×

Warning

JUser: :_load: Unable to load user with ID: 92

      Namaz insanı pis işlərdən çəkindirir
     Allah-Taala Qurani-kərimin Ənkəbut surəsinin 46-cı ayəsində belə buyurur: “Həqiqətən namaz (insanı) pis işlərdən çəkindirir”.
     Allah-Taala Quranda da qeyd etdiyi kimi, namazın məqsədlərindən biri insanı pis işlərdən çəkindirməkdir. Çünki insan namaz qılsa, haramlardan çəkinməyi özünə ikiqat vacib bilər. Belə ki, namaz qılan insanı bir günaha dəvət etsələr, qəbul etməz və deyər “mən namaz qılıram”. Və bu da öz növbəsində onu günah odundan qoruyar. Əlbəttə, namaz qılan deyəndə məqsədimiz əsl namaz qılanlardır.
Lakin insan namaz qılsa və bununla bərabər gözünü, qulağını, dilini, əlini və ayağını günah etməkdən saxlamasa, bu zaman qıldığı namazın ona, yalnız gündə bir neçə dəfə əyilib-qalxmaqdan, bir növ idman etməkdən başqa faydası olmaz.
Yuxarıda da qeyd etdiyimiz kimi, insan namaz qılsa, amma bədən üzvlərini günahlardan saxlamasa, məsələn gözünü naməhrəmə və nalayiq şeylərə baxmaqdan, qulağını kiminsə qeybətini və ya digər nalayiq sözlər eşitməkdən qorumasa, dilini kimisə masqara etməkdən, kiminsə qeybətini etməkdən və pis, nalayiq sözlər danışmaqdan saxlamasa, əlini kiməsə zərər yetirməkdən, oğurluq etməkdən, alış-verişdə, tərəzidə aldatmaqdan, ayağını Allah-Taalanın istəmədiyi haram məkanlara getməkdən saxlamasa, onun qıldığı namazın faydası olmaz. Allah-Taala namazı günahlardan çəkindirən amil kimi dəyərləndirib, amma belə insanın namazında bu məna öz əksini tapmır,yəni həm namaz qılır və həm də yuxarıda qeyd etdiyimiz günah işləri edir. Bunu da qeyd edək ki, əgər insan namaz qılsa və qıldığı namaz onun təkəbbürünə səbəb olsa, yəni namaz qıldığına görə özünü camaatdan üstün hesab etsə, bu zaman da namazının ona faydası olmaz, çünki namaz insanın təkəbbürünü sındırmaq üçündür, təkəbbürü oyatmaq üçün yox. İnsan namaz qılsa və bu namazı ilə riyakarlıq etsə, yəni kiməsə görə namaz qılsa, kimisə görəndə məscidə gedib namaz qılsa, bu zaman da namazın ona faydası olmaz, çünki Allah-Taala yalnız Onun üçün edilmiş əməllərin savabını, qarşılığını verir, başqası üçün edilən əməlin yox. Necə deyərlər, işi kimin üçün görübsənsə, haqqını da ondan alarsan.

     Namaz Allah-Taalaya şükür etməkdir
     Bildiyimiz kimi. bütün insanların fitrətində Şükür hissi var, yəni əgər bir insana hansısa yaxşılıq edilsə, yaxud ona bir hədiyyə verilsə, bu zaman insan o yaxşılığın qarşılığını öz minnətdarlığı və təşəkkürü ilə verər. Bu hiss hətta uşaqlarda da var. Məsələn balaca bir uşağa hansısa bir şeyi hədiyyə versən, qarşılığında sağ ol deyər. Təşəkkür yalnız insanlara məxsus deyil. Başqa bir varlıq da var ki, bizə elə bir şeylər hədiyyə edir ki, insan əgər onu saymaq istəsə, bacarmaz. Bu varlıq Allah-Taaladır. Bu hədiyyələrin nədən ibarət olduğunu bilmək üçün isə insan gərək əvvəl öz vücudundan başlaya, baxa görə ki, Allah-Taala ona necə böyük hədiyyələr bağışlayıb. Onlar saymaqla qurtarmaz. Allah-Taala insana ən əsası sağlam bədən və onun üzvlərini - baş, boyun, göz, əl-ayaq və bədənin digər orqanlarını bəxş edib. İnsan bu üzvləri kimdənsə, ya haradansa alıb başqa bir insana köçürmək istəsə, bu zaman əvvəla bu üzvləri almaq üçün külli miqdarda pul lazım olar və əgər alınıb sağlam olmayan insana əlavə edilsə, bu insanın sağlamlığı normal bir insanın sağlamlığı kimi olmaz. Biz insanlar diqqət etsək görərik ki, Allah-Taala bu qədər nemətləri bizə bəxş edəndə, qarşılığında heç bir qəpik də istəmədi və özü də tam sağlam bir surətdə yaratdı. Allah-Taala insana bu nemətlərindən əlavə, başqa nemətlər də verib və onu biz bir cümlə ilə deyirik: "Bütün gördüyümüz varlıqlar, Günəşdən tutmuş xırda məxluqata qədər hamısını insanlar üçün yaradıb".
İndi gəlin burada öz vicdanımızın səsinə qulaq asaq. Az bir hədiyyənin qarşılığını sağ ol deməklə veririk, amma bu böyüklükdə nemətlərin təşəkkürünü etməyə tənbəllik edirik. Bu nemətlərin təşəkkürü və sağ olunu insan namaz qılmaqla deyir, çünki insan bir gündə 5 dəfə namaz qılır və hər namaza başlayanda “Bismillahir-Rəhmanir-Rəhim”dən sonra “Əlhəmdu lillahi Rəbbil-aləmin” deyir, yəni Şükür olsun aləmlərin Rəbbinə. Namaz qılan bu sözü bir gündə 20 dəfə təkrar edir və bu yolla Allahın verdiyi nemətlərin şükrünü yerinə yetirir.
     Nəticə:
     Yuxarıda qeyd etdiyimiz mətləblərdən belə başa düşürük ki, namazın da hansısa məqsədləri var və boşa yerə vacib edilməyib.

Kamran Məmmədov

Add comment


Security code
Refresh