"Sui-zənn" (şübhə, pis fikir, bədgümanlıq) və qısqanclıq nədir?

 

"Sui-zənn" və qısqanclıq, başqalarına qarşı həddən artıq inamsız və haqqında pis fikirli olmaq, rəftarını, sözünü və həmçinin, hadisələri onlar haqqında dəqiq məlumat əldə etmədən bədgüman, pis düşüncə və düz olmayan xəyallarla izah edib bu şübhə və gümanı həqiqət kimi qələmə verməkdir.

Bədgümanlıq o vaxt günahdır ki, insan öz  zehnində olan pis fikri, şübhələri dilə gətirə və bununla da qarşı tərəfi narahat edə.

Başqalarına qarşı bədgüman olmaq və onlar haqqında pis fikrə düşmək Allah-Taala tərəfindən qadağan olunmuşdur.

Allah-Taala Qurani-Kərimdə buyurur:

«يا أَيُّهَا الَّذينَ آمَنُوا اجْتَنِبُوا كَثيراً مِنَ الظَّنِّ إِنَّ بَعْضَ الظَّنِّ إِثْمٌ وَ لا تَجَسَّسُوا وَ لا يَغْتَبْ بَعْضُكُمْ بَعْضاً أَيُحِبُّ أَحَدُكُمْ أَنْ يَأْكُلَ لَحْمَ أَخيهِ مَيْتاً فَكَرِهْتُمُوهُ وَ اتَّقُوا اللَّهَ إِنَّ اللَّهَ تَوَّابٌ رَحيمٌ»

"Ey iman gətirənlər! Çox zənnə-gümana qapılmaqdan çəkinin. Şübhəsiz ki, zənnin bəzisi (heç bir əsası olmayan zənn) günahdır. (Bir-birinizin eyibini, sirrini) arayıb axtarmayın, bir-birinizin qeybətini qırmayın! Sizdən biriniz ölmüş qardaşının ətini yeməyə razı olarmı?! Bu sizdə ikrah hissi oyadar (qeybət də belədir). Allahdan qorxun. Həqiqətən, Allah tövbələri qəbul edəndir, rəhmlidir!"[1]

Əgər bədgümanlıq, sui-zənn və qısqanclıq bir ailə arasında olarsa bu daha da pisdir. Məsələn, qaynana oğlunun evinə qonaq gəlir və təsadüfən gəlinin bişirdiyi yemək duzlu düşür. Qaynana bu işdə gəlini günahlandırır və deyir ki, gəlin qəsdən yeməyi duzlu bişirmişdir. Yaxud da bu sözləri ər öz arvadına deyə ki, sən mənim anamı narahat etmək üçün yeməyi duzlu etmisən.

Əgər sizdə də bu əxlaq varsa, çalışın ki, başqalarına sevgi, sayğı və hörmət göstərməklə bu əxlaqı özünüzdən uzaqlaşdırasınız. Çünki Əli (ə) buyurub:

«الرَّجُلُ السُّوءُ لَا يَظُنُّ بِأَحَدٍ خَيْراً لِأَنَّهُ لَا يَرَاهُ إِلَّا بِوَصْفِ نَفْسِه‏»

“Pis adam hamıya bədgümandır, çünki o, hamını öz sifətində görür.”[2]

Çalışın ictimaiyyətdə, ailədə, xüsusilə də ər-arvadlıqda hüsnüzənniniz (xoşbinliyiniz) olsun, yəni hamıya, bütün işlərə xoş gözlə baxın və pis fikirlərə düşməyin. Bir şey barədə dəqiq məlumat əldə etmədən fikir yürütməyin, xüsusilə də fikrinizi dilinizə gətirib danışmayın.

Əlbəttə, öz şübhə və qısqanclıqlarını kontrol etmək qadınlar üçün bir az çətin məsələdir. Buna görə də gərək kişilər öz işləri, gedib-gəldikləri yerlər haqqında mümkün qədər xanımlarına məlumat verməklə şübhələrini azaltmaqda onlara köməkçi olsunlar.

Qadınlar da gərək qısqanc və şər qadınlarla oturub-durmasınlar ki, ailə həyatlarına onlardan zərbə dəyməsin.

Çünki belə qadınlar kişilərin vəfasızlığı haqqında müxtəlif yalanlar uyduraraq təzə və cavan gəlinin ürəyini yerindən oynadır və onu əri barəsində şübhəyə salırlar. Buna görə də kişi diqqətli olmalı, arvadının belə qadınlarla əlaqəsini kəsməlidir.

Əli (ə) buyurub:

«مُجَالَسَةُ الْأَشْرَارِ تُورِثُ سُوء الظَّنِّ بِالْأَخْيَارِ...»

“Pis və şər adamlarla həmsöhbət olmaq, oturub-durmaq insanın yaxşılara qarşı bədbinlik və bədgümanlığına səbəb olacaqdır”.[3]

Ruhumuzu Allah-Taalanın zikri, iman və təqva ilə gücləndirməli, ağıl və fikrimizi hikmət, ilahi mərifət ilə doydurmalıyıq ki, pislər, pis fikirlər bizim ağıl və ruhumuza sahib çıxmasınlar.



[1] . "Hücürat" surəsi, ayə:12.

[2] . "Təsnifu ğürəril hikəm", Əbdül Vahid Təmimi Amudi, səh: 263, hədis: 5667.

[3] . "Sifatuş-şiə", Şeyx Səduq, səh. 6, hədis:9; "Üyunu əxbarur-Rza (ə)", Şeyx Səduq, 2/53, hədis:204.

 

Seyid Əliəkbər Hüseyni

Mütərcim: Mirməhəmməd Bəşirov 

Add comment


Security code
Refresh