Ustad Cavad Mühəddisinin 40 qüdsi hədisə qısa izahları.
1. Xilqətin sirri
Allah-taala buyurur:
-"Mənim bəndəm! Bütün şeyləri sənə görə yaratdım və səni Özümə görə yaratdım. Dünyanı ehsan üzündən və axirəti imana görə sənə bağışladım".
"Əl-Cəvahir əs-səniyyəh", səh. 284.
***
Öz vücudunun dəyərini bilən və kainatda öz məqamını tanıyan şəxs, nə ömrünü qəflətdə keçirər, nə də günaha təslim olar.
İnsan yaranmışların ən şərəflisidir. Allah bütün kainatı ona ram etmiş və dünyanı onun üçün yaratmışdır. Buludu, küləyi, ayı, günəşi və fələkləri işə salmışdır ki, insan mərifət və iman əldə etsin, varlıq fəlsəfəsindən qafil olmasın və Allaha çatsın.
Bütün aləm insan üçündür, insan isə Allah üçün!
Bundan üstün hansı məqam ola bilər? Allahın əta etdiklərinin hamısı Onun fəzl və ehsanındandır. Nəinki bəşərin ləyaqətindən. Belə ki, dünyada iman sərmayəsilə axirətin səadətini əldə etsin. Buradan o əbədi ev üçün azuqə götürsün.

2. Sirli qəlb
Allah-taala buyurur:
-"İxlas mənim sirlərimdən bir sirdir. Onu sevdiyim bəndələrin qəlbinə əmanət qoyuram".
"Əl-Muhəccət əl-bəyza", c. 8, səh. 125.
***
Əməllərin dəyər meyarı "niyyət" və "şövq"dür.
İbadət, ehsan, infaq və cihad edən şəxs, Allahın razılığına görə deyil, bəndələrin görüb onu tərifləməsinə görə bu əməlləri etsə, öz işini dəyərsiz bir qiymətə satmışdır.
"İxlas" mərhələsinə çatmaq çətin bir işdir. Allaha məxsus olmaq, Allah üçün yaşamaq, Onun razılığı üçün dostluq və düşmənlik etmək, qəlbi riyadan paklamaq, ibadəti yalnız Allah üçün etmək, özünüislah və nəfsi paklamanın uca məqamlarındandır.
İxlaslı əməli Əlidən (ə) öyrən...
Əməllər qiymətləndirilən zaman, qəbul qiyməti o şəxsə çatacaq ki, əməlində ixlas rəngi olsun.
Əməl və mükafat bazarında riya ilə olan işlərin heç bir qiyməti yoxdur və əcr və mükafat verilməyəcək.
Buna görə də, ixlas nəfis bir cəvahirdir və Allahın xüsusi bəndələrinin qəlbində əmanət qoyulur.

3. Allahı zikr etmək
Allah-taala Davud (ə) peyğəmbərə buyurdu:
-"Məni öz xoş günlərində xatırla ki, Mən də sənə çətin günlərində cavab verim".
"Bihar əl-ənvar", c. 14, səh. 37.
***
Çətinlik, narahatlıq və xəstəliklər zamanı hamı Allahı yad edir.
Bədbəxt hadisələr zamanı hamı bir nicat nurunun ardıncadırlar və Allaha tərəf əl açır və Ondan işlərinə fərəc və düyünlərin açılmasını istəyirlər.
Yalnız əlacsızlıq və çətinlik günlərində Allahı yad edən və Onun sorağına gedən şəxs mərifət sahibi deyil. Məsələn, dənizin dalğası və təhlükə zamanı Allahı çağırsın, amma, ayağı quruya çatan və təhlükə sovuşan kimi, yenə də Allahdan qafil olsun və Onun əmrlərinə itaət etməsin. Bəndəliyin şərti budurmu?
O həmişə bizim intizarımızdadır. Elə ki, möminin qəlbi Onu yad etdi, hacət əli Allaha doğru ucaldı, Öz bəndəsinin ibadət və itaəti ilə mələklər qarşısında fəxr edir.
Biz onun dəvətinə "oldu" deyirikmi?

4. Ehtiyac miqdarında azuqə və itaət
Tövratda deyilmişdir:
-"Ey Adəm övladı! Mənə ehtiyacınız qədər Mənə itaət edin. Cəhənnəm oduna səbriniz qədər Mənə günah edin. Dünya üçün orada qalacağınız müddət üçün çalışın. Axirət üçün orada qalacağınız müddət üçün azuqə toplayın".
"Əl-Cəvahir əs-səniyyəh", səh. 166.
***
Dünya və axirətdə bizim işimiz Allahladır.
O bizim mövlamızdır və biz Onun möhtac bəndələriyik. O nə qədər ehtiyacsızdırsa, biz də bir o qədər Ona möhtacıq.
Öz fəqirliyimizdən bir zərrə aşkar edək,
Necə ki, Allah varlıdır, biz ehtiyaclıyıq.
Onda, olduqca çox olan ehtiyacımız qədər Ona itaət edək və İlahi əzaba dözmə qüdrətimiz qədər günah edək. Yəni, heç bir dözümümüz olmadığı üçün, heç bir günah da etməyək.
Dünya keçid yeridir və daimi deyil. Axirət isə əbədi və daimi yerdir.
Ağıllı kimdir? O şəxs ki, "keçid"dən "qərargah" üçün azuqə götürür və fani və vəfasız dünyaya bel bağlamır. Bizim əsil evimizin axirət olduğu üçün, onun abadlığı üçün çalışmalıyıq. Öz dünyamızı axirətə çevirməliyik.
Axirət bir-iki gün ya bir-iki il deyil. Əksinə, həmişəlikdir.
Həm cəhənnəm əhli odda əbədi qalacaqlar, həm də cənnət əhli ali cənnətdə daimi qalacaqlar. Onda, elə iş görmək lazımdır ki, əbədi səadət və cənnəti qazanaq. Bu, dünyadan axirətə azuqə götürməkdir.

5. Allahı sevməyin yolu
Allah Davuda (ə) buyurdu:
-"Məni sev və Məni Öz məxluqlarımın yanında da sevimli et!"
Həzrət Davud (ə) buyurdu: -"İlahi! Oldu. Mən Səni sevirəm. Amma, Səni yaratdıqlarının yanında necə sevimli edim?"
Buyurdu: -"Onların yanında mənim nemətlərimi say. Həqiqətən sən Mənim nemətlərimi onlara saysan, onlar mütləq Məni sevəcəklər".
"Bihar əl-ənvar", c. 14, səh. 38.
***
Ehsan və yaxşılıq cazibə və məhəbbətin amilidir.
Kim bizə yaxşılıq etsə, onu sevirik. Ehsan nə qədər çox olsa, məhəbbət də daha çox olur.
Nə edək ki, qəlblərdə İlahi məhəbbət vücuda gəlsin, yaxud, əgər varsa artsın və davamlı olsun?
Onun yolu İlahi nemətləri xatırlamaqdır. Allah Quranda Öz nemətlərini bəşər üçün saymışdır. Habelə, tövsiyə etmişdir ki, İlahi nemətləri yad edin.
وَأَمَّا بِنِعْمَةِ رَبِّكَ فَحَدِّثْ
"Və (həmişə) Rəbbinin sənə olan nemətindən söhbət aç!" ("Zuha" surəsi, 11-ci ayə)
İlahi nemətlərə diqqət Onun dərgahına şükr etməyə zəmin yaradır.
Biz İlahi nemətlərdə qərq olmuşuq. Zahiri və batini, maddi və mənəvi, kiçik və böyük, hiss olunan və hiss olunmayan nemətlər. Bizim varlığımız Allahın nemətidir. Bizim vücudumuzda qoyulmuş sərmayə və qüvvələr Onun lütflərindəndir.
Onun nemətlərini özümüz və başqaları üçün yad edək ki, bizim qəlblərimizdə İlahi məhəbbət yaransın. Əgər ibadət də ediriksə, aşiqcəsinə və məhəbbət üzündən olan ibadət olsun.

6. Allahla dostluq və həmnişinlik
Ey Davud!
-"Yer əhlinə çatdır! Mən o şəxsi sevirəm ki, məni sevir. O şəxslə oluram ki, mənimlədir. Mənim zikrimlə ünsiyyətdə olanın munisiyəm. Mənimlə söhbət edənlə söhbət edirəm. Məni seçəni seçirəm. Mənə itaət edənə itaət edirəm".
"Əl-Məcalis əs-səniyyə", səh. 77.
***
Bizim Allahla əlaqəmiz necə olsa, O da bizimlə elə olacaq.
Allahla qarşılıqlı dostluq böyük bir hədiyyədir. O şəxs Allahın sevimlisidir ki, Allahı da sevsin. Allahın ünsiyyəti, qonşuluğu və birliyindən o şəxs faydalanacaq ki, Allahın munisi olsun, yaxşılıq və yaxşıların həmdəmi olsun və həmişə qəlbi və dili ilə Allahı zikr etsin.
Kim Allahın seçilmişi olur?
O şəxs ki, Allahı seçsin və əsil seçimi Allah və Onun razılığı olsun.
Allah kimin duasını qəbul edir?
Bütün ömrü boyu Allahın əmrlərinə qulaq asan, Ona bəndəliyi özünə iftixar sayan və üsyankarlıq barədə şeytanın vəsvəsələrinə qulaq asmayan şəxsin.
Kim bu dünyada allahtanıyan olsa, Allah da axirətdə onu tanıyacaq və Öz lütfünə şamil edəcəkdir. Kim bu dünyada Allahı tanımasa və onunla küsülü olsa, qiyamətdə də İlahi rəhmət və inayətdən məhrum olacaqdır. Kim "Allahın əmri"nə itaət etsə, Allah da "bəndənin duasına" cavab verən olacaqdır.

7. Mələk xislətli cavan
Allah-taala buyurur:
-"Mənim təqdirimə iman edən, Mənim yazdığıma razı olan, Mənim verdiyim ruziyə qane olan və Mənə görə öz şəhvət və istəklərini tərk edən cavan Mənim yanımda bəzi mələklərim kimidir".
"Kənz əl-ummal", c. 15, səh. 786.
***
Cavanlıqda pak olmaq peyğəmbərlər yoludur
Yoxsa, hər dinsiz qocaldıqda pəhrizkar olur.
Allah cənnəti itaət və bəndəlik qarşılığında verir. Allahın həqiqi bəndəsi o şəxsdir ki, Allahın istəyini öz ürəyinin təmənnasından üstün tutur, Allahın müqəddəratı qarşısında razı olur, səmavi məktəb qarşısında müti və təslim olur, hərislik, tamah və acgözlükdən uzaq olur, qənaət sərmayəsinə sahib olur, "Allah"a görə "öz" istəklərindən keçir və Axirətin əbədi ləzzətini dünyanın ani şəhvətilə dəyişmir.
Mələklər pak, məsum və fərmana itaətkardırlar.
İtaətkar insanlar da mələk xislətli, hətta, mələkdən də üstündürlər.
İnsanın mənəvi inkişafı üçün yol nə bağlıdır nə də məhdud. Sədi Şirazi demişkən: "Gör insanın uçuşu nə həddədir".
Xoş olsun pak, imanlı və iffətli cavanların halına ki, onları Allah sevir.

8. Mömini ziyarət, Allahı ziyarət
İmam Sadiqin (ə) belə buyurduğu rəvayət olunub:
-"Kim Allah xətrinə öz din qardaşını ziyarət etsə, Allah buyurar: -"Məni ziyarət etdin. Sənin mükafatın Mənim öhdəmədir. Mən sənin üçün cənnətdən az mükafata razı olmaram".
"Əl-Cəvahir əs-səniyyəh", səh. 264.
***
Dini mədəniyyətdə "mömini ziyarət" bir sünnədir. Din qardaşlarını ziyarət müstəhəb sayılır və İlahi razılağa səbəb olur.
Müsəlmanı sevmək bir dəyərdir. Sevgi və rəğbəti bildirmək bir başqa dəyərdir. Onun görşü və ziyarətinə getmək isə bu qəlbi sevginin göstəricisidir.
Vəhdətdə olan qəlblər İlahi rəhmətin nazil olma yeridir.
Ülfət və birliyi qıran hər bir şey bəyənilməzdir. Məhəbbət, səmimiyyət və bağlılığı artıran hər bir şey xoşa gələn və bəyəniləndir.
Allah Öz mömin bəndəsini elə sevir ki, onu ziyarət etməyi Allahı ziyarət etmək kimi sayır. Bu sünnəni yerinə yetirməyə savab da verir. Bu savab, "cənnət"in özüdür.
"Qovuşdurucu" ola biləcəyimiz halda, nə üçün "qırıcı" olaq?
Dini əlaqələri gücləndirmək və İslami qardaşlığı möhkəmləndirməklə Allahın razılığını əldə etmək olursa, nə üçün ixtilaf və ayrılığın ardınca olaq?

9. Rəhmət kölgənəcəyi
Allah-taala buyurur:
-"Mənə itaət edənlər Mənim ziyafətimdədirlər. Mənə şükr edənlər Mənim ziyarətimdədirlər. Məni zikr edənlər Mənim nemətimdədirlər. Mənə günah edənləri Öz rəhmətimdən naümid etmirəm. Əgər tövbə etsələr, Mən onların sevimlisiyəm. Əgər xəstələnsələr, Mən onların təbibiyəm. Onları çətinlik və müsibətlərlə müalicə edərəm ki, onları günah və eyblərdən paklayım".
"Əl-Cəvahir əs-səniyyəh", səh. 286.
***
Allahın dərgahı ümumi rəhmət və sonsuz razılığın mərkəzidir.
Hər kəs bir yolla bu kandara baş vurur və Allahın lütflərindən bəhrələnir. Şükr edən nemətin artmasına ümid edir. Xəstə Allahın şəfasına göz dikir. Fəqir Allahın kərəm və bəxşişinin intizarındadır. Günahkar bağışlanma ümidindədir. Yaxşı əməllər sahibi Allahın Axirətdə verəcəyi mükafata ümidvardır.
Yer üzü Onun ümumi süfrəsidir
Bu rəhmət süfrəsində nə düşmən var nə dost.
Bəzən də, ağrı və bəlalar möminin ruhunu paklamaq və hadisə və əziyyətlər kürəsində onun xalisləşməsi üçündür.
Azad bəndələr Onun nemətinə şükr edir və Onun bəlalarına səbr edirlər. Heç vaxt şikayət üçün ağız açmırlar. Dost tərəfindən gələn hər bir şeyi yaxşı sayırlar.
Bu bəndənin kamilliyi, ixlası, razılıq və təslim olmasının son zirvəsidir.
İnsan bu ruhiyyə ilə hər bir halda olur-olsun, özünü Allahın feyz və rəhmətinin sayəsində görür və Ondan razı olur.

10. Müjdə və xəbərdarlıq
Allah-taala Həzrət Davuda (ə) buyurdu:
-"Ey Davud! Günahkarlara müjdə ver və siddiqləri qorxut!"
Soruşdu: -"Günahkarlara necə müjdə verim və siddiqləri necə qorxudum?"
Buyurdu: -"Ey Davud! Günahkarlara müjdə ver ki, Mən tövbələri qəbul edirəm və günahları əfv edirəm. Siddiqləri də qorxut ki, öz əməllərilə məğrur olmasınlar. Çünki, Allah hansı bəndəni hesaba çəksə, o bəndə həlak olar".
"Usul əl-kafi", c. 2, səh. 314.
***
Əgər Allah bəndələrilə ədalətlə rəftar etsə, kim onun əzabından qurtula bilər?
Və əgər fəzl və rəhmətilə rəftar etsə, bir çoxlarını Öz alicənablıq və mehribanlığına şamil edəcəkdir.
Belə olan halda, nə günahkarlar məyus olmalıdırlar, nə də yaxşı əməl sahibləri qürurlanmalıdrlar. Həm İlahi rəhmətdən məyusluq bir bəladır, həm də Allahın lütf və bağışlamasına məğrur olmaq.
Allah-taala bəndələrinin üzünə tövbə adlı bir qapı açmışdır ki, özlərini çıxılmaz vəziyyətdə hiss etməsinlər və əməl namələrini möhürlənmiş görməsinlər. Bundan üstün hansı lütf ola bilər ki, bağışlayan Allah günahkar bəndələrinə də bir daha möhlət verir ki, günahkar bəndə öz əməl naməsinə yenidən baxsın və tövbə və yalvarışla xəta və günahlarının yerini doldursun.
Əməli saleh olan və sədaqətli şəxslər də ücbə (özünü bəyənmə hissinə) mübtəla olmamalı və özlərini Allah dərgəhına yaxın saymamalıdırlar. Əgər Allah ədalətlə rəftar etsə və bəndələrini dəqiq hesaba çəksə, kim imtahandan üzü ağ çıxa bilər?

Mənbə: "Hekməthaye-qodsi".
Müəllif: Cavad Mühəddisi
Çevirən: M. Əhmədov

Add comment


Security code
Refresh