) olab bilər. Ayədə gizli zinətləri aşkar etmək qadağan olunur. Təfsir və hədis kitablarında aşkar zinətləri müəyyən edən çoxlu sayda nəzərlər var. Əbülcarudun təfsiri (Əbülcarud öncə İmam Baqir (ə) və İmam Sadiqin (ə) səhabələrindən olub. Sonralar yolunu azıb İmam Sadiqin lənətini qazanıb. O, “carudiyyə”, “zeydiyyə” firqəsnin bünövrəsini qoyub) İmam Baqirdən (ə) nəql olunan rəvayətlərdən ibarətdir. Onun təfsiri bizə gəlib çatmayıb. O kitabda olan bəzi rəvayətləri “Təfsiri-Qumi”də görmək olar. İmam Baqirə (ə) isitinad olunan bir rəvayətdə sürmə, üzük, ələ qoyulan xına və bilərzik aşkarda olan bəzək əşyaları kimi qeyd olunub (Əli ibn İbrahim Qumi, “Təfsiri-Qumi” Seyid Təyyib Musəvi Cəzayrinin təhqiqi, Darül-kütub, 4-cü çap, Qum, 1367 c.2, səh. 101).
     Bəzi təfsirlərdə təkcə paltar, digərlərində paltarla yanaşı, örpək, üzük əllərə qoyulan xına və s. aşkar zinətlər kimi sayılıb (Suyuti, c.5, səh. 41-43).
     Təfsirlərdə sayılan hər növ zinət əşyası, sözün əsil mənasında, zinətdir. Amma ayədə qeyd olan zinət əşyası, el arasında (aşkar zinət kimi) məlum olan mənada deyilib. Onu təyin etmək mükəlləfin (şəriət hökümlərini yerinə yetirən şəxsin) öz öhdəsindədir. Zəməxşəri öz təfisirində ayədə zinətdən deyil, onun yerindən danışıldığını yazır. Onun nəzərincə, zinətin yerini naməhrəmlərə göstərmək haramdır. Ayədə zinət sözü məcazi mənada isitifadə olunub (Məhmud Zəməxşəri, Təfsiri-Kəşşaf, Darül-kütub-ərəbi, 3-cü çap, Beyrut, 1407, h. c.3, səh. 230).
     Əllamə Fəzlullah öz təfisirində bu nəzəri ayənin zahiri mənası kimi sayır (Fəzlullah Seyid Məhəmməd Hüseyn, “Min vəhyil-Quran” təfsiri, Darül-milak, 2-ci çap, Beyrut, h.1419, c.16, səh.300). O, Kuleynin İmam Sadiqə (ə) istinad etdiyi bir rəvayətə işarə edərək, bu mənanı təsdiqləyir (“Kişi naməhrəm qadının hansı nahiyəsinə baxa bilər” deyə soruşulduqda, İmam (ə) buyurur: “Üzünə, əllərinə və ayaqlarına!”) (Kuleyni c.5, səh. 521).
     Hədisdə naməhrəmə baxmağın hüdudları açıqlanıb. Ayə haqqında heç bir izah və işarə yoxdur. Bu rəvayəti “mə zəhərə minha” anlamında qəbul etmək düzgün deyil. Çünki ayədə bədənin - zinət əşyalarının yerinin örtülməsi nəzərdə tutulur. Bu ifadə sözün öz mənasına görə, zinət əşyalarını nəzərdə tutur və onun zinət yerlərinə aid edilməsinin heç bir dəlili yoxdur.
     Ona görə də İslam hicabını xüsusi bir geyim forması kimi təqdim etmək düzgün olmazdı. Ayəyə əsasən, əlləri və üzü örtmək şəriətdə vacib deyil. Əlbəttə qadının ayaqlarının örtülməsi dəlillər əsasında təhqiq olunmalıdır. Ayənin zahiri mənasında ayaqların örtülməsinin qeyri-vacib olduğu görünür. Onu da qeyd edək ki, Qurani-Kərimdə hicabın hüdudlarını bildirən yeganə ayə elə budur.
     Tarixi mənbələrədən məlum olur ki, o zaman ayaqların bağlanması adi qaydada deyildi. Boğaz və sinəni açıq qoyan qadınların ayaqlarını örtməsi qeryi-mümkün nəzərə çarpır. Ayədə ayaqların bağlanmasına dəlalət edən heç bir işərə yoxdur. Allah-Təala Quranda əhkam qaydalarını xüsusiyyət və incəlikləri ilə deyil, külli (ümumi) olaraq buyurub. Ona görə də ayaqların örtülməsi haqqında qəti hökmün olması da mümkündür.


2. “Əhzab” surəsi, 59-cu ayə


     Qadınların hicabına aid olan ayələrdən biri də “Əhzab” surəsinin 59-cu ayəsidir. Allah-Təalabu ayədə buyurur:
“Ey peyğəmbər! Zövcələrinə, qızlarına və möminə qadınlara de! Öz uzun geyimlərini özlərinə yaxın etsinlər, beləcə tanınsılar və əziyyətə məruz qalmasınlar. Allah bağışlayan və mehribandır (Quran, səh. 426).
Ayənin şəni-nüzulu:
     “Təfsiri-Qumi” əsərində ayənin şəni nüzulu haqqında yazılıb: Müsəlman qadınlar məscidə gedib, Peyğəmbərin (s) arxasında namaz qılırdılar. Axşam şam və işa namazı üçün gedəndə yolda olan əxlaqsız gənclər onları zarafat və rəva olmayan sözlərlərlə incidir və mane oldurdular. Beləcə bu ayə nazil oldu (Qumi, c.2, səh. 196).
     Diqqət olunası məqam budur ki, “Əl-Mizan” və “Nümunə” təfsirləri də deyilən mətləbi bu ayənin şəni-nüzulu haqqında qeyd edib (Təbatəbai, c.16, səh. 344 və Məkarim Şirazi, c.17, səh. 426).
     “Əsbab ən-nüzul” kitabında yazılır ki, mömin qadınlar gecələr öz işlər üçün evdən çölə çıxırdı. Münafiqlər yolda onlara mane olurdular. Beləcə, ayə nazlil oldu.
     Sədi deyir: Mədinənin evləri kiçik idi. Qadınlar axşamlar müəyyən məsələlər üçün çölə çıxmalı olurdular. Mədinənin fasiqlərindən bir qrupu qadınları məqnə bağlamış gördükdə, onları incimirdilər və azad qadın sayırdılar. Məqnəsiz gördüklərini kəniz sayıb o qadınları incidirdilər. Beləliklə ayə, möhtərəm və azad xanımların tanınması üçün nazil oldu (Əlirza Zəkavuti Qaragözlü, “Əsbab ən-nüzul”, 1-ci çap, Tehran, 1383, c.1, səh. 192).
     Buxari və Müslüm Aişədən nəql edirlər ki, hicabı vacib edən ayə nazil olduqdan sonra Sudə bir gün evdən çölə çıxdı. Sudə iri qamətli qadın odluğu üçün uzaqdan tanınırdı. Ömər ibn Xəttab onu yolda görüb dedi: “Ey Sudə! And olsun Allaha ki, bizə tanınırsan. Necə çölə çıxmağına diqqət et!”. Sudə, evə gəlib, olanları mənə danışdı. Peyğəmbər (s) də evdə idi. Peyğəmbərə (s) vəhy nazil oldu. Sonra peyğəmbər (s) buyurdu: “İşlərinizi həll etmək üçün evdən çölə çıxmağınıza icazə veirilib” (Məhəmməd ibn İsmail Buxari, Səhihül-Buxari, Darül-əhyail-turasil-ərəbi, əl-təbətül-ula, Beyrut, 1422, h. 2001 m. səh. 869; Kitabül-təfsir, Sureyi-Əhzab, “la tədxulu buyut.. -4795; Nişaburi, Müslüm ibn Hicac, “Səhihi-Müslim”). Suyuti öz təfisirində bu rəvayəti həmin ayənin təfisiri əsnaısında nəql edib (Suyutu, c.5, səh.221).
Ayənin təfsiri:
     Bu ayə peyğəmbərə (s) xitab olunub - qadınlarına, qızlarına və mömin xanımlara de ki, cilbablarını özlərinə yaxnınlaşdırıb özlərini möhtərəm və möminə qadın kimi tanıtdırsınlar, beləcə onlar əziyyətə məruz qalmasınlar.
     Bu ayə Quranda hicab haqqında nazil olan ayələrdən biridir. Orada müsələman qadınlarının geyimi barədə söz açılır. Termin bəhsində qeyd olunduğu kimi, burada cilbabın mənası geniş köynək, məqnə, böyük örpək, yaxud da adamı başdan-ayağa bürüyən çarşab mənsındadır. Belə məlum olur ki, ayədə cibab kəlməsi örpək, və ya məqnə mənasında deyil. Çünki bundan öncə naziı olmuş “Nur” surəsinin 31-ci ayəsində “ximar” kəlməsindən istifadə olunaraq örpək və ya məqnədən söz açılıb və onun hökmü deyilib. Eyni zamanda cilbab, çarşab demək deyil. Cünki “Nur” surəsinin 31-ci ayəsindən məlum olur ki, çarşab o zamankı geyim vasitələrindən olmayıb. Bəlkə də cilbab, geniş - böyük geyim mənasına yaxındır və bu gün o, manto şəkilinə salınıb. Bu ayədə cilbabın bədənə yaxınlaşdırılmasına göstəriş verilib. Ayədə “yudnin” (yəni yaxınlaşdırmaq) ifadəsini iki şəkildə izah etmək olar:
1. O zamankı paltarlar dövrümüzdə olan (müəyyən və geyiləcək) şəkildə deyildi. Paltarlar (anladığımız formada deyil,) açıq şəkildə tikilirdi. Yol gedərkən onun bəzi yerləri açılır və bədən görünürdü. Ayədən məqsəd, qadınların paltarı yığıb bədənə yaxınlaşdırmasıdır.
2. Diqqət olunmalıdır ki, “yaxınlaşdırmaq” ifadəsi, yəni darlaşdırmamaq ifadəsinə diqqət olunsa onun geniş (bir qədər enli) tutmaq mənası anlaşılacaq. Dolayısıyla ayədə, cilbabın mənasından belə anlamaq olar ki, onun dar olması digər problemlərlə nəticələnə bilər.
     Ayənin davamında hökmün səbəbi açıqlanıb. Bu onun üçündür ki, siz iffətli qadın kimi seçiləsiniz, beləcə hərzə danışanlardan baş verə biləcək əziyyətə məruz qalmayasınız.
     Ayədə olan “yurəfnə” ifadəsi tanınmağın mühüm məsələ olduğu kimi anlaşırılır. Belə məlum olur ki, ilsami hicaba minimum riayət etmək hər yerdə qənaətbəxş olmur. Hamının islami hicaba riayət etdiyi bir yerdə iffətli, möminə qadınlar lazım olan şəkildən daha artıq hicaba riayət etməklə tanınmalıdır. Kamil səviyyədə hicaba riayət hamının hicabdan istifadə etdiyi bir mühitdə möminə qadınlar xüsusi bir geyim tərzi ilə seçilsinlər. Beləcə, möminə simasında görünəcək, başqa qadınardan fərqlənəcəklər, hərzə danışanlar da onları incitməyə çürət etməyəcəklər.
     Ayədə digər diqqət olunası nüans “la yuzinə” (əziyyət olunmasınlar) ifadəsidir. Allah-Təala əziyyətə məruz qalmasınlar deyə, qadınları İslam hicabına riayət etməyə əmr edir. Çünki qadın və kişini yaradan Allah, onların ehtiraslarından xəbərdardır. Bilir ki, qadın islami geyimə riayət etmədən cəmiyyət arasına çıxsa, (az-çox hər bir cəmiyyətdə) qəlbində xəstəlik olan şəxslər tərəfindən hücum və əziyyətə məruz qala bilər. Ona görə də Allah-Təala onun, ümumiyyətlə hər bir cəmiyyətdə asayişini təmin etmək üçün İslam hicabını vacib etmişdir.

 

Nəticə

 

    Bütün sadalananlara əsasən, qadının xüsusi görkəmdə geyimi İslam dininin vacibi əməllərindəndir. Quranda “Nur” surəsinin 31-ci, “Əhzab” surəsin 59-cu ayəsində qadınların geyimindən söz açılıb. Öncəki ayədə qadın geyiminin necəliyi kamil şəkildə açıqlanıb. Bu iki ayəyə əsasən, qadın üz və əllərindən başqa bütün bədənini örtməlidir. Əlbəttə, ayaqların örtülməsinin vacibliyi aydınlaşdırılmayıb. Diqqət olunmalıdır ki, qadın üçün Quran və rəvayətlərdə xüsusi bir geyim formasına işarə olunmayıb. Dar olmamaq şərtilə qadın bədəninin hər hansı paltarla örtülməsi kifayətdir. Quran mömin qadınların tanınması barəsində olan nüansı vurğulayır. Onlar cəmiyyətdəki günahdan çəkinməyən şəxslərdən seçilməli və hörmət qazanmalıdırlar.

 

İstifadə olunmuş ədəbiyyat:

1.Qurani-kərim.
2.Quran. Tərcümə heyəti. (Məhəmməd Əli İsfahani və başqaları). Darüz-zikr.
3.Cəlaləddin Suyuti. Əd-Durrul-mənsur. Ayətullah Mərəşi Nəcəfinin kitabxansı, Qum, 1404.
4.Əlirza Zəkavəti Qaragözlü. Əsbab ən-nüzul. Ney. Tehran 1383 ş.
5.Fəzl ibn Həsən Təbərsi. Məcməül-bəyan fi təfsiril-Quran. Nasir Xosrov, Üçüncü çap, Tehran, 1372 ş.
6.Seyid Məhəmməd Hüseyn Fəzlullah. “Min vəhyil-Quran". Darül-mulk, İkinci çap, Beyrut, 1419.
7.Seyid Məhəmməd HüseynTəbatəbai. Əl-Mizan. Cəmaətül-müdərrisin, Qum.
8.Kuleyni. Əl-Kafi. Səkkiz cilddə. Darül-kutubil-islamiyyə, Üçüncü çap, Tehran, 1367 ş.
9.Məluf Luis. Əl-Müncid, Bəndərriginin tərcüməsi. Dördüncü çap, Tehran, 1382 ş.
10.Məhmud Zəməxşəri. Təfsirül-Kəşşaf. Darül-kitabil-ərəbi, Üçüncü çap, Beyrut, 1407.
11.Məhəmməd ibn İsmail Buxari. “Səhihül-Buxari”. Daru ehyailt-turasil-ərəbi. Birinci çap, Beyrut, 1422/2001.
12.Məhəmməd ibn Həsən Tusi. Ət-Tibyan fi təfsiril-Quran. Əhməd Qəsir Amilinin təhqiqi. Beyrut.
13.Murtəza Mütəhhəri. Məsəleyi-hicab. Sədra. Əlli birinci çap, Tehran, 1387 ş.
14.Müslim ibn Həccac Nişaburi. Səhih-Müslim. Daru sadir, Dördüncü çap, Beyrut.
15.Nasir Məkarim Şirazi. Təfsiri-nümunə. İyirmi yeddi cilddə. Darül-kutubil-islamiyyə, Birinci çap, Tehran, 1374ş.
16.Xəlil İbrahim Qumi. Təfsiri-Qumi. Cəzayirinin təhqiqi. Darül-kütub, Dördüncü çap, Qum, 1367.

Zəhra Hüseynzadə/Haqq yolu

Add comment


Security code
Refresh